Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 16:11:00
Qrant müsabiqəsi üzrə qalib olmuş layihənin hesabat tədbiri keçirilib

Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə qalib olmuş layihənin hesabat tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, iyunun 7-də “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qalibləri sırasında yer alan “Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsinin hesabat tədbiri keçirilib.

 

Görüşdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərinin icraçısı, baş məsləhətçi Vüsalə Əliyeva, mütəxəssisləri Rəbiyyə Museyibzadə, Ruziyyə Məmmədzadə, MDU-nun rektoru Şahin Bayramov, eləcə də MDU-nun layihə üzrə işçi heyəti, Türkiyə Respublikasının professorları iştirak etmişdir.

 

Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov Təhsil Nazirliyi tərəfindən keçirilmiş qrant müsabiqəsinin universitetlərdə beynəlxalq akademik mobilliyin artırılması, elmi potensialın gücləndirilməsi və ali təhsilin məzmununun yenilənməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. MDU-da kiber təhlükəsizliklə bağlı fənlər üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqinə hədəflənən layihənin qaliblərdən biri olmasından məmnunluğunu ifadə edən rektor layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

Sonra, layihənin rəhbəri, MDU-nun qonaq professoru Ercan Nurcan Yılmaz layihənin əhəmiyyəti, başlıca hədəfləri, görülmüş işlər, nailiyyətlər və gözlənilən nəticələr barədə təqdimatla çıxış etdi. Məlumat üçün bildirək ki, layihə cari tədris ilindən MDU-da fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Ercan Nurcan Yılmazın birbaşa rəhbərliyi ilə icra olunmaqdadır. Layihə çərçivəsində 4 müvafiq fənn üzrə hazırlanan proqram və sillabuslar, keçirilən təlimlər, tədris və tədqiqat prosesi üçün yaradılan müvafiq platforma, server və qovşaqlar, tədris vəsaitlərinin və maarifləndirici təbliğat kitabçalarının hazırlanması və digər görülən işlər qeyd edildi.

 

Qeyd edək ki, sözügedən layihənin icra müddətinin 2022-ci ilin iyun ayına qədər yekunlaşması nəzərdə tutulub. Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.