Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 16:05:00
Rezonans yaradacaq məsələlərə səbəb olan 4 saatlıq müzakirə - Dərsliklərimizin vəziyyəti bu qədər  bərbad  imiş – REPORTAJ

 

 

 

AzEdu Təhsil Portalının  nəzdində xüsusi  mərkəzin əsası qoyulub.

 

Dərsliklərin Müstəqil  Monitorinqi  Mərkəzinin yaradılmasında əsas məqsəd dövlətin təhsil  siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil naminə faydalı işlər görməkdir.

 

Bu gün Mərkəzin ilk iclası keçirilib və bundan sonrakı fəaliyyətilə bağlı planlardan danışılıb. Qeyd olunub ki, hər fənn üzrə ayrıca mütəxəssis olacaq, dərsliklər müzakirə ediləcək və müvafiq dövlət qurumlarına, cəmiyyətə məlumat veriləcək.

 

Müzakirə zamanı dərsliklərlə bağlı çox ciddi boşluqlar vurğulanmaqla yanaşı, onların həll yolları,çağdaş təhsilimizin standartlarına cavab verən uyğun variasiyaları təklif olunub.

 

Müzakirədə AR Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı professor Fərrux Rüstəmov, tanınmış pedaqoq Sona Əliyeva, “Zirvə” Tədris Mərkəzinin rəhbəri Rahib İbrahimov, araşdırmaçı-jurnalist Məzahir Məmmədli, tanınmış fizika mütəxəssisi Namiq Süleymanov, Azedu Təhsil Portalının baş redaktoru Elmin Nurizadə  iştirak edib.

 

 

Professor Şahlar Əsgərov mərkəzin təhsilalanların həyatında vacib rol oynayacağını vurğulayıb. Dərsliklərlə bağlı bir sıra vacib məqamlara toxunan professor diqqəti əsasən, Tarix fənni ilə bağlı vəsaitlərə çəkib:

 

“Qədim dünya tarixinin 5-ci siniflərdə tədrisi o qədər də zəruri deyil. Yuxarı siniflərdə keçirilən Dünya Tarixi dərsliyi şagirdlər üçün maraqsız olur. Çünki orada əksini tapan prosesləri onlar kütləvi informasiya  vasitələri sayəsində ala bilirlər. Amma aşağı siniflərdə tədris olunan Dünya tarixi dərsliyi isə çox çətindir”.

 

Tanınmış pedaqoq, sabiq deputat Sona Əliyeva dərsliklərlə bağlı problemlərə toxunarkən, vacib qeydlərlə yanaşı, iştirakçılara ünvanladığı sualla zəruri məsələyə toxunub:

 

“Köhnə dərsliklər yaxşı olduğu halda biz niyə onlardan qaçmalıyıq?!

 

“Hər şeyi yeniləməyin mənası yoxdur. Dostoyevski və Tolstoy da köhnəlib, amma onların əsərlərini hələ də bütün dünya oxuyur. Klassik əsərlər hər zaman öz müxtəlifliyini saxlayır. Bunlar bir dəyərdir. Hazırda məktəblər bunu götürüb, lakin yerinə yaxşı heç nə qoya bilməyib. Dərsliklərin də ən böyük problemi budur”.

 

Pedaqoq dərsliklərlə bağlı kölgədə qalan, lakin kifayət qədər ciddi bir problemə də toxunub:

 

“Dərsliklər texniki olaraq yaxşı çap edilmir. Hətta bu kimi materiallar uşaqların zəhərlənməsinə belə gətirib çıxara bilər.

 

Dərsliklər həm yaxşı insan yetişdirməyi, həm də savad və bilik verməyi özündə ehtiva etməlidir”.

 

Təhsil İnstitutunun direktor müavini, tanınmış pedaqoq Ənvər Abbasov çağdaş dərsliklərdə xarakterin zəruriliyini vurğulamaqla, vacib metodiki məsələlərə diqqət çəkib:

 

“Çağdaş dərsliklər özündə həyati bacarıqları əks etdirməlidir. Lakin bir çox nümunələrdə bunun heç də belə olmadığını görürük. Biz bu gün intellekt  dərslikləri yaratmalıyıq. “Dərsliklər yüngülləşdirilməli və onların şagirdlər tərəfindən qəbulu asanlaşdırılmalıdır.

 

Lakin bəzi hallarda bu kimi məsələlər nəzərə alınmır, çünki təhsilin keyfiyyəti dəyərlərlə nəzərə alınmalıdır. Bununla bağlı bir çox sənədlər qəbul edilib”.

 

ADPU-nun dekanı, professor Fərrux Rüstəmov “Həyat bilgisi” dərsliklərindəki qüsurlara toxunub. O, adıçəkilən vəsaitdə şagirdlərin yaş dövrünə aid olmayan mürəkkəb bilgilərin yer aldığını vurğulayıb:

 

“Müasir dərsliklər öz ağırlıq yükü ilə seçilir. Bir fənn üzrə evə verilən tapşırıqlara hazırlaşmaq üçün şagirddən təxminən, 2 saata yaxın, bəlkə də, daha çox zaman tələb olunur. Nəzərə alaq ki, o, sabah 4 fənnə hazırlaşmalıdır. Şagirdə lazım olan hazırlıq üçün görüldüyü kimi, 8 saata yaxın vaxt lazımdır. Dərsliklər bu qədər yüklənməməlidir”.

 

Müzakirədə iştirak edən “Zirvə” Tədris Mərkəzinin rəhbəri Rahib İbrahimov qəbul qaydalarının mütləq şəkildə dəyişməli olduğunu qeyd edib. Onun sözlərinə görə, mövcud qəbul qaydaları Təhsil Nazirliyinin proqramı əsasında hazırlanan dərslikləri az qala, gərəksiz edib.

 

Təhsil jurnalisti Məzahir Məmmədli müzakirənin bu günümüz üçün nə dərəcədə  vacibliyinə toxunub və sistemli şəkildə, ardıcıl olaraq davam etməsinin arzuolunan olduğunu qeyd edib. 

 

Fizika müəllimi Namiq Süleymanov dərsliklərdən əvvəl müəllimlərin özlərinin keyfiyyətinin artırılmasının və bununla bağlı bir sıra zəruri qərarların vacibliyini vurğulayıb. Onun fikrincə, peşəkar müəllimlərin fəaliyyəti sonradan peşəkar dərsliklərin yaranmasına səbəb olacaq”.

 

AzEdu Təhsil Portalının baş redaktoru Elmin Nurizadə qeyd edib ki, artq ayrı-ayrı sahələr üzrə mütəxəssislərlə əlaqə saxlanılıb:

“Məsələ ciddi rezonans doğurub. Açığı mütəxəssislərimizin məsələyə bu qədər vacib iş kimi yanaşacağını gözləmirdik. Hesab edirik ki, Dərsliklərin Müstəqil  Monitorinqi Mərkəzi Azərbaycan təhsilinə, xüsusilə də orta və ali çəktəb dərsliklərinin daha yaşı yazılması baxımından əhəmiyyətli rol oynayacaq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları