Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-30 09:00:00
 Şagirdlərimiz nəhəng dünya universitetinə necə qəbul olundular? -  Onların uğur sirri

 

 

Dünya top universitetləri reytinqində 41-ci yerdə olan Cənubi Koreyanın ən yaxşı universiteti KAIST nəticələri açıqlayıb.

 

Universitet cəmi 80 xarici şagirdi bakalavra qəbul edib, onlardan 12-si azərbaycanlıdır.

 

AzEdu.az KAIST Universitetinə qəbul olan şagirdlərin bəziləri ilə ünsiyyətdə olaraq onların uğur sirlərini öyrənib.

 

 

Fizika-Riyaziyyat və İnformatika  Təmayüllü Liseyin  11-ci sinif şagirdi Amin Cəfərzadə

 

KAIST Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olunub:

 

“2005-ci il 6 avqust tarixində  Bakı şəhərində anadan olmuşam. Hazırda  11-ci sinifdə oxumağıma baxmayaq, universitetə qəbul imkanı qazanmışam. 

 

Bir çox xarici təhsil müəssisələri  üçün əsas  meyarlardan biri də SAT və IELTS nəticələrinin olmasıdır. Mənim SAT-dan 390, IELTS-dən isə  6.5 nəticəm olub. Bundan əlavə 7-ci sinifdən riyaziyyat fənni üzrə bir çox olimpiadalarda iştirak edib, 4 il ərzində bir çox beynəlxalq nəticələr qazanmışam. 10-cu sinifdə oxuduğum zaman beynəlxalq riyaziyyat olimpiadasından bürünc medal qazandım”.

 

Amin xarici universitetə qəbul zamanı esse yazmağın vacibliyini qeyd edib:

 

“Hər xarici universitetə qəbul zamanı onların  xüsusi esse tələbləri olur. Bu işdə mənə hazırlaşdığım yer yaxından köməklik etdi. Onlar sənəd və nəticələrin göndərilməsində böyük səy göstərdilər.

 

Esse yazan zaman insanın şəxsi düşüncələrinə xüsusi diqqət yetirirlər. Bu mətnlər sayəsində bir çox universitetlər şagirdlərin dünyagörüşünü və onların həyata baxışını müəyyən etmək imkanı əldə edir”.

 

Şagird KAIST Universitetinə hazırlaşanlara bir sıra tövsiyələr verib:

 

“Hazırlaşan şəxslərə daha çox səbrli olmalarını tövsiyə edirəm. Heç vaxt yollarından dönməsinlər, çünki bu hazırlığın sonu yaxşı istiqamətdə davam edəcək”.

 

O, olimpiadalarda iştirakından söz açıb:

 

“Məktəb zamanı respublika fənn olimpiadalarında 4 dəfə iştirak etmişəm və riyaziyyatdan 1 gümüş, 2 qızıl, informatikadan isə 1 bürünc medal qazanmışam. Bundan əlavə Dünya Balkan Riyaziyyat olimpiadasında iki dəfə iştirak edərək 1 bürünc və 1 gümüş medal sahibi olmuşam. Ötən il Beynəlxalq Riyaziyyat Olimpiadasına qatılaraq  bürünc medala layiq görüldüm”.

 

Amin gələcək hədəflərindən söz açıb:

 

“Kompüter mühəndisliyi ixtisasına qəbul olmuşam. Öz seçdiyim sahəni sevir və bu istiqamətdə püxtələşərək yeni biliklər qazanmaq istəyirəm. İxtisasımla bağlı bir çox layihələr həyata keçirməyi   planlayıram.

 

KAIST  Universiteti top 40-da yerləşən ali təhsil müəssisələrindən birdir. Düşünürəm ki, burada oxumaq üçün çox yaxşı şərait var. Hazırlaşanların hansı ixtisası seçmələrindən asılı olmayaraq orada çox yaxşı şərait olduğunun fərqinə varacaqlarına inanıram”.

 

 

Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin 11-ci sinif şagirdi Nəriman Şirinli KAIST Universitetinin kimya mühəndisliyi ixtisasına qəbul olunub:

 

“2005-ci ildə Şamaxı şəhərində anadan olmuşam. Abşeron Rayon Masazır kənd 3 saylı məktəbdə təhsil həyatıma başlamış və hazırda Bakı Dövlət Universitetinin nəznində Gənc İstedadlar Liseyində təhsilimi davam etdirirəm.

 

7-ci sinifdən etibarən kimya olimpiadalarında iştirak edirəm. Bu olimpiadalara qatılmağım qəbul prosesimə yaxından köməklik göstərdi. Çünki seçim zamanı olimpiada nəticələrinə xüsusi fikir verirlər. Ona görə də 7-ci sinifdən iştirak etdiyim yerli və beynəlxalq olimpiadalar mənə dəstək oldu. 4 beynəlxalq, 5 milli olimpiadada iştirak etmişəm. Lakin bunların heç biri KAIST üçün kifayət etmir. Çünki oraya qəbul üçün IELTS və SAT nəticələrinin olması vacibdir. Həmçinin, essenin yazılmasına da xüsusi diqqət ayrılır”.

 

Şagird hansı problemlərlə qarşılaşdığından söz açıb:

“Universitetə müraciət yanvar ayından başlayıb. Biz bu vaxta kimi bütün sənədləri göndərməli idik. Lakin bu müddətdə IELTS və SAT almaq üçün bir qədər gecikdim və bu da mənə problem törətdi. Amma bu imtahanları verdikdən sonra universitetə müraciət etdim.

 

KAIST Asiya universitetləri arasında olimpiada göstəricilərinə hər zaman çox önəm verən ali təhsil müəssisələrindən biri olub. Onlar daha çox beynəlxalq olimpiadalara üstünlük verirlər. Ona görə də şagirdlər gecikmədən hələ 7-ci sinifdən olimpiadalarda iştirak etməlidilər”.

 

 

Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdi Məshəti Piriyeva KAIST Universitetinin kimya mühəndisliyi ixtisasına qəbul olunub:

 

“2005-ci ildə anadan olmuşam. Hazırda Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıram. KAIST-ə xüsusi olaraq hazırlaşmamışam.

 

Olimpiada nəticələrim əsas götürülərək  qəbul olundum. Kimya fənnindən respublika və beynəlxalq fənn olimpiadalarında iştirak etmişəm. Respublika fənn olimpiadalarından  1 gümüş və 1 qızıl medal, beynəlxalq kimya olimpiadasından isə 1 bürünc medal qazanmışam. Bundan sonra xaricdə təhsil almağa qərar verdim, ona görə də ROOF Academy-ə müraciət etdim. Sənədləşmə prosesini həyata keçirdikdən  sonra yalnız KAIST deyil, bir neçə universitetə müraciət etdik. Buna uyğun olaraq yaxın günlərdə KAIST-dən müsbət cavab gəldi, təqaüdlə qəbul olundum. TOFEL və SAT imtahanına hazırlaşmışam.

 

Bu universitetdə əvvəl oxuyub sonra ixtisası seçirsiz, mən kimya mühəndisliyi üzrə təhsil alacağam”.

 

O, KAIST-ə hazırlaşanlara məsləhət verib:

 

“KAIST-ə hazırlaşanlara olimpiadalara xüusi diqqət yetirməyi və mütləq şəkildə iştirak etməyi tövsiyə edirəm. Respublika fənn olimpiadalarından 9-cu sinifdə gümüş, 10-cu sinifdə isə qızıl medal əldə etmişəm.Yaponiyada keçirilən Beynəlxalq Kimya Olimpiadasından bürünc medal əldə etmişəm”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları