Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 14:54:00
“İstərdim ki, dünyada ən yüksək maaş Azərbaycan müəllimlərinin olsun, təxminən bu qədər...”– Bəhram Bağırzadənin TƏHSİL RESEPTİ

AzEdu.az-ın “Təhsil resepti” rubrikasının budəfəki həmsöhbəti tanınmış  aktyor, bir zamanların məşhur “Bakılı oğlanlar” komandasının əsas üzvlərindən olan  Bəhram Bağırzadədir.

O, rubrikanın formatına uyğun olaraq Azərbaycan təhsilini öz nöqteyi-nəzərindən təhlil edib. B. Bağırzadə öncə qeyd edib ki, təhsilin  tərəqqisi  üçün  öncəliklə inkişaf etmiş ölkələrin təhsilindən yararlanmaqda fayda var:

“Təhsil məsələləri ilə KVN-in aktyoru deyil, nazirlik və peşəkarlar məşğul olmalıdırlar. Amma öncəliklə digər dövlətlərdən mütəxəssislərin dəvət olunmasına ciddi ehtiyac var. Finlandiya, Norveç, İsveçrə, İsrail, Almaniyadan peşəkarları gətirib, görüşlər, ustad dərsləri  keçirməlidirlər. “Təhsili bu vəziyyətdən necə çıxarmaq”, barədə düşünməli,  onu daha da yaxşılaşdırmaq üçün ortaq qərarlar verilməlidir”.

Təhsil məsələlərinə yaradıcı yanaşan aktyor orta məktəblərdə rəqs dərslərinin keçirilməsinin tərəfdarıdır:

“Əvvəla, bir vətəndaş, valideyn kimi orta məktəblərin 8-ci sinfinədək rəssamlığın tədris olunmasını istərdim. Rəssamlıq şagirdlərin zövqünü oyadacaq, rəng duyumunu inkişaf etdirəcək. Sabah onlar düzgün geyinib, evlərini düzgün təmir edə biləcəklər.

İkinci növbədə şagirdlərdə məntiqin inkişaf etdirilməsi üçün şahmatın tədrisini uyğun görürəm. 1-5-ci siniflərdə şagirdlər şahmat oynamalıdırlar. Sovet dönəmində orta təhsil alarkən riyaziyyat müəllimimiz bizimlə tənəffüsdə şahmat oynayardı. Sinifdə 37 nəfərin hər biri ali məktəbə qəbul olundu. İndi onlar kifayət qədər məntiqli düşünən insanlardır və cəmiyyətdə nüfuz qazanıblar.

Üçüncüsü isə əlimdə osaydı, Azərbaycan rəqslərini dərsdənkənar tədris edərdim. İstərdim ki, övladlarımız ən azı 5 milli rəqsimizi gözəl ifa edə bilsinlər. Toylarda müşahidə edirəm. Gənclərin biri də Azərbaycan rəqsi ilə oynamır. Hansı rəqsi istəsələr onları qarışdırırlar. Halbuki, bizim 600-ə yaxın rəqsimiz var: “Yallı”dan tutmuş, “Naz eləmə”yədək”.

Bir millət ki, özünə gülə bilir, deməli, o, formalaşmış millətdir...

O, KVN-in işıqlandırdığı təhsil məsələlərinin nəyə əsasən seçildiyini açıqlayıb:

“KVN sistemində nəyisə qabartmaq mənim səlahiyyətimdə deyil. Mövzuları rəhbərlik təyin edirdi. Sadəcə, mənə aktyor kimi rol verilir və oynayırdım, indi də oynayıram. Amma biz KVN fəaliyyətimizdə təhsillə bağlı gündəmdə olan hər bir problemi araşdırıb işıqlandırmışıq. Özü də sevə-sevə. Biz də valideynik. İstərdik ki, Azərbaycan övladları savadlı olsun.

Müəllim, alim təbəqəsinin də bizim sətiraltı atmacalarımıza münasibəti çox yaxşı olub. Ümumiyyətlə, biz heç vaxt təhqir etmirik, sadəcə tənqid edirik. KVN-in işi insanlara öz qüsurlarını göstərməkdir. Mən də istərdim ki gənc kolleqalar məni parodiya etsin, mənfi cəhətlərimi desinlər. Əksinə, mən bundan ibrət götürərəm. Bunu çox yaxşı qəbul etmək lazımdır. Bir millət ki, özünə gülə bilir, deməli, o, formalaşmış millətdir”.

Aktyor təhsillə bağlı fikirlərini bölüşərkən müəllimlərin maaş məsələsinə də toxunub:

“Azərbaycan müəllimini ən yüksək maaşla görmək istəyirəm. İstərdim ki, dünyada ən yüksək maaş Azərbaycan müəllimlərinin olsun.  Belə olsa, bununla əlaqədar olan bütün problemlər həll olar. Azərbaycanda təhsilin yüksək olmasını istəyiriksə, müəllimlərin maaşını qaldırmaq lazımdır. Ən azı 1500- 2000 manata qədər”.

“Bizim problemimiz elə odur ki, aktyorlarımız mütaliə etmirlər”.

O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədrisin nə dərəcədə yaradıcı olmasından söz açıb:

“Mən də İncəsənət Universitetində təhsil almışam. Bizim dövrümüzdə bura tələbələrə kifayət qədər yaradıcılıq bəxş edirdi. İndiki vəziyyət barədə isə məlumatım yoxdur. Mən ali məktəbi 25-30 il bundan əvvəl bitirmişəm. Amma o zamanlar çox istedadlı müəllimlərimiz vardı. Cəmil Quliyev mənim müəllimim olub. Mənim bu gün aktyor kimi yetişməyimin 90% yükü elə həmin müəllimin çiynində olub.

Ümumiyyətlə, biz çox istedadlı xalqıq. Dünyayda 10 istedadlı xalq varsa, onlardan biri bizik.  Sadəcə bəzi səbəblərdən fitri istedadlı adamlar respublikadan getdilər”.

Sonda isə aktyor bəzi kolleqalarının mütaliədən uzaq olmasını təəssüf hissi ilə vurğulayıb:

“Komediyaçı olmaq üçün xüsusi təhsilə ehtiyac var. Ən azı təhsil alanlar kitab oxuyurlar. Bizim problemimiz elə odur ki, aktyorlarımız mütaliə etmirlər. İncəsənət adamı kitab oxumalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları