Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-14 13:45:00
“Ali təhsil haqqında” yeni qanun layihəsində hansı yeniliklər olacaq?- Deputat AÇIQLADI

 

 

"Ali təhsil haqqında" yeni qanun layihəsinin təsdiqi prosesində müəyyən gecikmələr müşahidə olunur.

 

 Layihənin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilsə də, hələ ki, bu istiqamətdə hər hansı məlumat verilməyib.

 

Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

 

Məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü İsa Həbibbəyli AzEdu.az-da açıqlamasında layihə üzərində ciddi işlərin görüldüyünü bildirib:

 

 

“Mən komitə sədri olduğum zaman ilkin variant hazırlanmışdı. Amma hazırda layihə üzərində həqiqətən çox iş həyata keçirilib, müasir dövrə uyğunlaşdırılıb, lazımı qanunlar hazırlanıb. Həmçinin bir neçə dəfə müzakirə həyata keçirilib. Ancaq yenə də komitədə bu qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. Düşünürəm ki, nəticə çox yaxşı olacaq”.

 

 

Deputat layihənin hazırlanması prosesində görülən işləri nəzərə çatdırıb:

 

“Elm və təhsil komitəsinin sədri olduğum dövrdə bu layihənin ilkin variantının hazırlanmasında yaxından iştirak etmişdim. Burada əsasən ölkəmizin ali təhsil sahəsindəki davamlı ənənələrinin qorunması, dünya təcrübəsində Azərbaycan reallığına uyğun gələn yeniliklərin əlavəsi nəzərə alınıb. Bu istiqamətdə xeyli iş görülüb. Bizdən sonra da Elm və təhsil komitəsi bu layihənin üzərində ciddi işlər görüb, yeniliklər əlavə edib. Həmçinin, Təhsil Nazirliyi ilə birgə müzakirələr həyata keçirilib, eyni zamanda işçi qrupunda da bu müzakirələr aparılıb”.

 

 

Son olaraq o, -“Hesab edirəm ki, “Ali təhsil haqqında” qanun layihəsinin tam təkmilləşdirilməsi və bütün istiqamətləri əhatə edərək əsas variantın hazırlanması ilə bağlı işlər aparılır”-deyə qeyd edib.