Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 17:23:00
Məktəbdə tədris olunan bu fənlər birləşdirilə bilər - TƏHLİL

 

Bir müddət öncə Təhsil naziri Emin Əmrullayev rəqəmsal inkişafla  bağlı UNEC-in ev sahibliyi etdiyi beynəlxalq konfransa təhsil sahəsindəki bir çox vacib məsələlərə toxunub.

 

Nazir çıxışı zamanı müasir təhsil sistemində ənənəvi fənlərin bəzilərinin vacibliyini itirdiyini bildirib. “Biz hələ də bəzi fənlərin müqəddəsliyinə inanırıqsa, səhv edirik”-deyə, nazir fikrini tamamlayıb.

 

Nəticədə ortaya, -“Hansı fənlərin tədrisdən çıxarılmasına ehtiyac var?”, “Hazırda tədris olunan fənlər gələcək üçün nə dərəcədə vacibdir?” - kimi suallar çıxır.

 

Mövzu ilə bağlı sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva AzEdu.az-a açıqlamasında mövzuya fərqli istiqamətdən yanaşıb:

 

“Düşünmürəm ki, hər hansısa bir fənnin tədrisdən çıxarılmasına ehtiyac yoxdur. Bəlkə müəyyən fənlər ümumiləşdirilə bilər. Məsələn, tarix fənlərinin birləşdirilməsi bəlkə də mümkün olar. Həmçinin, ola bilsin, Həyati bacarıqlara hazırlıq  bir fənn kimi ləğv edilə, digər fənlərin tərkibində tədrisə əlavə oluna  bilər. Bütün fənlərin tədrisi, əslində, insanın sadəcə, bilik öyrənməsinə yönəlməyib. Bu fənlərin tədrisi həmçinin, insanın şəxsiyyət kimi formalaşmasına, həyati bacarıqlar əldə etməsinə, etik dəyərlərə yiyələnməsinə xidmət edir. Bu səbəblə hər hansı fənninin tədrisinin tamamilə dayandırılması deyil, başqa fənlərlə ümumiləşdirilməsi ola bilər”.

 

 

Pedaqoq hazırda tədris olunan fənlərin şagirdlər üçün əhəmiyyətli tərəflərini nəzərə çatdırıb:

 

“Əvvəl tədris olunan əmək dərsi və indi texnologiya müəyyən peşə bacarıqlarının inkişafına yönəlik tədrisə malikdir. Bir fənn həyati bacarıqlara yiyələnmək üçün tədris olunursa, niyə çıxarılsın ki? Fiziki tərbiyə dərslərinin çıxarılmasının ümumiyyətlə əleyhinəyəm. Çünki hazırki dövrdə uşaqlarda skolyoz kimi xəstəliklərə tez-tez rast gəlinir. Bu baxımdan fiziki tərbiyənin tədrisi vacibdir. Ümumilikdə düşünürəm ki, sadəcə bəzi fənlər başqa fənlərə birləşdirilə bilər”.

 

Son olaraq o, -“Hansısa fənnin tədrisinin tamamilə dayandırılmasını çox da qənaətbəxş hesab etmirəm”- qeyd edib.