Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-19 11:59:00
DİM bu mövzu üzrə vebinar təşkil edib

Martın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) ilə birgə “Reach New Horizons with ACCA” vebinarını təşkil edib.

DİM-dən AzEdu.az-a bildirilib ki, vebinarda 6 universitetin tələbə və müəllim heyəti iştirak edib. Vebinar yeni nəsil mühasibatlıq və maliyyə mütəxəssisləri üçün mühasibatlıq və maliyyənin gələcəyi, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barədə maarifləndirmə məqsədini daşıyıb.

Tədbiri açan DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn sürətlə dəyişikliklərə məruz qalan ənənəvi peşə sahələrində zamanla ayaqlaşmanın və bu mövzuda beynəlxalq kvalifikasiyaların rolundan danışıb.
ACCA-nın Türkiyə qolunun rəhbəri Filiz Demiröz ACCA-nın “Gələcəyə hazır ol: 2020-ci illərdə mühasib peşəsi” adlı tədqiqatının nəticələrini auditoriya ilə bölüşüb. O, müvafiq sahədə yaranan karyera trendləri və seqmentləri, eləcə də ACCA-nın yeni Karyera Naviqasiya aləti haqqında danışıb.

Assosiasiyanın Türkiyə qolunun bazarın inkişafı və genişləndirilməsi üzrə meneceri Ülgen Coşkun ACCA kvalifikasiyalarının maliyyə və mühasibatlıq sahəsində peşəkarlıq səviyyəsini artırmaq istəyən şəxslərə yaratdığı imkanlar, habelə yeni qazanılmış peşəkar və texniki bacarıqların verdiyi üstünlüklər barədə məlumat verib. O, ACCA kvalifikasiyalarına hazırlığın ən səmərəli üsullarından da danışıb.
Vebinarda DİM-in tərəfdaşı olan Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetindən 50-yə qədər tələbə və müəllim iştirak edib.

Maliyyə savadlılığının artırılması və bu sahədəki yeniliklərin paylaşılması məqsədilə həm DİM-in tərəfdaş olduğu universitetlərin tələbə və müəllim heyəti üçün, həm də ictimaiyyətə açıq analoji vebinarların keçirilməsi davam edəcək.