Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-18 14:17:00
Azərbaycan Universiteti boş qalan plan yerlərinə qəbul elan edir  

Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün bakalavriat pilləsi üzrə boş qalan plan yerlərinə qəbul elan edir.

Universitetdən AzEdu.az-a bildiriblər ki, qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla həyata keçirilir.

Qəbul kompüter mühəndisliyi, iqtisadiyyat, menecment, mühasibat uçotu və audit (ingilis dilində), maliyyə (ingilis dilində), iqtisadiyyat (ingilis dilində), menecment (ingilis dilində), marketinq (ingilis dilində), biznesin idarə edilməsi (ingilis dilində) ixtisasları üzrə aparılır.

Bütün ixtisaslar üzrə təhsialma forması əyanidir. Tədrisi ingilis dilində olan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə bir tədris ili ayrılmaqla tədris müddəti beş ildir. Ödənişli əsaslarla qəbul olan tələbələr üçün universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Semestr ərzində minimum 30 kreditlik fənn götürmüş, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq yüz manat məbləğində təqaüd təyin olunur.

Azərbaycan Universiteti tərəfindən təsis edilmiş “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd” birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olunan tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manatdır.

2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Universitetinə ödənişli əsaslarla qəbul olunan 600 və yuxarı bal toplamış tələbələr birinci tədris ili üçün təhsilhaqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94, 9 qiymətləri A/B olduqda təhsilhaqqı ödənişindən 50 faiz, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsilhaqqı ödənişindən tam azad olunurlar.

Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir, yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer edilir.

Ödənişli əsaslarla təhsil alan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları təhsil ödənişindən azaddırlar.

Ətraflı məlumat üçün:

Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71

Telefon: (+994 55) 220-40-58