Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 15:42:00
Sertikasiya prosesi ilə bağlı ən vacib detallar-Müəllimlərin DİQQƏTİNƏ

May ayının 12-də Təhsil Nazirliyinin facebook səhifəsi üzərindən yayımlanan “Təhsil masası” verilişi zamanı müəllimlərin sertifikasiyası prosesi ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.

 

AzEdu.az həmin vacib detalları təqdim edir:

 

İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.

 

Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.

 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.

 

Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək və ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər.

 

Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb,

 

Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.

 

“Təhsil İnstitutu hansısa bir vəsaiti göstəriş kimi bildirə bilməz. Lakin bizim institut olaraq verdiyimiz çərçivə sənədi var. Bu sənəddə hər fənn üzrə hansı tipli suallar,hansı mövzudan neçə sual düşəcəyini yayımlamışıq”.

 

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

 

O, müəllimlərə çərçivə sənədinə diqqət etmənin vacibliyini də vurğulayıb:

 

“Həmçinin veb səhifəmizdə də yenilikləri yerləşdiririk. Mütləq çərçivə sənədinə diqqət edilməlidir. Proses boyu müəllimlərin yanında olacağıq. Ötənilki MİQ müsabiqəsinə düşən suallardan Təhsil İnstitutunun veb səhifəsində yerləşdirilib”.

 

“Yaşı 65-dək olan müəllimlər sertifikasiya prosesinə qatıla bilər”

 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

 

O, müəllimləri gözləyən güzəştlərdən də danışıb:

 

“Sertifikasiya prosesində iştirak edən müəllimlərə stimul hesab ediləcək əlavə güzəştlər nəzərdə tutulub. Həmçinin sertifikasiyada iştirak edən müəllimlərin özgüvəni də artacaq”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları