Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 10:00:00
Direktor vəzifəsinə kənar şəxslər qəbul olunur-Etibar Əliyevdən ETİRAZ

 

 

 

Deputat və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev son zamanlar direktorların işə qəbulunda yol verilən nöqsanlardan söz açıb.

 

 AzEdu.az deputatın bununla bağlı facebook səhifəsində yazdığı fikirləri təqdim edir:

 

Deputat İctimai Şura üzvləri olan Günel Səfərova (sədr), Gülməmməd Məmmədov (sədr müavini), Rüfət Əsədzadə (katib), professor Fuad Məmmədov, İlqar Orucov, Məleykə Əlizadə, Pərvanə Məmmədova və Mirzə Cəfərzadəni məsələni ciddi şəkildə araşdırmağa səsləyib:

 

“Son zamanlar ümumtəhsil məktəblərində baş verən neqativ hallar Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü kimi məni çox narahat edir. Məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur. Ümumtəhsil məktəblərinin özündə çalışan direktor müavinləri təyinatdan kənarda qalır, boşalan direktor yerlərinə kənar məktəblərdən direktor müavinləri təyinat alırlar. Bu isə kollektivdə intriqaların yaranmasına, idarəçilik ənənələrinin pozulmasına və bütün dünyada qəbul olunmuş sosial lift prinsipinin ayaqlar altına atılmasına səbəb olur”.

 

Deputat bu kimi hallara misal gətirir:

 

“Konkret olaraq iki nümunə göstərəcəm. 210 nömrəli tam orta məktəbə direktor 95 nömrəli tam orta məktəbdə direktor müavini işləyən Həqiqət Gülalıyeva birbaşa təyin olunub. 165 nömrəli tam orta məktəbə isə 252 nömrəli məktəbdə cəmi 1 ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyev birbaşa təyin olunub. Bildiyimiz kimi, ümumtəhsil məktəblərinə direktor vəzifəsinə təyinat təcrübəsi, şəxsi bacarıq və keyfiyyətləri əsas götürülməklə təlimlərə cəlb olunduqdan sonra müvafiq imtahan və müsabiqələrdən keçən şəxslər təyinat almalıdırlar. Verilən məlumatlara görə, hər iki şəxs faktiki olaraq imtahan və müsahibələrdə iştirak etməyiblər. Belə halların sayı çoxdur. Və həmçinin qapalı və mübhəm direktor təyinatları geniş vüsət alıb. Ümumi təhsilin mövcud duruma düşməsinə Sizin də münasibətinizi bilmək istərdim”.