Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-19 09:00:00
“Nazirlik son 7-8 ildə çox şeyi çətinləşdirdi”- DİQ müsabiqəsində əsas problem

 

 

Son vaxtlar bir çox şəxslər tərəfindən  direktorların məktəblərə təyinatı zamanı özbaşınalıqların yaşandığı iddia olunur.

 

 

AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov bu kimi halların baş verməsinin əsas səbəblərini diqqətə çatdırıb:

 

 

“Direktorların işə qəbulu ilə bağlı  mərkəzləşdirilmiş imtahanların keçirilməsinə  2017-ci ildən başlanılıb.

 

 

Sonuncu keçirilən direktor vəzifəsinə işə qəbul üzrə  müsabiqənin müsahibə mərhələsinin düzgün təşkil edilməməsi nəticəsində  müəyyən narazılıqlar yarandı. Çünki həmin imtahanlar II Qarabağ savaşına  təsadüf etdiyindən proses 2021-dək təxirə salındı, yenidən  proses davam etməyə başladı. Həmin imtahan zamanı 1000 nəfərdən yuxarı şagirdi  olan məktəblər üçün  36, 500 nəfərlik üçün 30, 100 nəfərə görə  26, 100-dən aşağı olan şəxslər üçün  isə 24 bal təsdiq edildi. Bu, doğru deyil, çünki  nazirliyin  funksional işçiləri  müsahibə mərhələsində iştirak edirlər. Lakin müsahibə mərhələsinin bir il davam etməsinə baxmayaraq,  onun müddəti uzadıldı və nəticədə bir çox məktəblərə rəhbər hələ də təyin olunmayıb. Hazırda Təhsil Nazirliyində struktur dəyişikləri olub, Regional Təhsil idarələri yaradılıb. Bu səbəbdən, müsahibələrin də onlar tərəfindən həyata keçirilməsi gözlənilir.

 

 

Prosesi sürətləndirmək üçün şagird sayı 100 nəfərdən aşağı olan məktəblərin direktor əvəzçiləri müsahibəsiz  şəkildə rəhbər kimi məktəblərə təsdiq oluna bilərlər”.

 

 

Təhsil eksperti məsələ ilə bağlı daha çox hansı şikayətlərin edildiyini vurğulayıb:

 

 

“Haqlı şikayətlər var. Bir çox hallarda  müsabiqədə iştirak etməyən  və ya müsahibə mərhələsinə qatılmayan şəxslər  təyinat alaraq direktor kimi fəaliyyətlərinə başlayıblar. Amma bu, o demək deyil ki, həmin şəxslər tələblərə uyğun gəlmirlər.

 

 

Mövzu ilə bağlı bütövlükdə ciddi problemlər var. Təhsil Nazirliyinin funksional idarəetməsində işləyən şəxslər bu sahə ilə birbaşa bağlı  deyillər. Onlar çox savadlı, çalışqan, lakin təhsillə dolayısı ilə əlaqəlidirlər. Ona görə də problemləri birbaşa görə bilmirlər. Bu da mənfi halların böyüyərək, müəyyən çətinliklər yaratması ilə nəticələnir.

 

 

Müsabiqə çevik şəkildə keçirilmir, illərlə uzanır. Neçə vaxtdır ki, əvəzçi müəllimlər direktor funksiyasını yerinə yetirirlər.  Regional Təhsil idarələri təsdiq olunduqdan sonra  müəyyən struktur dəyişikliyi və addımların atılması gözlənilir. Bütün bu problemlərin əsas səbəblərindən biri də budur ki, son 7-8 ildə  Təhsil Nazirliyi bütün səlahiyyətləri  mərkəzləşdirdi və nəticə etibarı ilə idarəetmədə çətinliklər yarandı. Buna görə də bir çox məsələlərin Regional Təhsil idarələrinə verilməsinin çox böyük əhəmiyyəti olacaqdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları