Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-12 08:53:24
Almaniyada təhsil aldıqları üçün repressiyaya məruz qalan Cümhuriyyət tələbələri - FOTO

1920-ci ildə Azərbaycan Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün göndərdiyi 100 tələbənin keşməkeşli həyatı hələ də tam araşdırılmayıb.

Cəmiyyətin müxtəlif təbəqələrindən seçilən 100 tələbəyə görə  ADR-in Xalq Maarifi Nazirliyinə 7 milyon rubl təsis edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra onların hamısının həyatı çox acınacaqlı keçdi. Bəziləri vətənə qayıda bilsələr də, bəzilərinin taleyi tamamən qaranlıq qaldı.

AzEDU.az Cümhuriyyət tələbələri ilə bağlı  maraqlı foto əldə edib.

Bu fotodakı şəxslər Almaniyada təhsil aldıqlarına görə, AXC-nin süqutundan sonra SSRİ-də həbs olunub, repressiyaya məruz qalıblar.

Adıçəkilən tələbələrdən ikisinin - Asildar Muğanlı və Yusif Ağasabəyli- haqqında heç bir bilgi yoxdu. Qalan dörd nəfər barəsində isə qısaca da olsa, məlumat verək:

Əşrəf Əliyev – Nakam taleli Cümhuriyyət tələbəsi haqqında məlumat çox azdır – cəmi bir-iki cümlə… Nə yaxşı ki, bu bir-iki cümləni də elə Əşrəf Əliyev özü haqqında yazmışdı:

“Mən, Əşrəf Əliyev, 1900-cu ildə Şuşada anadan olmuşam.1919-cu ildə  Vladiqafqaz (Şimalı Qafqaz) Gimnaziyasını bitirmişəm. 1919-cu ildə 1 semestr Rostov Universitetində "Tibb" ixtisası üzrə oxumuşam. 1920-ci ildə ADR-in təqaüdü əsasında Almaniyaya təhsil almaq üçün göndərilmişəm. 10.4.1920-ci ildə Frayburq Dağ Mədən Akademiyasına daxil olmuşam və indiyə kimi də təhsilimi davam etdirirəm. Mən diplom imtahanlarımın hamısını  müvəffəqiyyətlə vermişəm. Mən praktikamı 345 iş növbəsində yerinə yetirmişəm.

Əşrəf  bəy, bu sözləri 1924-cü ildə hələ Almaniyada oxuyan zaman yazıb. Lakin o, bilmirdi ki, gələcəkdə onu hansı zillətlər gözləyir. 13 ildən sonra SSRİ onun ADR kadrı olduğunu unutmayacaq və repressiya qurbanı edəcəkdi;

Teymur Aslanov – Teymur bəy 1899-cu ildə Şuşada anadan olub. Tədqiqatçı Vasif Quliyevin onun haqqında yazdığı "Vağzalda həbs" adlı məqaləsindən oxuyuruq:  “Otuz səkkizinci il başlanandan Teymur bəy Moskvada uzunmüddətli xidməti ezamiyyətdə idi. Bir əsrə qədər uzun görünən bu səfər onu ailəsindən xeyli vaxt idi ki, ayrı salmış, tamam bezdirmişdi. Həyat yoldaşı Xeyransa  xanımdan, üç gülüzlü balası-altı yaşlı qızı Ədilədən, üç yaşlı oğlu Raufdan və dördaylıq südəmər sonbeşiyi Akifdən ötrü burunun ucu göynənirdi. Hələ Moskvadaykən ailəsindən nigarançılığı və vətəndən gələn bəd xəbərlər-əməl yoldaşlarına bir-birinin ardınca həbs olunması onu bərk narahat edirdi. Artıq bu üzücü aylar, günlər, saatlar arxada qalmışdı. Teymur bəy ezamiyyətinin başa vurub, evlərinə qayıdırdı. Lakin heç ağlına da gətirmirdi ki, Bakıya çatan kimi onu tutub, qandallayaraq birbaşa həbsxana küncünə atacaqlar. Xəbəri yox idi ki, həbs olunmuş bəzi "dost"larının ifadələri əsasında martın 31-də məsuliyyətlə cəlb olunması barədə qərar çıxarılıb. Bilmirdi ki, hökümət adamları dəmir yol vağzalında onu gözləyirlər”.

Səməndər Axundov –1898-ci ildə Qubada adan olub. Sənədlərindən Bakıda orta məktəbi bitirdiyi bildirilir.1920-ci ildə  mühəndislik təhsili almaq üçün Almaniyanın Frayburq şəhərinə  göndərilir. Ali təhsilini burada başa vuraraq dağ-mədən mühəndisi üzrə diplom alır.

Daha sonra vətənə dönüb, Azərbaycan SSR Dövlət Plan Komitəsində ağır sənaye bölməsində işləyir. Sonda da… Repressiya…

Bəhram Hüseynzadə - Bakı realnı məktəbini bitirib. Parlamentin məlum qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Almaniyanın Darmştadt Ali Texniki Məktəbinə göndərilib. Bəhram Hüseynzadə təhsilini başa vurduqdan sonra 1926 ildə Azərbaycana qayıdıb, Gəncə toxuculuq kombinatında elektrik təsərrüfatının rəisi işləyir. Azərbaycan SSR Xalq Torpaq Komissarlığında “Azərkəndelektrik” bölməsinin rəhbəri olur. 1941 ildə repressiyaya məruz qalır, 15 il azadlıqdan məhrum edilir.

Tarixi fotoya görə, araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə təşəkkürümüzü bildiririk.