Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-05 11:00:00
ADA Universiteti və BŞTİ arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ADA Universiteti arasında əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsinə dair görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, BŞTİ müdiri Mehriban Vəliyeva təhsil pillələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsinin mühüm rol oynadığını söyləyib.

 

İdarə müdiri ADA ilə BŞTİ arasında imzalanan əməkdaşlıq sazişi çərçivəsində universitetin məzun və tələbələrinin BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində təcrübə keçmələrinin önəmindən danışıb. M.Vəliyeva təhsilin idarəetməsi ixtisası üzrə ADA-da yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının maraq doğurduğunu söyləyib.

 

ADA-nın prorektoru Vəfa Kazdal BŞTİ ilə əməkdaşlıqdan məmnunluğunu və bu əlaqələrin qarşılıqlı fayda verəcəyinə əminliyini bildirib. Həmçinin qeyd edib ki, bu əməkdaşlıq ADA-nın tədqiqat imkanlarından səmərəli istifadə olunmasına şərait yaradılması baxımından da faydalı olacaq.

 

Prorektor universitetlə ümumi təhsil məktəbləri arasında əməkdaşlıq körpüsü yaradılmasının, qarşılıqlı təcrübə mübadiləsinin həm tələbələr, həm də şagirdlər üçün əhəmiyyətli olacağını nəzərə çatdırıb.

 

Görüşdə ADA ilə BŞTİ arasında imzalanan əməkdaşlıq sazişinə yenidən baxılması, tələbələrlə görüşlərin keçirilməsi, innovativ təşəbbüslərin tətbiqi, tələbələrin ümumi təhsil müəssisələrində və BŞTİ-də təcrübəyə cəlb olunmasının əhatə dairəsinin genişləndirilməsi məsələlərinə dair təkliflər səsləndirilib.