Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-19 12:42:00
“Feysbukda yazılanlar əvvəlcə İctimai Şuranın daxilində müzakirə edilməlidir”-Sədrdən etiraz

 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyev “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində 165 və 210 nömrəli məktəblərdə direktor təyinatı ilə bağlı narahatlığını əks etdirən yazı paylaşıb.

 

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı İctimai Şura tərəfindən Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə onlayn sorğu göndərilib.

 

Cavab olaraq qeyd edilib ki, 6 ildən artıqdır ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron sistem vasitəsilə həyata keçirilən müsabiqə yolu ilə həyata keçirilir. Prosesin qeyd olunan formatda həyata keçirilməsi direktor seçimi ilə bağlı ən optimal yanaşmadır. Hazırda proses şəffaflıq və sağlam rəqabət mühiti təmin edilməklə, test imtahanı və müsahibə yolu ilə baş tutur.

 

 

Direktor vəzifəsinə müsabiqədənkənar şəxslərin təyin olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

 

Belə ki, məlumatlarda adı qeyd olunan Həqiqət Gülalıyeva İmran qızı 2021-ci ildə keçirilən direktorların işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələlərində müvafiq keçid balı toplayıb. H. Gülalıyeva təhsil nazirinin əmri ilə 06.12.2021-ci il tarixindən 1 illik müddətli əmək müqaviləsi əsasında Bakı şəhər 210 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub.

 

Adıçəkilən digər şəxs – Nağıyev Ruslan Özbəy oğlu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən direktor müavini vəzifəsinə keçirilən müsabiqədə uğur qazanaraq, Bakı şəhəri 252 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunub. Peşəkarlığı nəzərə alınaraq Bakı şəhər 165 nömrəli tam orta məktəbdə direktor vəzifəsinin icrası 3 ay müddətinə Ruslan Nağıyevə həvalə edilib.

 

 

 

165 nömrəli tam orta məktəbin keçmiş direktoru Məmmədov Vüqar Cəfər oğlu ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 25 aprel 2022-ci il tarixdən ləğv edilib.

 

 

 

Nazirlikdən həmçinin, qeyd olunub ki, hazırda ümumi təhsil müəssisələrinə direktor seçimi zamanı yeni mexanizm hazırlanır. Prosesin həyata keçirilməsində təhsilalanların sayının nəzərə alınması müzakirə olunur. Mexanizm təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

 

 

 Məsələ ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova məsələyə münasibət bildirib:

 

 

 “Direktorların təyinedilməsi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.  İctimai Şura isə prosesin şəffaf və doğru olmasına nəzarət edir.

 

 Biz həftəlik  iclaslar edirik,  fəaliyyətimiz isə göz önündədir. Məlumatlarımızı sosial şəbəkə üzərindən işıqlandırırıq. Proses İctimai Şuranın təmsil olunduğu müxtəlif sosial şəbəkə quruplarında müzakirə edilməyib. Etibar Əliyevin  status yazması onun şəxsi hüququdu, burada heç bir problem görmürük. İclasda Etibar müəllim öz narazılığını əyani şəkildə dilə gətirəcək,  verilən  cavab onu qane etməsə,  Təhsil Nazirliyi yanında məsələni qaldıracağıq. Sadəcə, baş verənlər İctimai Şurada qaldırılmayıb. Çox yaxşı olardı ki, proses facebookdan öncə öz daxilimizdə müzakirə edilsin. Lakin bu, da ictimai müzakirənin formatıdır, bundan qaçmırıq,  əksinə, ictimai müzakirə mədəniyyəti formalaşır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları