Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 16:57:00
Fədakar Ukrayna müəllimləri: “Bizi tərk ediblər, amma şagirdlərimizi atmayacağıq”-FOTOLAR

 

Döyüşlərin davam etdiyi müddətdə Rusiya ordusunun nəzarətinə keçən Ukrayna ərazilərində qalan ukraynalı təhsil işçilərinə çox sayda ciddi təzyiqlərin olduğu bildirilir.

 

Məlumata görə, Donetsk və Luqansk vilayətlərində yerləşən təhsil müəssisələrində Ukrayna dili, ədəbiyyatı və tarixinin tədrisi qadağan edilib.

 

AzEdu.az xəbər verir ki, Xerson, Xarkov və Zaporojye vilayətlərindən məcburi şəkildə Rusiyaya deportasiya edilən müəllimlərin, təşkil edilən “yenidən hazırlıq düşərgələrində” zorla ruslaşdırılmaları istiqamətində işlərin həyata keçirilməsilə bağlı iddialar var.

 

Bununla yanaşı müəllimlər işğalçı “hakimiyyət”lə olacaq hər hansı əməkdaşlığa görə cinayət məsuliyyəti daşıyırlar.

 

Xerson vilayətinin müvəqqəti işğal olunmuş bölgəsində çalışan, adının açıqlanmasını istəməyən ukraynalı müəllim "Ukrayna Pravda. Life"-ın suallarını cavablandırarkən, işğal bölgəsində qalan müəllimlərin fəaliyyətinin çətinliyindən danışıb. Müəllim, 23 ildir yerli məktəbdə ingilis dilindən dərs deyir, qohumları təxliyə olunur, özü də Rusiyanın işğalı altında olan şəhəri tərk edə bilmir. Rus ordusunun texnikaları hələ müharibənin ilk günü onun şəhərinin astanasında idi. 

 

Sonra isə bütün Ukraynadakı məktəblilər məcburi iki həftəlik tətilə göndərildi. Tətil başa çatdıqdan sonra yerli təhsil müəssisələri distant rejimdə tədris prosesini bərpa etməyə başladılar. 

 

Müəllim müharibə başlayan zamanda tədrisdə baş verən hadisələrdən danışıb:

 

“Hələ internetə çıxış imkanımız olduğu zaman biz ZOOM-da onlayn dərslər keçir, şagirdlərə tapşırıqlar verirdik. Həmçinin, mövcud vəziyyətdə onlara bacardığımız qədər psixoloji dəstək də göstərməyə çalışırdıq. Ancaq vəziyyət çox qorxulu idi, davamlı atəş səsləri eşidilirdi. Qısa bir müddət sonra internetə çıxış əldə edə bilmədik. Bizə dedilər ki, işğalçılar kabeli kəsiblər. Məktəb direktorları bizə işğalçılarla əməkdaşlıq etməyəcəyimizə dair xəbərlər göndərirdilər. Bizə məlumat verildi ki, dərs ili başa çatır. Məktəblər 4 və ya 8 apreldə tədris ilini nə vaxt bitirəcəklərinə qərar verməli idilər. Məktəbimiz tədrisi ayın 8-ə qədər davam etdirmək qərarına gəldi. Təbii ki, heç kim işğalçılarla əməkdaşlıq etmək istəmirdi. Bizə əmək kitabçalarını, şəxsi işləri verdilər və “yaxşısı, onları saxlayın” dedilər. Hamımız azadlığa çıxmağı gözləyirik” .

 

 

Onun sözlərinə görə, insanlar hər gün şəhəri tərk edirlər, ancaq dərs ilinin bitməsinə baxmayaraq müəllimlər işlərini davam etdirmək qərarına gəliblər:

 

“Elə uşaqlar var ki, istənilən şəraitdə oxumağa hazırdırlar. Biz müəllimlər xüsusilə Viber vasitəsilə onlara müəyyən tapşırıqlar göndəririk. Əgər onların izləmək imkanı varsa, biz davamlı şəkildə Ümumukrayna məktəbi platforması üzərindən videoların linklərini onlayn yollayırıq. Çətin mövzu olanda anlayırıq ki, uşaqların özləri bunu başa düşməyəcəklər, bizə zəng edə bilərlər. Fərdi məsləhətlər veririk, hər şeyi izah edirik".

 

Müəllim bildirib ki, qondarma “işğalçı dövlət” bəzi məktəblərə əməkdaşlıq təklif edib və bütün müəllimlər imtina barədə ərizələr yazıblar:

 

“Bundan dərhal sonra şəhər təhsil şöbəsinin müdiri şəhəri tərk edib və guya “uzaqdan işləməyə” başlayıb. Bu barədə müəllimlərə məktəbin direktoru məlumat verib. Hətta şəhərdə bütün müəllimlərin işdən çıxarıldığı haqda xəbərlər yayılıb. Müəllimlər maaşlarını sonuncu dəfə mart ayında alıblar. Növbəti ödənişlər aprelin 14-də göndərilməli idi, lakin bu baş vermədi. Rəsmi olaraq bizə heç kim heç nə demədi. Biz işdən çıxarılma ilə bağlı heç bir ərizə yazmamışıq. Direktordan soruşdum ki, ümumiyyətlə, bizdə yerli rəhbərlik varmı? Deyirlər ki, təhsil şöbəsinin müdiri distant rejimdə işləyir. Əksər məktəblərin direktorları gedib, müəllimlər nə edəcəklərini bilmirlər. Məktəblərdən birinin müdiri ümumiyyətlə şəhəri tərk edib. Müəllimlərə maaş veriləcək, ya yox, bilinmir. Nə üçün və necə yaşayırıq - bilmirik. Deyəsən, bizi tərk ediblər ".

 

 

O, yaranan problemlər haqqında danışarkən, müəllimlərin hər şeyə rəğmən işlərinə davam etdiklərini və işğalçılarla əməkdaşlıq etməyəcəklərini vurğulayıb:

 

“Qeyri-müəyyənliyə baxmayaraq, müəllimlər uşaqlara hesabat göndərmək üçün sənədləri, jurnalları və qiymətləri doldurmağa davam edirlər. Pedaqoqların jurnal və gündəlik kimi istifadə etdikləri “Yeni Bilik” saytına hazırda internet olmadığından giriş mümkün deyil. Şəhərdə provayder yoxdur, mobil rabitə zəifdir. Təhsil və Elm Nazirliyi tərəfindən göndərilən bütün tövsiyələr yalnız dərs ilinin sonu, sənədləşmənin aparılması və distant təhsillə bağlı “müəllimin hansı hüquqlarına malikdir” kimi məlumatlardır. İnsanlar, o cümlədən müəllimlər qətiyyətlidirlər və düşmənlə əməkdaşlıq etmək fikrində deyillər. Kər kəs ümid edir ki, sentyabra qədər vəziyyət yaxşılığa doğru dəyişəcək”.

 

No description available.

 

Qadın müəllim,-“ Məcburi şəkildə düşmənlə əməkdaşlığa razılıq verənlər təzyiq altında da olsa, əməkdaş kimi cinayət məsuliyyəti daşıyırlar”-deyə bildirib.

Qeyd edək ki, parlamentin təhsil, elm və innovasiyalar komitəsinin sədri Sergey Babak və təhsil üzrə ombudsman Sergey Qorbaçov Rusiya tərəfindən işğal olunmuş şəhərlərdə təhsil işçilərinin fəaliyyətinin dəqiqləşdirilməsi, yaranan problemlərdən çıxış yolunun müəyyən edilməsi istiqamətlərində müzakirələrin aparıldığını qeyd edirlər.