Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 10:12:00
Tələbə qəbulu qaydalarında bu dəyişikliklər OLACAQ

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydaları təkmilləşdiriləcək. Bu barədə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında qeyd olunub.

 

Sənədə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul prosesi ilə bağlı mövcud vəziyyət təhlil edilməli və qiymətləndirilməli, qəbul prosesində şəffaflığın təmin edilməsi məqsədilə müvafiq layihələr hazırlanmalı, proses elektronlaşdırılmalı, sonda qaydalar təkmilləşdirərək bu sahədə qəbul edilən normativ hüquqi aktların icrası təmin edilməlidir.

 

Qərara əsasən tələbə qəbulunda hansı dəyişikliklər olacaq?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, Milli Strategiyanın qəbul edilməsi kifayət qədər müsbət addımdır. O, dəyişikliklərdən müsbət gözləntilərinin olduğunu söyləyib:

 

“Azərbaycanda son illər ərzində təhsil sahəsində ciddi şəkildə islahatlar həyata keçirilib, lakin şəffaflaşma təmin edilsə də neqativ hallar var. Xüsusilə ikinci- əlavə təhsillə bağlı pozuntular müşahidə edilir. Məhz Milli Strategiyada əsas səbəblərdən biri şəffaf sistemin qəbula gətirilməsidir. Söhbət birinci qəbuldan getmir. 1992-ci ildən 2016-cı ilə kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK), 2016-ci ildən bu günə kimi isə Dövlət İmtahan Mərəkəzi (DİM) ölkədə obyektiv və şəffaf imtahanlar keçirir. Biliyin qiymətləndirmə meyarları ciddi şəkildə qorunur. Bu gün istənilən şəxs sosial vəziyyətindən asılı olmayaraq imtahanlarda iştirak edərək öz biliyinə uğyun, topladığı bala əsasən ali məktəbə qəbul ola bilər”.

 

Ekspert hələ də əlavə təhsillə bağlı nöqsanların olduğunu vurğulayıb:

 

“Xüsusən hüquq ixtisası üzrə əlavə təhsillə bağlı pozuntuların şahidi oluruq. Milli Strategiyada ikinci ali təhsilin şəffaflığının təmin edilməsi qeyd olunur. Bu istiqamətdə görüləcək işlərin əsasını ikinci təhsilin obyektiv yollarla həyata keçirilməsi təşkil edəcək. Ali təhsil müəssisələrinə imtahan qaydalarında dəyişikliyə ehtiyac var. Çünki şagirdlər iki dəfə buraxılış və qəbul imtahanı verirlər. Milli Strategiyanın qəbul edilməsi təhsil sistemində şəffaflığa, korrupsiyanın tamamilə aradan qalxmasına gətirib çıxaracaq”.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov hesab edir ki, Milli Strategiyada diqqət çəkən məqam əlavə təhsillə bağlıdır:

 

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illərdə görüləcək işlərdə təhsillə əlaqəli bir neçə nüansa yer verilib. Bu gözlənilən idi, çünki son illərdə universitetlərdə saxta köçürmə, qeyri-qanuni qəbul problemləri aradan qalxdı. Müstəqilliyin ilk illərindəki xaotik, qeydiyyatsız universitetlərə qəbul təhsil üçün böyük problemlər yaradırdı. Artıq mərkəzi sistemin olması saxta diplom məsələsini həll edir. Universitetlər  əlavə təhsil istiqamətli qəbul aparırdılar, bu da qeyri-obyektivliyə gətirib çıxarırdı. Bu sahə üzrə populyar ixtisaslar hüquq, beynəlxalq münasibətlər və digərləridir. Düzdür, bir mütəxəssisin diplom alması, özünü inkişaf etdirməsi müsbət haldır, ancaq bunun bir qayda ilə həyata keçirilməsi daha əhəmiyyətlidir. Hazırda strategiyada nəzərdə tutulan məqam odur ki, yenidən ixtisas artıraraq əlavə təhsil almaq istəyənlər bu prosesi müəyyən qaydalarla həyata keçirəcəklər”.

(Modern.az)