Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-29 10:49:00
DİM-in sektor müdirindən abituriyentin uğur sirri – Vaxtın düzgün bölünməsi, gərginliyin azaldılması YOLLARI

 

“İmtahanda yalnız biliklər deyil, həmçinin, özünü və prosesi idarə etmək bacarığı da sınanır və imtahanın gərginliyi nəticələrə təsir göstərir”

 

XI siniflərin buraxılış imtahanları artıq yekunlaşıb. Aprel ayından etibarən, artıq, IX sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsinə başlanılacaq.

 

İstər buraxılış, istərsə də qəbul imtahanlarında abituriyentlərin əsas problemlərindən biri vaxtın düzgün idarə edilməsidir. Çox zaman namizədlərin imtahana necə hazırlaşmasından asılı olmayaraq həyəcan,yaxud digər səbəblərlə sualların hamısını cavablamağa və ya cavab kartını kodlaşdırmağa zaman çatdıra bilməməsi kimi problemlər müşahidə olunur.

 

Belə olan halda abituriyentlər imtahanda vaxtlarını lazımı şəkildə idarə etmək üçün necə hərəkət etməli, hansı addımları atmalıdırlar? İmtahanda verilən zamanı düzgün istifadə etmək üçün nələrə diqqət etmək lazımdır?

 

Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova AzEdu.az-a açıqlamasında abituriyentlərin bu probleminin səbəblərini aydınlaşdırıb:

 

“Vaxtın idarə edilməsi bir bacarıqdır və bildiyimiz kimi, hər bir bacarıq təcrübə nəticəsində təkmilləşir. Təcrübəni bir neçə formada əldə etmək olar və hər biri öz növbəsində vacibdir. İlkin təcrübə evdə, fərqli tip suallar ilə iş nəticəsində əldə olunur. Testlərlə işləyərkən hər fənn üçün sualın çətinliyindən asılı olaraq orta hesabla tələb olunan vaxtı müəyyən etmək vacibdir. İkincili təcrübə isə artıq sınaq imtahanlarında qazanılır. Bir çox abituriyent sınaq imtahanında aşağı bal toplayaraq özünü, valideynlərini və ya müəllimlərini məyus etməkdən çəkindiyi üçün təlaş keçirir. Bu yanlış yanaşmadır, çünki sınaqların əsas məqsədi abituriyentləri imtahan prosesi ilə tanış etmək, vaxtı düzgün bölmək bacarığını təkmilləşdirmək üçün şərait yaratmaq və artıq imtahan günü gəldikdə həyəcanın səviyyəsini azaltmaqdır”.

 

“İnsanın yalnız biliklərinin olması uğurlu imtahan verməsi ilə nəticələnməyə bilər”

 

“Populyar bir sual var – insanın biliyi var, ancaq imtahandan yüksək bal toplaya bilmir, niyə? Çünki adətən bu düşüncənin arxasında “oxuyuram, sınağa getməsəm belə, imtahan günü heç kimin bacarmadığını, mən bacaracam” fikri dayanır. Həmin şəxs imtahanda vaxtını düzgün bölməyib, həyəcanını idarə edə bilməyib, nəticədə kodlaşdırmada səhvlərə yol verib, çatdırmayıb, bildikləri yadına düşməyib və ya tələsərək sualı səhv oxuyub və s.”

 

Sektor müdiri abituriyentlərdə imtahan zamanı yaranan gərginliyin səbəblərindən birinin də valideynlərin göstərdiyi təzyiq olduğunu qeyd edib:

 

“İmtahanda yalnız biliklər deyil, həmçinin, özünü və prosesi idarə etmək bacarığı da sınanır və imtahanın gərginliyi nəticələrə təsir göstərir. Bu gərginliyi yaradan səbəblərdən biri valideynlərin və cəmiyyətin uşaqlara göstərdiyi təzyiqdir. Təzyiq nəticəsində imtahan həyəcanı daha güclü, imtahanın əhəmiyyəti olduğundan daha yüksək qiymətləndirilir, məqsəd hər hansı bir ixtisas üzrə yaxşı peşəkar olmaq deyil, yalnız yüksək bal toplamaq olur və nəticədə belə bir mühüt həm abituriyentə, həm valideynə psixoloji və fizioloji gərginlik yaşadır. Bu və digər mövzularla əlaqədar e-psixoloq.az saytında müntəzəm olaraq maarifləndirici paylaşımlar edilir”.

 

O, abituriyentlərin imtahanda vaxtın idarə edilməsi baxımından yol verdikləri əsas səhvləri göstərərək, lazımı addımların atılması üçün öz tövsiyələrini verib:

 

“İmtahan vaxtının planlaşdırılmasında tez-tez buraxılan səhvlərdən biri də bütün fənlərə bərabər vaxt ayrılmasıdır. Məsələn, tutaq ki, abituriyent üç saat ərzində üç fəndən imtahan verməlidir və imtahan vaxtını planlaşdıran zaman hər fənnə 1 saat ayırır, lakin belə bir vəziyyətdə, çox güman ki, istənilən nəticəni əldə edə bilməyəcək, çünki nə kodlaşdırmanı, nə də bir fənnin öhdəsindən digərinə nisbətən daha tez gələcəyini nəzərə almayıb. Deyilənləri ümumilləşdirdikdə, növbəti tövsiyələri verə bilərik:

 

  1. testlərlə məşq edərək fərqli sual tipləri ilə işləməyə vərdiş etmək;
  2. testləri işləyən zaman vaxta nəzarət etmək;
  3. sınaq imtahanlarında iştirak zamanı hər bir fənn üçün vaxtı planlaşdırmaq;
  4. imtahanlara mexaniki qol saatı götürmək”