Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-12 09:45:15
“Hər universitetdə testlərin tərtibi, redaktəsi üçün qruplar yaradılsın” - TƏKLİF

Azərbaycanın ali məktəblərində sessiya imtahanları formasıyla (yazılı və ya testlə) bağlı müzakirələr səngimir.

Bəziləri hesab edir ki, şifahi imtahanlar tamamilə ləğv olunmalı, elektron formaya keçirilməlidir. Bunu əksini düşünənlər də az deyil. Bu fikirdə olanlar hesab edir ki, test üsulu ilə imtahan verən tələbələr fikirlərini ifadə edə, yaxşı mütəxəssis kimi formalaşa bilmirlər. Buna görə də sessiya imtahanlarının testlə keçirilməsi üsulu ləğv edilməlidir.

Təhsil eksperti Cahid İsmayıloğlu AzEDU.az saytına açıqlamasında bildirib ki, universitetlərdə imtahanların elektron qaydada keçirilməsi ilk növbədə şəffaflığı təmin edir. Sessiya imtahanlarının hamısının yazılı şəkildə keçirilməsi mümkün deyil. Bəzi imtahanlar şifahi şəkildə keçirilməlidir. Tələbənin fikrini ifadə etmək, mövzu haqqında məlumat verə bilmək üçün şifahi imtahanların əhəmiyyəti var:

“Eyni zamanda test üsulu ilə keçirilən imtahanlarda testlərin tərtib olunma metodlarına baxmaq lazımdır. Bəzi hallarda testlər bütün proqramı əhatə etmir. Testlərin tərtib olunmasında səhvlər olur. Ümumiyyətlə, testlər asan, orta və çətin suallar olmaqla ümumi proqramı əhatə etməlidir. Bir çox hallarda variantlarda eyni formada suallar üstünlük təşkil edir. Hansısa variant yalnız asan və ya çətin suallardan ibarət olur.

Bir çox universitetlərdə testlər müəllimlər tərəfindən hazırlanır və onlar tərəfindən yoxlanılır. Test vərəqləri imtahandan sonra şifrələnir ki, hansı tələbəyə aid olduğu bilinməsin.

“Təklif edirəm ki, hər universitetdə qrup yaradılsın. Testlərin tərtibi, redaktəsi ilə qruplar məşğul olsun. Bu qruplara ixtisaslar üzrə mütəxəssislər cəlb olunsun. Test bankı yaradılsın və orada minlərlə testlər olsun. Hər il bu testlər təkmilləşdirilsin”.

Ekspertin sözlərinə görə, testlər müəllimlər tərəfindən hazırlandıqda vaxt azlığına görə hər il yeni testlər tərtib edilmir və yuxarı kurslar özündən sonra gələn aşağı kurs tələbələrinə həmin testləri sata bilir. Hansı universitetlərdə testlərin tələbələrə satılması faktları isə araşdırılmalıdır:

“Elə vaxt olur ki, tələbə il ərzində çox aşağı nəticələr əldə edir. Məsələn, dərsdə iştirak etmir, müəllimin suallarını cavablandıra bilmir, amma test imtahanında yüksək nəticə əldə edir. Pedaqoji fəaliyyətimdə belə məqamlar məndə də şübhələr yaradır”.

Onun sözlərinə görə, müəyyən istiqamətlərdə, imtahanları yazılı keçirmək olar. Tələbənin ümumi bilik səviyyəsinin tam şəkildə yazılı və ya test üsulu yoxlanılması isə olması doğru deyil. Belə halda tələbənin qiymətləndirilməsi dəqiq olmur. Tələbəni hərtərəfli yoxlamaq lazımdır. Burada şifahi, müəyyən qabiliyyət imtahanları var.

Tələbələr də imtahanlarla bağlı müxtəlif fikirlər deyir. Daha asan olmasını istəyənlərlə yanaşı gələcəkdə savadlı kadr olaraq tanınması üçün şifahi, yazılı imtahanlara da üstünlük verənlər var.

Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri fakültəsində Tar ixtisası üzrə təhsil alan Cavid İbadov bildirir ki, onlarda qeyri-ixtisas fənləri yazılı olur. İxtisas fənləri isə musiqiçi olduqlarına görə təbii ki, qabiliyyət imtahanı tələb edir:

“Düşünürəm ki, qeyri-ixtisas fənlərində imtahanlar test üsulu ilə olsa, yaxşı olar. Biz musiqiçiyik, yazılı imtahan bizə bir o qədər də lazım deyil. Məsələn, ingilis dilindən sual düşür yaza bilmirik, nəticədə kəsilirik”.

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birinci kurs magistrantı Firayə Allahverdiyevanın sözlərinə görə, obyektivlik və cavabları tez öyrənmək baxımından test üsulu daha rahatdır:

“Jurnalistika və qabiliyyət tələb edən ixtisaslarda isə test əlverişli üsul deyil”.

İmtahan üsulları fakültəyə, ixtisasa əsaslanaraq yazılı, elektron ola bilər. Test üsulu isə bəzi çatışmazlıqlar aradan qaldırıldığı halda əlverişlidir”.