Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-24 14:47:00
İmtahandan kəsilənlərin son ümid yeri – “xaricdə təhsil” – “Orada daha uğurlu olurlar”

 

Azərbaycanda qəbul imtahanında iştirak edib, tələb olunan balı toplamayıb, istədiyi ixtisasa düşməyənlər bəzən  xaricə üz tuturlar.

Bəs həmin şəxslərin ən çox üz tutduğu ölkələr hansılardır və onların xaricdə uğur göstərməsi nə dərəcədə realdır?

Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri Sərdar Yusifoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qəbul imtahanı verib universitetə daxil olmayan tələbələr əsasən Türkiyə Respublikasına üz tuturlar. Sonrakı yerlədə isə Belarusiya və Ukrayna gəlir:

“ Türkiyədə təhsil haqqı aşağı olduğu üçün daha çox bu ölkəni seçirlər. Həmçinin, lirənin dollar qarşısında devalvasiyaya uğraması da buna səbəb yaradır. Elə tələbələr var ki, 500-dən çox bal toplayır, amma kodlaşdırmada hər hansı yalnışlığa yol verdiyinə görə, universitetə qəbul ola bilmir. Olur ki, sınaqlarda 400-500 bal toplayan tələbələr  imtahanda aşağı nəticə göstərir. Düşünürəm ki,  imtahanlarda tələbələrə də şans verilməlidir. Burada az bal toplayan tələbənin xaricdə təhsil aldığı zaman heç bir uğur qazanmayacağı əsas meyar ola bilməz. Təəssüf ki, bəzən tələbələr 5 ildə universiteti bitirə bilmirlər. Amma bu o demək deyil ki, Azərbaycanda universitetə daxil ola bilmirsə, xaricdə oxuyanda da yaxşı nəticə göstərməyəcək. Bu şeyləri ciddi düşünmək lazımdır”.

Onun sözlərinə görə,  orta təhsil bazasında  problemlər çoxdur:

“Orta məktəbdə keçirilən təhsillə imtahan sisteminin qaydaları bəzi hallarda keyfiyyət standartlarına uyğun gəlmir. Yəni, imtahan nəticələri ən yüksək keyfiyyət standartı ilə  götürüldüyü halda, təhsil sistemində bu keyfiyyəti görmürük. Buna görə də məsələlər təzad təşkil edir. Dərs təkcə əzbərləmək deyil, tələbəyə bəzən motivasiya da lazımdır. Xaricdə universitetə qəbul olunana yeni dünya açılır, yeni hədəfləri yaranır. Çox insanlar görmüşük ki, həm təhsil, həm biznes, həm də karyerasında yüksək yerlərə nail olublar. Bəlkə də burada qalsaydılar, universitetə qəbul olmadığı üçün ictimai qınaqlarla depresiyaya düşüb məhv ola  və ya daha aşağı işlərdə çalışa bilərdilər”.

Məsələylə bağlı fikirlərini bildirən xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev deyib ki, belə nümunələr çox olub. Burada universitetə daxil ola bilməyən, qəbul  imtahanında aşağı bal toplayan gənclər xarici universitetlərdə daha yaxşı təhsil alıb, uğurlu olublar:

“Azərbaycanda universitetə daxil olmaq, bitirməkdən daha çətindir. Xaricdə isə bu fərqlidir. Bu il Azərbaycanda  tibb üçün çox az yer ayrılıb. Biz tələbələri Türkiyə universitetlerinə qəbulunu təmin etdik. Sizcə, bir tələbə Azərbaycan Tibb Universitetini bitirib daha yaxşı həkim ola bilər, yoxsa Hacettəpə, Cərrahpaşa və ya Bağçaşəhər kimi universitetləri?”