Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-18 17:38:00
"Təhsil vloqerləri"nə acı xəbər: Şagird videolarını icazəsiz paylaşmayın-Qaydalar

 

“Çəkilən foto və videoların paylaşılma məqsədi müəllimin şəxsi mənafeyinə qulluq edə bilməz”- Vəkil

 

“Belə deyək, saçını daramaqla, yaxud, bu kimi fərqli məşğuliyyətlərlə deyil, elmi-metodik yolla şagirdlə ünsiyyətin qurulması tədris baxımından daha faydalıdır”-Psixoloq

 

Son zamanlar təhsilverənlərin şagirdlərilə video və foto görüntülərini sosial şəbəkələrdə paylaşması sanki bir trendə çevrilib. Həm regionlar, həm də paytaxtda bu halı sıx-sıx müşahidə edirik.

 

Onlardan bəziləri şagirdlərilə dərs prosesində müxtəlif videolar, ya da kollektiv fotolar çəkib paylaşır, bu da ki, öz növbəsində aralarında “fenomen müəllim” statusu uğrunda bir növ, yarışa çevrilib. Bir müddət öncə Təhsil Nazirliyinin bu istiqamətdə “Təhsil vloqeri” adlı yeni layihəyə start verməsi məsələni daha da aktuallaşdırdı və böyük marağa, fərqli müzakirələrə səbəb oldu.

 

Vacib və əsas məqam isə bunun məktəblilərin hüquqlarına nə dərəcədə uyğun olması, eyni zamanda, onların psixologiyasına necə təsir göstərməsidir.

 

Mövzu ilə bağlı Vəkil Elvin Əliyev AzEdu.az-a açıqlamasında problemin hüquqi tərəfinə aydınlıq gətirib:

 

“Şagirdlər də hər hansı bir şəxs kimi hüquqlara malikdirlər. Təhsilin fərdin inkişafının ayrılmaz bir hissəsi olması da hər kəsə məlumdur. Həmçinin, təhsilalanların bir sıra vəzifələri mövcuddur. Məktəbdə şagirdin hüquq və vəzifələri onun ölkəsinin qanunları və BMT-nin Uşaq hüquqları üzrə Konvensiyası ilə tənzimlənir. Həmçinin, mart ayında Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsinə start verildi. Bu müsabiqənin keçirilməsində də məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən təhsillə əlaqəli şəxslərin ictimaiyyətə tanıdılmasıdır. Yəni, burada seçilən şəxslərin tanıdılmasından söhbət gedir və müsabiqə nazirliyin xətti ilə keçirilir”.

 

“İcazəsiz paylaşımlar azyaşlı şagirdlərin psixologiyasına təsir edə bilər”

 

“Subyektiv fikrimi bildirim ki, müəllimlərin dərs zamanı çəkilən video və fotoları paylaşması zamanı şagirdlərin psixologiyası nəzərə alınmalıdır. İlk növbədə bu paylaşımlarla bağlı nazirliyin razılığı olmalıdır. Bu, azyaşlı şagirdlərin psixologiyasına mənfi təsir göstərə bilər; onların hər şeyi lazımı qədərilə dərketmə qabiliyyətləri yoxdur. Bir uşaq göstərə bilər ki, saçı pis, gözü bağlı düşüb və s. Bu da onlara mənfi təsir edə bilər”.

 

 

Vəkil təhsil müəssisələrindən görüntülərin paylaşılması zamanı nazirliyin razılığının vacibliyini vurğulayıb:

 

“Sosial şəbəkələrdən istifadə qaydaları qanunla müəyyən edilməyib. Lakin sosial şəbəkələrdə, yaxud qeyri-kütləvi informasiya vasitələrində müəyyən şəxslərlə bağlı xoşagəlməz ifadələrin, yanlış məlumatların yayılması, mənəvi ziyanın vurulmasına və məhkəmə predmetinin yaranmasına səbəb olur. Bu da həmin şəxslərə mənəvi ziyanın vurulması ilə bağlı məhkəmələrə müraciət hüququ yaradır. Hər nə qədər sosial şəbəkələrdən istifadə qaydaları müəyyən olunmasa belə, şagirdlərin müəllimlər tərəfindən çəkilən foto və videolarının Təhsil Nazirliyinin icazəsi ilə yayılması məqsədəuyğundur. Çünki nazirlik yeni start verilən müsabiqə ilə artıq bu istiqamətdə belə bir tendensiya yaradıb”.

 

O, qeyd edib ki, paylaşım sadəcə, təhsillə əlaqəli olmalı, nazirliklə yanaşı, şagirddən və onun valideynindən də icazə alınmalıdır:

 

“Şagird onun fotosunun niyə çəkildiyini bilməyə bilər. Bu səbəblə, paylaşımın təhsilalanların özü və valideynin icazəsilə edilməsi arzuolunandır. Əgər bu materialların çəkilib, yayılması məktəblə əlaqəlidirsə, ilk növbədə, nazirliyin razılığı alınmalıdır. Çəkilən foto və videoların paylaşılma məqsədi müəllimin şəxsi mənafeyinə qulluq edə bilməz. Burada məqsəd sadəcə, şagirdin özü və təhsillə əlaqəli olmalıdır. Müəllim sinifdəki azyaşlının görüntülərini qeyd alıb,-“Mən müəlliməm, bu da şagirdlərimdir”-deyə paylaşa bilməz. Bununla bağlı nazirliyin, valideynin, şagirdin razılığı olmalıdır. Bəlkə, heç şagird razı deyil,özünə qarşı kompleksi ola, fotodan sonra xarici görünüşü ilə bağlı stressə düşə bilər”.

 

Vəkil Elvin Əliyev ümumilikdə şəxsi məlumatların icazəsiz yayılmasına verilən hüquqi qiymətdən də söz açıb:

 

“Eləcə də sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Konstitusiyanın 32-ci maddəsi, həmçinin,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkişi materiallarının,səs yazılarının yayılması, habelə, satılması, başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Psixoloq Aytən Ələkbərova AzEdu.az-a açıqlamasında mövzunun şagirdlərə psixoloji təsiri haqqında danışıb:

 

“Psixoloji, pedaqoji konsiliumlar var ki, bir qayda olaraq, eyni sinifdə dərs deyən müəllim və sinif rəhbərləri tərəfindən aparılır. Konsiliumlarda psixoloqun vəzifəsi müəllimlərlə məktəblinin düzgün anlaşılması, predmetin qavranılmasında kömək göstərmək, onun bütün müsbət və mənfi xüsusiyyətlərini aşkarlamaq və bərabər işləmək üçün real proqram təyin etmək deməkdir. Bu gün istər bölgələrdə, istərsə də şəhər məktəblərində tanıdığm müəllimlər arasında da qeyd edilən halı müşahidə edirəm. Hətta, bu yaxınlarda, -“əgər müəllimlər bütün günü bu videoları çəkmək üçün hazırlıq görürlərsə, bəs dərsə nə zaman vaxt ayrılır?”-deyə bir sualla qarşılaşmışdım”.

 

Psixoloq mövzunun səbəblərini aydınlaşdıraraq, bu vasitələrdən istifadə məqsədlərinə diqqət çəkib:

 

“Artıq 13 ilə yaxındır ki, kurikulum sistemindəyik və bu sistemin də ən başlıca vəzifəsi uşaqları aşkar etməkdir. Şagirdlərə bilik və bacarıqlarına, məntiqi düşüncələrinə uyğun olaraq dərsi mənimsətməkdir ki, bu da müasir dövrdə sözügedən foto və video görüntülərin yaranmasına gətirib çıxarır. Burada bir neçə kriteriya mövcuddur. İlk növbədə vacib olan təcrübəçi məktəb psixoloqlarının korreksiya işidir. Korreksiya işində psixoloqun sinfin ümumi psixoloji portretində aşkara çıxardığı məqamlar artıq fakt olaraq müəllimlər üçün həyəcan təbili çalır. Nəticədə, müəllim həmin şagirdi ələ almalıdır. Bu müddətdə də təhsilalanların maraq və davranışını özündə birləşdirəcək, onları müəyyən dərəcədə rəğbətləndirəcək videogörüntülərin qeydə alınması müşahidə oluna bilər. İkinci kriteriyada isə ondan geri qalan zəif şagirdlərdə olduğu kimi, əlaçı və istedadlı uşaqlarda fərdi meyil, bacarıq və digər xüsusiyyətlərin aşkara çıxarılması üçün sistemli şəkildə istifadə olunmalıdır”.

 

 

O, bu istiqamətdə məktəb psixoloqlarının fəaliyyətindəki vacib məqamlar və çətinliklərdən söz açıb:

 

“Psixoloji konsiliumun şagirdlərlə real iş proqramının işlənilməsi vacib məsələlərdən biridir. Bilavasitə bir-biri ilə əlaqəli məsələlərdir ki, proses zamanı məktəb psixoloqları ciddi olaraq elmi-metodik əngəllərlə rastlaşırlar və işin vacibliyini hiss edirlər. Təbii ki, müxtəlif problemlər üzrə psixoloji korreksiya proqramının yoxluğunu qeyd etdiyimiz zaman hazırki halda bu problemin xüsusi aktuallığa malik olduğu aşkara çıxır. Dərin konsiliumlar nəticəsində sinfin özünü qiymətləndirməsi önə çıxır”.

 

Psixoloq tədrisdə elmi-metodiki vasitələrin tətbiqinin vacibliyini vurğulayıb:

 

“Belə deyək, saçını daramaqla, bu kimi fərqli məşğuliyyətlərlə deyil, elmi-metodik yolla şagirdlə ünsiyyətin qurulması tədris baxımından daha faydalıdır. Məsələn, xüsusilə ibtidai siniflərdə riyaziyyatın öyrənilməsi istiqamətində müxtəlif maraqlı metodların tətbiqinin şahidi oluram, təqdirəlayiqdir. Tədrisin bu şəkildə aparılması istənilən şagirdin dərsi daha yaxşı mənimsəməsinə şərait yaradır. Məktəblərdə təcrübəçi korreksiya sistemində işlər getməli, psixoloq mütləq şəkildə müxtəlif keçid dövrüləri üzrə ümumi sinfin şəxsi psixoloji portretini hazırlayaraq, müxtəlif üsullardan elmi-metodik istiqamətdə istifadə etməlidir.

 

“Görürük ki, xaotik “Tik-Tok” videoları yayılır. Nəticədə həm müəllimə olan rəğbət aşağı səviyyəyə enir, eyni zamanda məktəblinin kiçik və böyük yeniyetməlik dövründə anlaşılmayacaq videgörüntülərinin yayılmasına gətirib çıxarır. Elmdə məğlubiyyət yoxdur, inkişaf etmək lazımdır. Amma bunu səliqəli layihə şəklində tətbiq etməklə”-deyə o qeyd edib.