Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-14 13:03:00
Eyni anda 4 ABŞ universitetinə qəbul olunan Rəşad–“ Mənə ayrılan təqaüd 90 min dollardır”-MÜSAHİBƏ

 

“İnsanların həyatında pozitiv təsirlər qoymağı hədəfləyirəm”

 

Azərbaycanlı gənclərin xarici ali təhsil müəssisələrinə yüksək təqaüdlə qəbul xəbərləri gəlməyə davam edir.

 

Bu dəfə belə gənclərimizdən biri Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Rəşad Əhmədovdur. Rəşad, ABŞ-nin 4 universitetinin birbaşa doktorantura pilləsinə tam təqaüdlə (məbləğ: 90.000 dollar) qəbul alıb.

 

Bundan əlavə o, ali təhsil müddətində də bir çox uğurlu fəaliyyətləri ilə seçilib.

 

Faydalı keçən ali təhsil həyatını AzEdu.az-la bölüşən Rəşad, ABŞ universitetlərinə müraciəti və gələcək planlarından da danışıb.

 

Bu istedadlı gəncimizlə müsahibəni təqdim edirik:

 

Əvvəlcə onu tanıyaq...

 

“Rəşad Əhmədov, 22 yaşım var. 2017-ci ildə 677 balla Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi ixtisasına qəbul oldum. Hazırda sonuncu kurs tələbəsiyəm. İndiyə kimi 5 müxtəlif şirkətdə, eyni zamanda Türkiyədə təcrübə keçmişəm”.

 

 

-Ölkə üzrə yüksək balla ən yaxşı universitetlərdən birinə qəbul olmusuz.  Bakalavr təhsili müəddətinizdə özfəaliyyətiniz necə idi?

 

-Artıq 5-ci kursdayam, amma deməzdim ki, bu müddətdə sadəcə texniki təhsil almışam, universitetə gedib-gəlmişəm, belə olmayıb. Bir çox sosial aktivliklərim olub, həmçinin müxtəlif təcrübələrdə də iştirak etmişəm. Məsələn, birinci kursda yəni 2018-ci ildə ilk təşkilatçılığını həyata keçirdiyim tədbirlərdən biri Cümhuriyyətimizin 100 illiyi oldu. Mühəndislik universitetində tarixlə  bağlı bir tədbirin keçirilməsi və tələbələrin buna maraq göstərməsi vacib detal idi. Bununla yanaşı təhsil aldığım müddətdə bir çox təşkilatlarda, klublarda, həmçinin beynəlxalq təşkilatlarda liderlik fəaliyyətim olub. Nümunə olaraq, Neft Mühəndisləri Cəmiyyətində prezident və vitse-prezident vəzifələrində çalışmışam. Bununla yanaşı universitetimizdə təşkil edilən TEDx-ın təşkilatçılarından biri idim. Təhsil müddətimdə ölkəmizdə bir çox tədbirlər həyata keçirilirdi. Həmin tədbirlərdə könüllü, eyni zamanda komanda lideri olaraq fəaliyyət göstərmişəm. Bundan əlavə Türkiyədə SOCAR-da təcrübədə də olmuşam. Ümumilikdə 5 şirkətdə təcrübə keçmişəm.

 

-Xaricdə təhsil almağı hər zaman düşünmüsünüz? Bakalavriat səviyyəsindən birbaşa doktoranturaya qəbul almısız. Bu necə oldu?

 

-Xaricdə təhsil almağı əvvəlcədən planlamamışdım, buna sonradan qərar verdim. Qərar verdikdən sonra özüm üçün universitetləri sıraladım, 4 universitet seçdim və hər birinə müraciət ünvanladım. Nəticədə hamısından qəbul aldım. Amerikada doktorantura təhsili almaq üçün magistratura dərəcəsinin olması kimi bir tələb yoxdur. Seçdiyim proqram 4 illikdir və bu müddətdə magistratura təhsili də almış oluram. Təxminən, sentyabr-oktyabr aylarında universitetlər bir qayda olaraq qəbul prosesi elan edirlər və bu proses mart-aprel aylarına kimi davam edir. Müraciət zamanı bəzi sənədlər tələb olunur və bəzən xarici dil imtahanları da tələb edilir. Müraciət üçün sənədləri doldurarkən öncəki nailiyyətlərinizi və sosial aktivliklərinizi də qeyd etmək şərtdir. Mən də bütün fəaliyyətimi, sosial aktivliklərimi qeyd etdim, daha sonra isə təxminən dekabr, yanvar, fevral aylarında cavablar gəlməyə başladı.

 

 

 

-Qəbul aldığınız təhsil müəssisələrində hansını seçməyi düşünürsüz?

 

-Seçimim ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universiteti olacaq. Bütün təhsilim tam maliyyələşdirilir, mənə ayrılan təqaüdün miqdarı 90 min dollardır.

 

 

-Təhsilinizi başa vurduqdan sonra gələcək üçün hədəfləriniz nələrdir?

 

-Hamımız eyni gəmidəyik, yəni eyni planetdə yaşayırıq deyə bir deyim var. Ona görə də çalışmalıyıq ki, həm yaşadığımız cəmiyyətə, həm də planetimizə müəyyən qədər müsbət təsirlərimiz olsun. Mən də insanların həyatında pozitiv təsirləri qoymağı hədəfləyirəm. Dünya sürətlə dəyişir, biz gərək bu dəyişi yaxından öyrənək, fəaliyyətlərimizi inkişaf etdirək ki, bu dəyişkənliyin bir parçası olaq.