Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-26 14:00:00
MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) 2022-ci ilin 22-24 mart tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 5-ci MENA Ali Təhsil Liderlik Forumunda (The 5th MENA Higher Education Leadership Forum) təmsil olunub. Forum “COVID 19-dan sonrakı dövrdə ali təhsilin yenidən qurulması: daha çevik ali təhsil ekosisteminə doğru” (Re-inventing Higher Education Post COVID-19: Towards a Responsive Higher Education Eco-system) mövzusunda keçirilib.

 

Forumda Dünya Bankı, UNESCO, Times Higher Education, Beynəlxalq Universitetlər Assosiasiyası (IAU), Avropa Universitetləri Assosiasiyası (EAU) və digər beynəlxalq təşkilatların nümayəndələri, eləcə də dünyanın 60-dan artıq ölkəsindən 300-dən çox ali təhsil mütəxəssisləri və universitet rektorları iştirak ediblər. Forumun açılış mərasimində BƏƏ-nin İnkişaf və gələcək üzrə dövlət naziri giriş sözü ilə çıxış edib. Üç gün müddətində hibrid formatda davam edən Forum çərçivəsində post-pandemiya dövründə ali təhsilin gələcəyi ilə bağlı müxtəlif mövzularda seminarlar, vebinarlar, plenar iclas, panel müzakirələr, keys təqdimatlar və dəyirmi masalar təşkil olunub.

 

Forumda fəal iştirak edən MDU-nun rektoru Şahin Bayramov “Ali təhsilin yenidən qurulması: rəqəmsallaşma və universitetlərin gələcəyi” adlı bölmədə çıxış edib. Ş.Bayramov “Yeni dövrün universitetinə çevrilmək yolunda: Mingəçevir Dövlət Universiteti təcrübəsi” (Case Study of Mingachevir State University: Becoming a New Age University”) mövzusunda təqdimat edib.

 

Ali təhsilin gələcəyinə həsr olunan belə beynəlxalq səviyyəli tədbirdə iştirak etməkdən məmnunluğunu bildirən rektor Ş.Bayramov universitet idarəçiliyinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi baxımından Forumun əhəmiyyətli platformaya çevrildiyini qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.

 

Azərbaycanın dördüncü iri sənaye şəhərində fəaliyyət göstərən MDU-nun ölkənin gənc universitetlərindən biri olduğunu vurğulayan Ş.Bayramov təmsil etdiyi ali təhsil müəssisəsinin strateji hədəflərindən bəhs edib. Yeni dövrün universitetinə çevrilməyin əsas hədəflərdən olduğunu diqqətə çatdıran rektor dayanıqlı inkişaf əsaslı universitetə transformasiyanın MDU-da əsas prioritet kimi müəyyən edildiyini bildirib.

 

Dayanıqlı inkişaf əsaslı universitet modelinin qlobal çağırışların və milli siyasətlərin məntiqindən irəli gəldiyini deyən Ş.Bayramov MDU-nun regional ekosistemin və innovativ inkişafın drayverinə çevrilməsi məqsədilə son dövrdə həyata keçirilən fəaliyyətlərdən danışıb, ali təhsilin məzmununun yenilənməsi, elmi-tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq və lokal əməkdaşlıqların qurulması, sənaye ilə işbirliyinin yaradılması, rəqəmsallaşma və “yaşıl kampus” konsepsiyası ilə bağlı fikirlərini bölüşüb.

 

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar Ş.Bayramov tərəfindən cavablandırılıb.

 

Qeyd edək ki, Forumda Azərbaycandan ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal və Biznes fakültəsinin dekanı Elkin Nurməmmədov da iştirak ediblər.

 

Xatırladaq ki, 2013-cü ildən etibarən iki ildən bir keçirilən MENA Ali Təhsil Liderlik Forumu ali təhsil liderlərini və qərar qəbul edənləri bir araya gətirən aparıcı qlobal platformalardan biri hesab olunur. Builki Forum sürətlə dəyişən və texnologiyalara əsaslanan qeyri-müəyyən gələcək fonunda ali təhsilin idarə olunması perspektivləri barədə müzakirələr aparmaq, pandemiyadan öyrənilən dərslər üzərində düşünmək, innovasiyaları və dəyişiklikləri təşviq etmək üçün əldə edilən imkanları dəyərləndirmək və yeni tendensiyaları araşdırmaq, təhsil ekosisteminin adekvat və çevik olmasını təmin etmək üçün müvafiq strategiya və tövsiyələr təklif etmək məqsədi daşıyıb. Habelə, rəqəmsal transformasiya, əməkdaşlıq və beynəlmiləlləşmə, sənaye və akademik tərəfdaşlıqlar, tədqiqatın təsirləri və digər məsələlərin müzakirə edildiyi Forum ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlıqlar üçün yeni imkanlar təqdim edir.

 

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da geniş coğrafiyaya, elmi və akademik potensiala sahib müxtəlif beynəlxalq ali təhsil platformalarında iştiraka xüsusi önəm verilir.