Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-03 12:19:00
Ağalı kənd məktəbinin direktoru: “Burada  innovativ texnologiyalar  tətbiq olunacaq” – Özəlliklər

Qarabağın işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndi digər ərazilərdən fərqli olaraq innovativ yenilikləri özündə ehtiva edən "Ağıllı kənd" formatında qurulur. Bu təhsil sahəsində də özünü göstərməyə başlayıb.

 

Belə ki, Nərmin Həsənova Zəngilan  rayon  Ağalı kənd orta məktəbinə direktor vəzifəsinə təyin olunub.

 

O, bundan əvvəl  Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

 

AzEdu.az-a açıqlama verən direktor Ağalı kənd orta məktəbində nə kimi yeniliklərin olacağından söz açıb:

 

“Ağalı kənd tam orta məktəbi innovativ təhsil müəssisələrindən biridir, həmçinin, smart xarakter daşıyır. Müxtəlif texnoloji üstünlükləri özündə ehtiva etdiyi üçün təhsil müəssisəsində bir çox yeniliklərin olması gözlənilir. Bunları da tədris ili ərzində həyata keçirməyi planlayırıq.

 

Məktəbimizdə Ağalı kənd sakinlərinin övladları təhsil alacaq.

 

Məktəb hazırda mövcud olan bütün innovativ texnologiyalarla təmin  edilib. Təhsil müəssisəsində olan avadanlıqlar müasir standartlara cavab verir, onlara misal olaraq ağıllı və smart lövhələri göstərə bilərik. Həmçinin, bura müxtəlif kitablarla da  təmin edilib. Şagirdlər üçün lazım olan yenilikçi texnoloji avadanlıqların hamısı məktəbimizdə var.

 

Yaxın günlərdə şagirdlərin Ağalı kəndində nə zamandan təhsil həyatına  başlayacağı ilə bağlı məlumatı ictimaiyyətə təqdim edəcəyik.

 

Burada çalışmaq istəyən müəllimlərin fəaliyyəti isə Təhsil Nazirliyi tərəfindən tənzimlənəcək.

 

Məktəbimiz innovativ  yönümlü təhsil müəssisəsi olacaq. O,  Heydər Əliyev Adına Təhsil Kompleksi ilə qardaş təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək. Müxtəlif ölkələrdən olan məktəblərə əlaqələrimiz olacaq, xüsusən də, Türkiyə ilə. Çünki təhsildə inteqrasiya olduqca önəmlidir. Burada bütöv innovativ texnologiyanın tətbiqi gözlənilir. Yaxın zamanda bütün ictimaiyyət məktəbimizdə olan yeniliklərlə tanış olacaq.

 

Buradan Cənab Prezidentimiz İlham Əliyev və Birinci Vitse-prezidentimiz Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.

 

Hörmətli Mehriban xanım məni məktəbə direktor təyin olunmağım münasibəti ilə təbrik etdi, xeyir-duasını verdi. Həmçinin, gənc ailə olaraq da bizə uğurlar arzuladı. Allahın köməkliyi ilə hər şey yaxşı olacaq”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları