Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 11:28:00
“Bağça ərazilərində şadlıq evləri və restoranlar tikilirdi”-Nazirlikdən gözləntilər

 

 

“Dünya təcrübəsinə nəzərə yetirsək görərik ki, Azərbaycan uşaqların bağçalara cəlb olunmasına görə aşağı pillələrdə qərarlaşıb. Ölkədə uşaqların cəmi  20 faizə qədəri məktəbəqədər təhsil müəssisələrinə gedir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov deyib.

 

O, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə verilməsindən sonra hansı dəyişiklərin baş verəcəyindən söz açıb:

 

“Problemə təhsildə varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi baxımından yanaşdıqda dövlət məktəbəqədər təhsil müəssisələrinin (uşaq evləri istisna olmaqla) yenidən Təhsil Nazirliyinə qaytarılması düzgün addımdır. Çünki məktəbəqədər təhsil müəsisələri hər  ölkənin təhsilinin özəyidir. Bu qərar həm də təhsilin  vahid mərkəzdən idarə olunması, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab oluna bilər.

 

2011-ci ildə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evlərinin Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilməsi həmin dövrdə Təhsil Nazirliyinin bu sahədə imkanlarının məhdudluğundan irəli gəlirdi. Həmin vaxt bu qərar ona görə verilmişdi ki, məktəbəqədər təhsil müəssisələrinin (bağçaların) maddi-texniki bazası gücləndirilsin, eyni zamanda təmir-tikinti bərpa işlərinin həyata keçirilməsi üçün daha çevik qərarlar qəbul edilsin. Çox zaman bəzi ekspertlər bağçaların təminatı və təmirində icra hakimiyyətinin daha çox imkanlara və səlahiyyətlərə malik olduğunu qeyd edirlər”.

 

Akşin Məmmədov  icra hakimiyyətlərinin tabeliyində olarkən nə kimi mənfi halların yaşandığını deyib:

 

“Lakin 10 illik müddət onu göstərdi ki, bu müəssisələrin fəaliyyəti icra hakimiyyəti rəsmiləri tərəfindən ciddi tənzimlənmir. Hətta bəzi bağçaların icra hakimiyyətləri tərəfindən özəlləşdirilməsi,  təmir adı ilə  sökülməsi, yerində binaların, şadlıq evlərinin və restoranların tikilməsi halları müşahidə edildi. Xüsusilə dövlət bağçalarında sanitar-gigiyena, uşaqların qida təminatında ciddi pozuntular müşahidə edildi. Bundan başqa, uşaq bağçalarında müəllimlərin işə qəbulu, uşaqların qeydiyyatı və qəbulu prosesində də ciddi narazılıqlar baş verirdi. Uşaq bağçalarında yerlərin tələbata uyğun olmaması bağçalara qəbulda obyektiv və subyektiv problemlər yaradırdı. Bundan istifadə edən bəzi bağça müdirləri öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq uşaqların bağçalara normativə uyğun qəbulunda müəyyən problemlər yaratmaqla qanunsuzluqlara yol verirdilər”.

 

O, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə verildikdən sonra nə kimi yeniliklərin olacağını vurğulayıb:

 

“Onu da əlavə edək ki, Təhsil Nazirliyinin rəsmi şəxsləri bağçalarda təlim-tərbiyə işinin yüksək səviyyədə təşkil olunmasında və uşaqların bağçalara çəlb olunmasında maraqlı olduqlarını bildiriblər. Təhsil naziri də qeyd edib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində  vahid məlumat bazası mövcud deyil. Nazirlik vakant yerlərin formalaşmasında, direktorların işə qəbulunda rəqabətliliyin artırılmasında maraqlıdır. Dövlət məktəbəqədər təhsil müəssisələrində tədris aparacaq şəxslərin işə qəbulu müəllimlərin işə qəbulu üzrə tətbiq olunan oxşar prinsiplə həyata keçirilməsi nəzərəd tutulur. Həmin müəllimlərin və ya tərbiyəçilərin müxtəlif ixtisasartırma kurslarına cəlbi də mümkündür. Bağçalarda eyni zamanda məzmun dəyişiklikləri də aparılmalıdır. 

 

Məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin qiymətləndirilməsi aparılacaq. Bu pillə üzrə təhsil işçilərinin bu və ya digər formada diaqnostik qiymətləndirilməsinin aparılması labüddür. Məktəbəqədər təhsil müəssisələrində tədris və tərbiyənin milli təhsil proqramına uyğunlaşdırılması, məktəblərə hazırlıq prosesinin lazımi səviyyədə təşkil olunması vacibdir”.

 

Ekspert bağçaların faydasından söz açıb:

 

“Fikrimcə, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin düzgün tənzimlənməsi bu müəssisələrin kimin balansında olmasından daha çox bu sahədə mövcud problemlərin həlli yollarının tapılmasıdır. Dünya təcrübəsinə nəzərə yetirsək görərik ki, Azərbaycan uşaqların bağçalara cəlb olunmasına görə aşağı pillələrdə qərarlaşıb. Ölkədə uşaqların cəmi  20 faizə qədəri məktəbəqədər təhsil müəssilərinə (körpələr evi və uşaq bağçalarına) gedir. Təcrübə göstərir ki, uşaq başçasına gedən insanların cəmiyyətdə uğur qazanması, onların komanda işindəki fəaliyyəti digərlərinə nisbətən daha çoxdur. Uşaq bağçaları həm də valideynlərə bir dəstək mərkəzi olmalıdır. Çünki uşağını bağçaya qoya bilməyən analar işləyə bilmir.

 

Bu sahədə mövcud olan problemlərdən biri də bağçalarda ixtisaslaşmış kadrların az olmasıdır.  Həmin müəssisələrə işə düzəlmə çox asan bir prosesə çevrilib. Bağçalarda işləyənlər ali təhsilli olmalı və həmin müəssisələrə orta təhsillilərin qəbulu məhdudlaşdırılmalıdır.

 

Həmçinin bağçalara qəbul prosesilə bağlı ciddi və şəffaf mexanizm qurulmalıdır.

 

Bu sahə təkcə uşaqların təhsili ilə məhdudlaşmır. Burada səhiyyə məsələləri, uşaqların təhlükəsizliyi, onların hüquqlarının qorunması, məktəbə hazırlıq, həyat və idman vərdişləri kimi vacib komponentlər var.

 

Bu qənaətdəyik ki, Təhsil Nazirliyi bağçalara qəbul prosesinin elektronlaşdırılmasını daha effektiv formada tətbiq edə bilərsə, bu sahədə şəffaflığı artıracaq, xüsusilə valideynlərin narazılığını aradan qaldıracaq. Bundan başqa, fəaliyyətin düzgün tənzimlənməsi və etibarlı mühitin təmini Azərbaycanda bağçalarda təhsil alan uşaqların sayının artmasına da gətirib çıxara bilər. Hər şey Təhsil Nazirliyinin bu sahədə işin düzgün qurulmasından asılıdır. Bunu isə zaman göstərəcək”.

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları