Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-25 17:16:00
Direktor və müavinlərinin sertifikasiyadan keçməməsi ədalətsizlik olar-ETİRAZ

 

“Məktəb direktorları və müavinlərinin müəllimlərdən hər hansı üstün cəhəti yoxdur ki, onlara müəyyən güzəştlər edilsin”.

 

İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır. 

 

Prosesi üzrə test imtahanı mərhələsinin keçirilməsinə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur. Təhsil İnstitutu da ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

 

Son zamanlar müəllim auditoriyasının çox sayda müşahidə olunan narazılıqları, həmçinin,bir sıra  məktəb rəhbərlərinin arzuolunmaz fəaliyyətləri də gündəmdə ciddi müzakirə mövzusudur.

 

Bəs bütün bunları nəzərə alaraq direktorlar və onların müavinlərinin də fəaliyyətləri üzrə sertifikasiyadan keçirilməsinə nə dərəcədə ehtiyac var?

 

Sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva AzEdu.az-a açıqlamasında mövcud vəziyyəti dəyərləndirib:

 

“Mən ümumiyyətlə, müəllimlərin davamlı olaraq imtahanlara, sertifikasiyaya cəlb olunmasının əleyhinəyəm. Müəllimi hazırlayan, ali təhsil haqqında diplomu ona verən, imtahandan keçirib məktəbə işə qəbul edən qurum Təhsil Nazirliyidir. Bu qədər prosesdən sonra müəllimin biliyinə şübhə göstərən yenə də Təhsil Nazirliyidir. Bu, bir az absurd məsələdir, eyni zamanda, sistem düzgün qurulmayıb”.

 

 

Pedaqoq ümumi sertifikasiya prosesi ilə bağlı narazılıqlara diqqət çəkib:

 

“Bütün dünyada müəllimlər sertifikasiyadan keçirilir, amma fərqli format tətbiq olunur. Müəllim Akademiyası, yaxud fərqli adlarda fəaliyyət göstərən qurumlar olur ki, onlar öncədən müəllimləri hazırlaşdırır və daha sonra sertifikasiyaya cəlb edir. Sinqapur modeli buna misaldır. Biz də isə bu müəyyən qədər qanunauyğun deyil. Müəllimləri imtahana cəlb edirik, ancaq əvvəlcədən onlara hazırlıq üçün müəyyən zaman vermirik. Doğrudur, sertifikasiya ilə bağlı  məsələ qanunda öz əksini son illərdə tapıb. Bu mövzuda qərar çox qısa müddətdə alındı, müəllimlərə heç olmasa, bir az vaxt verilməli idi”.

 

O, direktorlar və müavinlərinin də sertifikasiyadan keçirilməli olduğunu vurğulayıb:

 

“Fikrimcə, məktəb direktorları və müavinlərinin müəllimlərdən hər hansı üstün cəhəti yoxdur ki, onlara müəyyən güzəştlər edilsin. Doğrudur, direktorlar və onların müavinlərinin pedaqoji fəaliyyətləri nisbətən azdır, əsasən, idarəetmə ilə məşğuldurlar. Amma onlar da öz fəaliyyətləri üzrə sertifikasiyaya cəlb olunsunlar. Təhsil ictimaiyyəti, müəllim auditoriyasını müşahidə etdiyim qədərilə, müəllimlərə qarşı davamlı təzyiq mövcuddur. Mütəmadi olaraq sosial şəbəkələrdə, müəllim qurupları arasında qarşılaşdığım çoxsaylı narazılıqlar əsasında bu nəticəyə gəlmişəm. Onları bu qədər narazı salmaq doğru deyil, optimal variant tapılmalıdır. Müəllim cəmiyyəti inşa edir və onlara qarşı olunan ədalətsizlik də elə cəmiyyətdə ədalətsizliyin təməlini qoyur”.

 

Pedaqoq məktəb rəhbərlərinin sertifikasiyaya cəlb edilməsinin ədalət baxımından doğru olduğunu qeyd edib:

 

“Sanki ikiyə ayrılmış qrup mövcuddur: Bürokratik sistem təhsil idarəediciləri və məzlum müəllim kütləsi. Cari mənzərə kənardan belə görünür, bu yaxşı hal deyil. Müəllimləri başa düşmək, onları dinləmək, təkliflərini gündəmə gətirmək lazımdır. Düşünürəm ki, cəmiyyətin öndə gələn ziyalılarını, fədakar müəllimlərini toplamaq və ortaq məxrəcə gəlmək lazımdır. Direktorlar və onların müavinləri sertifikasiyaya cəlb olunmasa bu müəllim cəmiyyətində haqlı olaraq birmənalı qarşılanmayacaq. Bəzi qərarlar elə verilməldir ki, narazılığa səbəb olmasın. Direktor müavinlərinin sayı çox azdır, amma müəllim kütləsi kifayət qədər genişdir. Düşünürəm ki, təhsil cəmiyyətini narazı salmamaq, ədalət tərəzisini nisbətən nizamlamaq baxımından direktorlar və müavinlərinin fəaliyyətlərinə uyğun sertifikasiyadan keçirmək lazımdır”.