Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-07 16:16:00
Şagirdlərinin qürur duyduğu qəhrəman müəllim - FOTOLAR

 

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi davam edir.

 

Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

 

Layihənin budəfəki müsahibi Bakı şəhəri 27 nömrəli tam orta məktəbin informatika müəllimi Elvin Səlimovdur.

 

DOSYE:

 

O, 1991-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Nərimanov rayon 202 nömrəli tam orta məktəbində tədris həyatına başlayıb. Təhsil aldığı müddət ərzində bir çox olimpiadalarda iştirak edib, respublika fənn olimpiadalarında uğur qazanıb. Orta məktəbi bitirdikdən sonra 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 2013-2014-cü illərdə ön xətdə hərbi xidmət keçib. 2014-cü ildən sonra informasiya texnologiyaları və proqramlaşdırma sahəsi üzrə çalışıb. 2018-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək respublika birinciliyi ilə Bakı şəhər 27 nömrəli məktəbdə fəaliyyətə başlayıb. Bundan əlavə, 2020-2021-ci tədris ilində Elvin müəllim teledərslərdə iştirak edib. Həmçinin “Rəqəmsal bacarıqlar” layihəsində çalışıb. 2021-ci ildə “İlin gənc müəllimi” müsabiqəsinin qalibi olub.

 

 Elvin Səlimov “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”medalları ilə təltif edilib.

 

Qələbənin ilk ayaq səsləri

 

“Tovuz döyüşləri zamanı könüllü olaraq iştirak etmək üçün müraciət etdim. Sentyabr ayında hərbi kommisarlıqdan çağırış gəldi və bir müddət təlimlərə qatıldım. Əsgərlikdə olduğum dövrdə öyrəndiyim bilik və bacarıqları təkmilləşdirdim”.

 

Füzulinin azadlığı uğrunda aparılan döyüşlər

 

“Təlimlərdən sonra hərbi hissələrin birinə aparıldıq. Sentyabrın 27-dən döyüşlərə qatıldıq. İlk olaraq Füzuli istiqamətində döyüşlərə start verdik. Mən tank əleyhinə bölmədə fəaliyyətimi davam etdirir, əsasən piyada qüvvələrin dəstəyini möhkəmləndirir və bölmələri müdafiə edirdik. Biz tank əleyhinə idarə edilən raket və digər hərbi vasitələrdən istifadə edərək hücuma keçirdik. Həmçinin hərbi müdafiə üçün piyada funksiyasını da yerinə yetirirdik. Füzuli istiqamətində uzun müddət gərgin anlar yaşadıq, çətin günlərimiz oldu. Döyüşün 60-70 faizini məhz burda yaşadıq. Çünki əsas potensialımızın bir hissəsini orada tətbiq etdik”.

 

Qorxaraq çəkilən düşmən, məğlubiyyətin qəbul edilməsi

 

“Mübarizliyimizi görən qarşı tərəf oktyabrın ortalarından sürətli şəkildə  geri çəkilməyə başladı və bu, bizi qələbəyə aparan yol oldu. Oktyabrın sonlarından artıq yolumuz Şuşa istiqamətinə idi. Xüsusi  Təyinatlı Qüvvələr bu yolda çox böyük fədakarlıq göstərdilər. Biz də onlara dəstək funksiyasında Şuşanın azad olunmasında iştirak etdik”.

 

Qələbənin ilk anları, yaxınlaşan Zəfər

 

“Noyabrın əvvəlləri artıq bizə bəlli idi ki, Qələbənin bircə addımlığındayıq. Şükür  ki, hər şey istədiyimiz kimi oldu və Zəfəri qazandıq. O an yaşadığımız sevinci isə  ifadə etmək mümkünsüzdür”.

 

Müharibənin acı üzü və dost itkisinin ağrısı

 

“Heç bir müharibə itkisiz, qansız olmur. Döyüşlərdə  yaxınlarımızı, döyüş yoldaşlarımızın bir hissəsini itirdik. Tanıdığım dostlarımın  bir qismi döyüşlərdə şəhid oldu. Füzuli istiqamətində olan döyüşlərdə  tabor komandirimiz şəhidlik zirvəsinə ucaldı. Onun itkisi bölüyümüzün qol-qanadının qırılması demək idi. O, komandaların icrasını və təmin edilməsini idarə edən şəxs idi. Hamımız qaynayıb-qarşımış, doğmalaşmışdıq. Təlimlər zamanı onunla yaşadığımız xoş anlarımız var idi. Bizim üçün təkcə komandir yox, həm də dost idi. Demək olar ki, hamımız eyni yaşda idik, rütbələrimiz fərqli idi. İtkisindən çox sarsılmışdıq. Aramızda 18-19 yaşlı müddətli əsgərlər də var idi, onlarda ruh düşkünlüyünün yaranmasına icazə verə bilməzdik. Çünki müharibə meydanı elə bir yerdir ki, orda duyğulara yer yoxdur. Yolumuza davam etmək məcburiyyətindəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

 

Cəbhədə də müəllimlik edən Elvin Səlimov

 

“Döyüşlərdə bir müəllim kimi iştirak etmək ikiqat üstünlük idi. Çünki buraya 18 yaşında və universiteti yeni bitirən şəxslər də gəlmişdi. Döyüşdə hansı bölmələrdə müəllim olursa, onların bəxti gətirir, çünki o, həqiqətən də məktəbdəki missiyasını  orada da göstərir. Bu, yalnız döyüş taktikaları ilə bağlı deyil,  həm də mənəvi cəhətdən özünü biruzə verirdi. Bəzi hallarda hiss edirdim ki, sinif otağında oturub dərs keçirəm”.

 

Müəllim məsləhətləri

 

“Onlara tövsiyə edirdim ki, emosiyalara qapılmasınlar, ailələri ilə əlaqə saxlayarkən mətin olduqlarını onlara da hiss etdirsinlər, valideynlərinin nigarançılığına səbəb ola biləcək davranışlardan uzaq olsunlar. Onlara izah etməyə çalışırdım ki, döyüş meydanı əsgərdən cəsurluq, sayıqlıq tələb etdiyi qədər də soyuqqanlılıq, mətinlik tələb edir. Məktəbdə şagirdlər necə dinləyirdisə, döyüşdə də əsgərlər o şəkildə müəllimlərini dinləyirdi. Onlar elə yaşda idilər ki, gərgin məqamlarda belə tövsiyələrə ehtiyacları var idi”.

 

Müəllimlə şagirdin cəbhədə qarşılaşması

 

“Dərs dediyim şagirdim də müharibədə iştirak edirdi. İnsanın öz şagirdi ilə çiyin-çiyinə döyüşdə iştirak etməyi də ayrı bir hiss idi. Ona əminliklə bildirdim ki, biz buradan qələbə ilə ayrılacayıq və mülki həyatda artıq biz müəllim-şagird münasibətindən daha çox dost, eyni zamanda cəbhə yoldaşı kimi münasibətlərimizi davam etdirəcəyik. Çox xoşbəxtəm ki, cəbhədə şagirdimə verdiyim qələbə vədi yerinə yetdi. Bizim ikimiz də döyüşlərdən qalib kimi qayıtdıq”.

 

Qələbədən sonrakı dövrdə yaşanan xatirələr

 

“Noyabrın 10-dan sonra biz dislokasiya mərkəzində  cəmləşmişdik. Həmin vaxtdan təxris olunana qədər axşamlar ocaq başına yığışır, müxtəlif söhbətlər edir, döyüş xatirələrimizi bir-birimizlə bölüşürdük.

 

Orda edilən söhbərlər iki dostun bir-biri ilə söhbətinə bənzəmir. Buranın ab-havası tam fərqli idi. Orda danışdığım hər kəlmə bugünkü kimi yadımdadır, lakin dünən yolda dostumla etdiyim söhbəti xatırlamıram. Çünki ordakı ortam sanki hec nə ilə eyni deyildi”.

 

Döyüşdə edilən müzakirələr, gələcəyin müəllimləri

 

“Söhbətlərdə gələcək planlarımızdan da danışırdıq. Aramızda  müəllim olmaq istəyənlər də var idi. Onlar pedaqoji istiqaməti bitirdikdən sonra hərbiyə yönəlmişdilər. Bəziləri həqiqi hərbi xidmətdə idilər və vəzifələrini yerinə yetirdikdən sonra müəllim fəaliyyətlərinə başlayacaqdılar. Hətta deyim ki, onlardan bir neçəsi hazıda müəllimdir. Biri bizim qonşu idi. Gənclərə bəzi məsləhətlər verirdim. Müəllim olmaq istəyən dostlara kurikulumu hansı kitabdan oxumaq lazım olduğunu, hansı müəllimin daha yaxşı hazırlaşdırdığını və s. barədə müzakirələr aparırdıq. İnsan mülki həyatda hansı sahəni, peşəni təmsil edirsə, digər ortamlara düşəndə də öz peşəsindən nümunələr gətirməyə çalışır”.

 

Adı bilinməyən kəndlərin azadlığı və sevinc dolu anlar

 

“ Eşidirdik ki, filan kənd və ərazilər işğaldan azad edilib. Bu bizim üçün əvəzolunmaz sevinc idi. Oktyabr ayında Füzulinin kəndləri ardıcıl olaraq işğaldan azad edildi. Onda isə ikiqat sevinirdik, çünki özümüz şəxsən o kəndlərin azad olunmasında iştirak edirdik. Səngərlər vasitəsilə irəliləyirdik. Sonra “Google Map” vasitəsilə həmin ərazilərə baxır və hara olduğunu müəyyənləşdirirdik. Gözlərimə inana bilmirdim, çünki bu yerləri mən doğulandan işğal altında görmüşdüm. Ən böyük sevinci də bu hisslər yaradırdı. Sevinirdik ki, bizdən sonra gələn nəsillər artıq bu torpaqları işğalda olduğunu görməyəcəklər, biz hamılıqla onlara azad torpaqlar hədiyyə etmişik.  Bunların fərqinə varmaq əvəzolunmaz duyğudur”.

 

Zəfərlə yekunlaşan müharibənin fərəh hissi, qarşısı alınan revanş

 

“Atəşkəs elan olunan zaman yuxarı komandanlıq bizə dedi ki, döyüş tapşırıqları dayandırılsın. Bizə təlimat verildi ki, heç bir atəş açılmasın. Qarşı tərəfə heç bir hücum xaraxterli  hərəkət edilməsin. Tapşırığımız belə idi ki, bütün hərbi əməliyyatlar birdəfəlik dayandırılsın. Lakin düşmən hər zamankı kimi məkirli planlarından əl çəkmirdi. Bir neçə saat sonra xəbər çatdı ki, üçtərəfli razılaşma əldə olunub. Bu qərar ən ideal və uyğun vaxtda verildi. Hər şey elə  zamanda baş verdi ki, qarşı tərəfin  revanş hissi tamamilə puç oldu”.

 

Müharibənin gətirdiyi dostluq

 

“Dekabrın 25-nə kimi Cəbrayıl rayonunda dislokasiya mərkəzində olduq. Burada əsgər yataqxanasında məskunlaşmışdıq. Bir-birimizə çox bağlanmışdıq, doğmalıq hiss edirdik. Hətta elə əsgərlər var idi ki, qayıtmaq istəmədiklərini deyirdilər.

 

Cəbhə yoldaşlarımızla münasibətlərimizi bu gün də davam etdiririk. Hətta biri məni toyuna dəvət etmişdi. Bəzi hallarda yolda qarşılaşırıq. Vaxt apanda görüşürük də”.

 

Şagirdlərin qürur mənbəyi olan Elvin müəllim

 

“Müharibədən sonra şagirdlərim məni böyük ruh yüksəkliyi ilə qarşıladı. Onlar üçün müəllimləri ilə bərabər, həm də  döyüş meydanında zəfər qazanan qəhrəmanlardan biri olmuşdum.  Bu məni sevindirməyə bilməzdi.

 

Onlar tez-tez müharibə, döyüş texnikaları ilə bağlı suallar  verirlər. Döyüşlər zamanı qarşılaşdığımız hadisələrdən danışarkən çox maraqla dinləyirlər. Onlara tövsiyəm odur ki, gələcəkdə hansı peşəyə yiyələnmələrindən asılı olmayaraq o peşənini məsuliyyətini dərk etsinlər, layiqincə yerinə yetirsinlər. Torpaqlarımız artıq 30 illik işğaldan sonra azaddır, Böyük Qayıdışın astanasındayıq. İndi bizə daha savadlı, bacarıqlı gənclər lazımdır. Hamı öz işinə məsuliyyətlə yanaşsa istənilən çətinliyin öhdəsindən gəlmək mümkün olar”.

 

Müharibədən sonrakı həyata uyğunlaşma

 

“Yeni qayıtdığım vaxtlar döyüşlərdə yaşadıqlarımız yuxularıma girirdi. Bir az həssaslaşmışdım. Müharibədən sonrakı Elvin müəllimlə, əvvəlki Elvin müəllim arasında  fərqlər var idi sanki.  Lakin bunun da öhdəsindən gəldik. Çünki mülki həyatda bizi gözləyən işlər, planlar var. Onlara köklənmək, məsuliyyətində olan işləri yerinə yetirmək lazımdır. Döyüşlər, Vətən uğrunda apardığımız mübarizə, cəbhə dostlarımız... Bütün bunlar isə həyatımızın unudulmaz anları kimi xatirəmizdə yaşayacaq”.

 

Qeyd edək ki, Elvin Səlimov “İlin gənc müəllimi”2021 müsabiqəsinin qalibi olub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları