Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-12 07:53:56
“Bu dərslər valideynləri qorxuya salır” - Tədris proqramına salınmayan vacib fənlər

Orta məktəblərdə keçirilən fənlər şagirdlər üçün nə dərəcədə önəmli olmasından asılı olaraq dəyişir. Azərbaycandakı orta təhsil müəssisələrində əsasən, şagirdlərin bakalavr pilləsinə qəbul imtahanı verəcəyi fənlərə üstünlük verilir.

Məktəblilərin şəxsi inkişafı üçün  vacib olan digər fənlər isə çox vaxt diqqət mərkəzindən kənarda qalır. Bu da gələcəkdə onların bir fərd kimi formalaşmaları, ətrafdakı insanlarla sağlam münasibət qurmaları və qazanacaqları sosial statuslarına mənfi təsir edir.

Hətta “İnsan və cəmiyyət”, “Həyat bilgisi” kimi dərslər zamanı şagirdlərə intellektual yüklü digər fənlərin tədris olunması hallarına da az təsadüf edilmir. Şəxsi inkişaf fənləri düzgün keçirilmədiyindən, bu, çox vaxt heç məktəblilərin maraq dairəsində də olmur.

Tədris proqramına salınmayan fənlər də az deyil. Belə ki, dünya təcrübəsində onlar orta təhsil  müddətində tədris olunsa da, Azərbaycanda hələ ki, sınaqdan keçirilməyib. Məsələn “Gender”, “Ginekoloji biliklər”, “Kitaboxuma sənəti”, “Məntiq oyunları”, “Şahmat” kimi fənlərin tədris olunması məktəblilərin intellektual və şəxsi inkişafı üçün olduqca faydalı olardı.

Xüsusi ilə də Gender. Bu sahə ilə bağlı müəyyən təşkilatlar tərəfindən orta təhsil müəssisələrində bəzi təlimlər keçirilsə də, hələ ki, ayrıca fənn kimi tədris olunmur. Məsələn, YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan ümumi təhsil müəssisələrində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu bu sahə ilə bağlı tədbirlər keçirib.

“Dünyanın ən böyük dərsi” layihəsi çərçivəsində dərslərin təşkil olunmasında əsas məqsəd məktəblərdə gender problemini müzakirə etmək və şagirdlərdə bu məsələlərə adekvat münasibət formalaşdırmaq olub.

Bu fənnin tədris olunması həm də təhsilli qadınların sayının az olmasının qarşısını ala bilər. Belə ki, bəzi rayonlarda məzunların 60 faizindən çoxu oğlanlardır. Məhz Gender fənninin tədris olunması qızların təhsil almaq, işləmək kimi hüquqlarını hələ erkən yaşdarkən anlamalarına səbəb olar.

Qeyd edək ki, Gender  elmi istiqamət kimi XX əsrin 70-ci illərində Qərbi Avropada meydana gəlib. İngilis sözü olub, “soy”, “cins” deməkdir. Azərbaycanda bu elmi istiqamət XX əsrin sonlarında yaransa da, yalnız ali təhsil müəssisələrində tədris etməklə kifayətləniblər. Gender qadın və kişilərin sosial-mədəni mühitdə qarşılıqlı münasibətlərini öyrənir.

Orta məktəblərin yuxarı sinif şagirdlərinə Gender fənninin tədrisi ilə bağlı təşəbbüs Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika kafedrasının müəllimi, filologiya elmləri namizədi Təranə Mahmudovadan gəlib. O, mövzu ilə bağlı AzEDU.az-a bildirib ki, valideynlər bu mövzulardan ehtiyat edirlər:

“Bunu xarici ölkələrin təcrübəsi də göstərir. Sadəcə onlarda yaşama tərzi fərqlidir. Bizdə sanki valideynlərdə qorxu var. Bilmirlər ki, gender məsələləri deyəndə nələr nəzərdə tutulur. Onlara elə gəlir ki, bu mövzu ancaq qadın və kişi münasibətləri haqqındadır. Mən dəfələrlə  bəzi valideynlərdən, xüsusilə yaşlı nəsildən bu haqda eşitmişəm. Əvvəllər bu mövzular hamısı  tabu, yəni ictimaiyyətə qapalı idi. Hətta çox utanmalı bir şey kimi təqdim olunurdu. Düşünürdülər ki, bu mövzudan nə qədər tez danışsan, uşaqların gözü daha tez açılar, onlar bu münasibətləri sınaqdan keçirmək istəyərlər və s. Amma artıq zəmanə dəyişib, bu məsələlər tabu olmaqdan çıxıb. Ona görə ki, artıq gender barədə danışan xeyli saytlar var”.

O, gender problemini ərəb nağılları ilə maraqlı şəkildə müqayisə edib:

“Həmişə qadağa qoyulan məsələyə diqqət daha çox olur. Nağıllardkı “qırxıncı qapı” sindromunu yadımıza salaq. Bu, ərəb nağıllarının əsas motividir. Bir adama qırx otaqlı bir malikanənin açarlarını verirlər. Deyirlər ki, 39-cu qapıya gedə bilərsiz, amma nəbadə 40-cı qapını açasınız. Həmin adamın da fikri-zikri sonuncu qapıda qalır ki, görüm orda nə var. Həmişə də başına fəlakətlər gələcəyini belə nəzərə alaraq məhz 40-cı qapını açır. Eyni hal burada da baş verir.  İnsanın qadağa qoyulan mövzuya xüsusi marağı olur”.

Təranə Mahmudova bu fənnin tədrisi üçün görülməsi gərəkən işlərdən də danışıb:

 “Gender dərsinin keçirilməsi üçün öncə onun neçənci sinifdə və hansı formada veriləcəyi müəyyənləşdirilməlidir. Bütün bunlar əlaqədar təşkilatların, qurumların ciddi nəzarəti altında işlənməli və nəzarət olunmalıdır.

Məncə bunu orta  məktəblərin sonuncu siniflərində tədris etmək daha düzgün olar. Çünki bu, yetkinlik dövrüdür. Bizim cəmiyyətdə uşağın yaşından asılı olmayaraq, ona uşaq kimi baxılır. Bu, çox yanlış yanaşmadır. Əksinə, biz çalışmalıyıq ki, onlar daha tez böyüsün, öz həyatı haqqında qərarlar qəbul edə bilsinlər. Ümumiyyətlə, biliyin gücü ondadır ki, o, bizim məsələyə münasibətimizi dəyişdirir. Həmişə deyilir ki, islahatlara orta məktəblərdən başlanmalıdır. Amma mən düşünürəm ki, əslində bu, ali məktəblərdən başlanmalıdır. Çünki kadrlar ali məktəblərdə hazırlanır.

BDU-da sosial elmlər fakültəsi var. Bu, inkişaf etmiş ölkələrdə ən çox yayılmış ixtisaslardan biridir. Fəaliyyət sferasına qadınlar, uşaqlar, təzyiqlərə məruz qalmış qruplarla iş və s daxildir. Ümid edirəm ki, yaxın vaxtda bizdə də bu sahə üzrə ixtisaslaşmış insanların olduğunu sübut edəcəyik. Ən azından bu, orta məktəbdə dərs demək üçün kifayət edəcək.

Sosial psixoloji elmlər fakültəsini diqqətdə saxlamaq lazımdır. Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Məsələləri üzrə komitə ali təhsil müəssisələri ilə birgə çalışıb, gələcəkdə dərs demək perspektivindən çıxış edərək bu kadrları hazırlamalıdırlar”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları