Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-03 11:12:00
Xarici ölkədə təhsil alacaq namizədlərin bu xərcləri maliyyələşdiriləcək-DİQQƏT

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilib.

 

Qaydalarda namizədlərin xarici ölkələrdə dövlət proqramı çərçivəsində təhsilinin hansı istiqamətlərinin maliyyələşdiriləcəyi qeyd olunub.

 

AzEdu.az xəbər verir ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi onların aşağıdakı xərclərini əhatə edir:

 

  • təhsil xərcləri;
  • viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;
  • aylıq yaşayış xərcləri;
  • tibbi sığorta xərcləri;
  • beynəlxalq nəqliyyat xərcləri;
  • bank və plastik kart xərcləri.

 

Proqram iştirakçılarının ailə üzvlərinin və digər qohumlarının xərclərinin maliyyələşdirilməsi həyata keçirilmir.

 

Təhsil xərclərinə təhsil haqqı, xarici ali təhsil müəssisəsində qeydiyyat haqqı və proqram iştirakçısının təhsili ilə bağlı ödənilməsi xarici ali təhsil müəssisəsi tərəfindən mütləq tələb olunan xərclər aiddir.

 

Viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması xərcləri aiddi.

 

Aylıq yaşayış xərclərinə yataqxana və ya mənzil kirayəsi, qidalanma, tədris materialları ilə təminat və digər xərclər (şəhərdaxili nəqliyyatdan istifadə, telefon danışıqları və s.) aiddir. Bu xərclər proqram iştirakçısının tədris ilinin başlanması və bitməsi tarixləri üzrə təhsil aldığı ölkədə olduğu dövrü əhatə edir.

 

Proqram iştirakçısının aylıq yaşayış xərclərinin məbləği və valyutası bu Qaydanın əlavəsinə uyğun olaraq müəyyən edilir.

 

Tibbi sığorta xərclərinə proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddəti ərzində tibbi sığortası üçün ödənilən icbari sığorta haqqı aiddir. Eyni zamanda, fors-major hallarında (baş verən zəlzələ, yanğın, təbii fəlakət, müharibə və digər fövqəladə hallar) və ya proqram iştirakçısının təhsil aldığı ixtisas iki və ya daha artıq ölkənin ali təhsil müəssisəsində aparıldığı halda icbari tibbi sığorta üçün ödənilən sığorta haqqı da bu xərclərə aid edilir.

 

Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün tədris ilinin əvvəlində bir dəfə təhsil yerinə gedişi və tədris ilinin sonunda Azərbaycan Respublikasına gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir. Fors-major hallarında uçuşla bağlı icbari qaydada tələb olunan tədbirlərə görə xərclər beynəlxalq nəqliyyat xərclərinə aid edilir.

 

Bank və plastik kartların xərclərinə proqram iştirakçılarının təqaüd kartlarına görə tələb edilən illik xidmət haqqı və təhsilinin maliyyələşdirilməsi ilə bağlı bank xidmətləri haqqının ödənilməsi xərcləri aiddir.