Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-07 13:02:00
"Özəl məktəblərdəki qiymətlər baha deyil"-Direktordan ETİRAZ

 

“Dayə və xidmətçilərə aylıq 500-600 manat pul ödənildiyi halda, bu, niyə də özəl məktəblərə verilməsin?”.

 

Bəzi valideynlər övladlarının keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üstünlük verir.

 

Ancaq bir çox hallarda bu təhsil müəssisələrinin ödəniş məbləği ilə bağlı məsələlər də müəyyən narazılıqlara səbəb olur, hətta qiymətlər “fantastik” adlandırılır.

 

Digər təhsil müəssisələrindəki problem və çatışmazlıqlardan uzaqlaşmaq, daha yaxşı təhsil üçün özəl məktəbləri seçmək istəyən, amma bu zaman da qiymətlərin yüksək olması kimi bir problem yaşayan valideynlər, hətta təhsil ictimaiyyətinin bir sıra nümayəndələri də mövcud vəziyyətə öz narazılıqlarını bildirirlər.

 

Hədəf şirkətlər qrupunun baş direktoru Şamil Sadiq mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bunun səbəblərini aydınlaşdırıb:

   

“Özəl təhsil müəssisələri dünya səviyyəsində azlıq təşkil edir. O, ümumi təhsilin 0.06 faizini əhatə etməkdədir. Ölkədə bir-birindən müxtəlif qitymətlər mövcuddur. Bu rəqəmlər 6 mindən başlayaraq, 30-40 min arasında dəyişir. Mənə elə gəlir ki, 10-12 minlik məbləğlərdə heç bir problem yoxdur. İnsanların müraciət etdiyi özəl təhsil müəssisələrində qiymət 6-12 mini əhatə edir. Onları fantastik adlandırmaq olmaz, sadəcə bu, bəzi valideynlərin büdcəsinə uyğun deyil. Məsələn, 1 ilə 7 minlik ödəniş tələb olunursa, bu, aya 700-750 manatlıq pul edir. Dayə və xidmətçilərə aylıq 500-600 məbləğində maaş ödənildiyi halda, bu, özəl məktəblərə niyə də verilməsin? Çünki buraya yemək, geyim və müxtəlif dərnəklər daxildir. Belə olan halda 700-750 manat ucuz qiymət deyil, sadəcə bəzi insanların büdcəsinə uyğun gəlmir. Lakin bunu fantastik qiymət adlandırmaq olmaz, fantastik rəqəm 20 və 30 min arasında dəyişir”.

 

Direktor problemin necə tənzimlənəcəyi ilə bağlı təkliflərini qeyd edib:

 

“Özəl məktəblərdəki fantastik qiymətlər tənzimlənməli, bu problem koordinasiya edilməlidir. Amma valideynlər komfortlu təhsil üçün bunu gözə almağa  məcburdurlar. Müəyyən dərəcədə dövlət dəstəyi göstərilməklə məsələ həll oluna bilər. Fərdi maliyələşməyə keçilsə, misal olaraq, dövlətin bir uşağa ayırdığı ödənişi valideynə verilsə, daha effektiv olar. Özəl məktəblər də müəyyən güzəştlər etməklə pulsuz təhsil vermək imkanı yarada bilərlər. Valideyn dövlətdən övladı üçün ayrılan pulun üzərinə bir az da əlavə edib özəl məktəbi seçə bilər, amma 10 min kimi məbləğə fantasitik demək yanlışdır”.

 

O, özəl məktəblərdə aylıq xərclər və müəllimlərin maaşı məsələsinə diqqət çəkib:

 

“Ölkədəki maaşlar, icarə haqları kimi nüanslar nəzərə alınmalıdır, çünki özəl məktəbdə müəllimlərin də maaşı yüksək olmalıdır, onun kamfortu ilə bağlı xərclər də əhəmiyyətlidir.  Bizim məktəbdə Azərbaycan bölməsi üzrə xərclər illik 7000-7500 təyin olunub. Çünki gün ərzində 3 dəfə yemək, geyim və dərsliklər veririk, həmçinin, laboratotiyalara hər ay müəyyən xərclər ödənilir. Bunun qarşılığında alınan məbləğ çox deyil, hətta azdır. Lakin bu, hansısa valideynin gəlirlilik səviyyəsinə baxdıqda az görünə bilər, çünki həmin şəxsin maaşı 1000 manatdır. Lakin 2000-3000 manatlıq maaş alan üçün bu elə də böyük deyil”.

 

Direktor bu məktəblərdə təhsilalanlara edilə biləcək güzəştlərdən də danışıb:

 

“Lakin bizdə özəl məktəbdə övlad oxutdurmaq ənənəsi hələ də formalaşmayıb. Elə düşüncə var ki, özəl məktəblərdə qiymətlər çox bahadır. Lakin müəyyən təklif və dəstək proqramları olarsa,  güzəştlər yarana bilər. Məsələn, Hədəf liseyində  illik güzəştlərimiz var, bizdə 500 və 8000 manatla da oxuyanlar var. Güzəşt imtahanı keçiririk və istedadlı uşaqlar imtahan verərək 50-70 faizlik ödənişdən azad edilirlər. Lakin ümumilikdə bunu hər kəsə etmək mümkün deyil, çünki əlavə xərclər də var”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları