Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 09:25:00
“Köhnədən qalan lazımsız ixtisaslar universitetlərdən yığışdırılmalıdır”-Rektora dəstək

 

 

UNEC rektoru professor  Ədalət Muradov ali təhsilin əsas problemlərinə diqqət çəkməkdə davam edir.

 

Rektor zaman keçdikcə müəyyən ixtisasların əhəmiyyətini itirməsi və hazırda tədrisi aparılan bəzi ixtisaslara gələcəkdə tələbatın yoxa çıxacağı ilə bağlı məəsləni gündəmə gətirib.

 

Bəs bu kimi problemlərin həlli üçün hansı addımlar atılmalıdır? Hazırda ölkəmizdə tədrisi aparılan hansı ixtisasların ləğvinə, həmçinin, nə kimi yeni ixtisasların açılmasına ehtiyac var?

 

Mövzu ilə bağlı AzEdu.az-la fikirlərini bölüşən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bu fikirləri dəstəkləyərək, bəzi ixtisasların köhnəldiyini qeyd edib:

 

“Yəqin ki, bəzi ixtisasların adları, mənası köhnəlib. Yeni çox sayda ixtisaslar var. Səhv etmirəmsə, Təhsil Nazirliyi dünyada aktual olan, təlabatın çox olduğu, ancaq bizdə olmayan ixtisaslarla bağlı müəyyən işlərin görülməsi istiqamətində məsələ qaldırmışdı. Bu da təbii bir prosesdir. Yəqin hər sahə üzrə mütəxəssislər bu mövzu ilə bağlı öz təkliflərini verəcəklər”.

 

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz AzEdu.az-a açıqlamasında bu fikirləri dəstəkləyərək dövrün tələbələrinə uyğun yeni ixtisaslara ehtiyac olduğunu bildirib:

 

“İndi qlobal dünyanın çağırışları var. Azərbaycan da bu qlobal dünyanın tərkib hissəsidir. O cümlədən, cəmiyyətimizdə də bu istiqamətdə informasiya texnologiyalarının tətbiqi gedir. Belə demək mümkünsə, bütün sahələrdə rəqəmsal tranformasiya prosesi aparılır. Rəqəmsal transformasiyanın  iqtisadiyyatın, cəmiyyətin bütün sahələrinə da tətbiqi üçün yeni yanaşmalara ehtiyac var. Bu baxımdan universitetlər də prosesə uyğun olaraq əmək bazarına kadr hazırlamalıdırlar. Məsələn, bank rəqəmsallaşır, kənd təsərrüfatı rəqəmsallaşır, ağıllı kənd təsərrüfatı qurulur. Ağıllı kənd təsərrüfatı da qurulursa, demək ki, burada klassik aqronomlar lazım deyil. Yaxud ölkəmizdə alternativ enerji sahəsi hazırda inkişaf edir. Artıq buna uyğun ixtisaslar lazımdır”.

 

Osman Gündüz, köhnə ixtisasların yenilənməli olduğuna diqqət çəkərək, Təhsil Nazirliyinin yeni ixtisaslarla bağlı ölkə reallığına uyğun olaraq təkliflər verməli olduğunu vurğulayıb:

 

“Amma yerli ali təhsil müəssisələrinə baxanda görürük ki, əksəriyyətində ixtisaslar, adları, proqramları, sillabusu köhnədir. Hər bir ixtisasın arxasında müəyyən proqram var, burada nə necə olmalıdır, nələr öyrənilməlidir, həmin ixtisasları bitirən tələbələr hansı bilik və bacarıqlara sahib olmalıdırlar və s. qeyd olunur. Bu proqramlar dəyişməlidir. Proqramları, ixtisasları Nazirlər Kabineti Təhsil Nazirliyinin tövsiyələrinə uyğun olaraq hazırlayır və təsdiq edir.  Buna görə də düşünürəm ki, Təhsil Nazirliyi hökumət qarşısında Azərbaycan reallığına uyğun olaraq, ölkəmizdəki rəqəmsal tranformasiyanın tələblərinə uyğun olaraq qarşıdakı dövrlər üçün vacib olan yeni ixtisasların təsdiqinə dair təklif irəli sürməlidir. Köhnə ixtisasların da modifikasiyası aparılmalıdır, onlar yenilənməlidir və proqramları dəyişilməlidir”.

 

Son olaraq o, -“Hazırda köhnədən qalan lüzumsuz proqramlar, ixtisaslar var, onlar dəyişməlidir”-deyə bildirib.