Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 15:40:00
“SABAH Magistratura” proqramının tələbələri üçün təlim keçirilib

Təhsil İnstitutu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması üzrə təhsil alan tələbələri üçün təlim keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Dəniz nəqliyyatı və liman logistikası” adlı təlim kursu nəzəri və praktiki hissədən ibarət olub. Təlimin birinci hissəsi AzTU-da Bakı Limanının Təlim Mərkəzinin ixtisaslaşmış heyəti tərəfindən keçirilib və 2 həftə davam edib. Nəzəri hissədə dünyada və ölkəmizdə dəniz yolu ilə yükdaşımaların tarixi və bu daşımaları nizamlayan beynəlxalq konvensiya sazişləri və qaydalar, dəniz daşımalarında istifadə olunan gəmilər və konteynerlər, yüklərin boşaldılmasında tətbiq olunan mexanizm və avadanlıqlar, yüklərin qəbulu üçün anbarların hazırlanması, dispetçer xidmətləri kimi mövzular əhatə olunub.

 

Təlimin praktiki hissəsi isə yaxın günlərdə Ələt qəsəbəsində yerləşən limanda baş tutacaq. Səfər çərçivəsində tələbələr limanın ərazisi, terminalları və yükdaşıma əməliyyatları ilə tanış olacaqlar.

 

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Təhsil İnstitutu ilə Bakı Limanı arasında AzTU-nun “SABAH Magistratura” proqramının tələbələrinin limanın Təlim Mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı anlaşma memorandumu imzalanıb.