Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-16 09:40:52
Cümhuriyyət parlamentində “realni” məktəblərin açılmasına etiraz - AXC dövrünün təhsil mənzərəsi
Moderator.az-ın Azərbaycan Cümhuriyyəti ilə bağlı hazırladığı silsilə yazılarına davam edir. Bu silsilədən olan yazılarda Cümhuriyyət təhsilinə də xüsusi yer ayrılıb. Bu dəfə təqdim edəcəyimiz məqam bir qədər başqadır. Demək, AXC parlamentinin 121-ci iclasında tədris və maarifin inkişafı üçün bir çox yerlərdə realnı məktəblər açılması təklif edilir. Lakin təhsilin birbaşa içində olan və həyatını buna həsr edən deputatların bir neçə buna qarşı çıxır. Səbəb isə müxtəlifdir. Lakin əsas səbəbi ömrünü bütünlüklə maarifçiliyə həsr edən Sultan Məcid Qənizadə deyir.
 
Azərbaycan Cümhuriyyəti parlamentinin stenoqramlarına istinadən Sultan məcidin bu xüsusda ərz etdiyi nitqini diqqətinizə çatdırırıq. Təbii ki, müəlifin dil və üslubuna toxunmadan... Burada təkcə realni məktəblər haqqında danışılmır, eləcə də ADR dövrünün təhsil mənzərəsi açıq-aşkar göstərilir:
 
AzEdu.az yazını təqdim edir:
 
“Əlbəttə, mən Göyçayda məktəb açılmasının tərəfdarıyam. Zira bu mədəniyyətdir. Özüm də çox zaman maarif işində işləmişəm. Lazım bilirəm məlum edim ki, Göyçayda açılacaq məktəb ali-ibtidai məktəblərin nüfuzunu azaldacaqdır. Əgər şəhər üçün açılırsa, qoy açılsın. Fəqət, mən yenə təkrar edirəm, orada on beşdən artıq uşaq olmayacaq. Necə ki, Salyanda da elə oldu. Axırı bir şey çıxmadı. Realni məktəbin açılması ali- ibtidailərin bağlanmasına səbəb ola bilər. Onlar da bağlanarsa cəmaət üçün böyük bədbəxtlik üz verə bilər. Ali- ibtidai məktəbin nəfi cəmaət üçün daha artıqdır. Bəs, ziyanı olanda gərək ali-ibtidailərdə olsun. Mən ona görə dedim ki, bununla bir şey çıxmaz, sentyabrdan açarıq. Gələn yıl o yerlərdə, ətraf realni məktəb yoxdur. Şamaxıda da iki-üç yıl ola bilməyəcəkdir. Onların həpsi oraya gələcəkdirlər. Hərçəndi buna riza verə bilmirlər ki, Muxtar əfəndi. Ərəşdən oraya gəlirlər. Mən deyirəm ki, ehtiyac özü gətirir. Ərəşdən də gəlir. Ali-ibtidai məktəb Ərəşdə, Ağdaşda da var. Kürdəmirdə də açılır. Onlardan da gəlirlər. Altmış-yetmiş uşaq yığılıb gəlirlər. Hələlik dayansın, Bakıda da realnidə pansion var idi, bağlandı. Bağlanması lazımdı da. Neçün lazımdı? Bir vaxt var idi, ətrafda, Qarabağda və başqa yerlərdə realni yox idi, həp buraya daxil idi. Onda da pansiyon var idi. Vaxta ki, Qarabağda, Salyanda, Lənkəranda realni açıldı, artıq Bakıda bulunan pansiyon lazım olmadı. Çünki bakılılar uşaqlarını pansiyona vermirlər idi. Kənardan da uşaq gəlmirdi, bir yandan da bahalıq başlandı, ona körə də bağlamaq lazım gəldi. Mən özüm də bağlanmasına səs verdim, çünki lazım deyildi. Amma Göyçayda pansiyon lazımdır. Kənardan gələn uşaqlar oraya girsinlər. Orada bir-iki indigent ailə tapılar ki, uşağını oraya verərlər, 10-15 ailə ançaq ola bilər. Qalanları yığma, o yandan, bu yandan gəlmiş qara adamlardır. Mən uşağımı necə verəyim? Görə-görə haraya aparacaq, mənim balama nasıl tərbiyə verəcəklər? Mən görmüşəm çox yerdə uşaqlar çayçı dükanlarda qalmışlardır. Çayçı dükanında nə öyrənəcəklər? İstibdad vaxtında bizim uşaqlarımıza pansiyon açmağa qoymurdular. İndi, bizim hökumətimizdir, məmləkətimizdir, uşaqlarımız üçün pansiyon açmaq lazımdır. Bir də tək hökumət olmayacaq, o adamlar oğlu üçün pul verəcək, çünki pansiyonda müəllim var, tərbiyə var. Ancaq indi Göyçayda bir ev yoxdur ki, pansiyon və məktəb üçün yarasın. Çünki məktəb və pansiyon üçün hər ev yaramaz; onun gərək klassaları olsun. Məktəb üçün xüsusi ev olsun, xüsusi ev tikmək lazımdır. Məktəbin hər yerdə olmasına biz razı olmadıq. Biz gərək pansiyon və məktəbimiz üçün xüsusi ev tikmək tədarükünə düşək. Bununla belə, para hazırlığına başlamaq 9 min manata qədər xərcimiz var. Dayanmalı, iyulun əvvəlindən başlamalı, müəllimlər dəvət etməlidir. Bu para da qalar Göyçay məktəbi üçün. Mən bu məktəbi boğmaq deyil, istəyirəm ki, vüsətli açılıb yaşasın.
 
Ondan başqa biz darülfunun açanda hökumətin qərarı bu idi ki, mümkün qədər edadi çox açılsın. Biz gərək hər yerdə orta məktəblər açaq. Əlbəttə, Göyçayda realni məktəbi açılanda, özgə yerlərdə də açılacaqdır. Sabahısı realni Şamaxıda da açılacaqdır. Ora böylə qalmayacaqdır. Müvəqqəti bağlanıbdır. Kürdəmirdə də əşyası var, açılar. Ümid vardır ki, ətrafdakı otuz-qırx məktəb, bir yerə yığılanda klasslar açılar oxuyarlar. Ona görə dediyim budur ki, əvvəl internat olsun. Yoxsa, təəssüf edirəm ki, pessimist (bədbin) olmağa məcburam. Sonra məktəbin binası olsun, xalqvəsət məktəbləri olsun. O yerlərdə ki, bir şey yoxdur, orada mən bir realni məktəb açıram. Realni açmaq üçün əvvəla, ibtidai məktəb olmalıdır. Yoxsa, oraya neredən uşaq gələcəkdir? Birinci klassa 20 uşaq gələrsə, 2-ci klassa keçəndə qalacaq 10 nəfər. Baxıb görəcəksən ki, axırıncı sinifdə 2-3 nəfər qaldı. Buna da ki, heç vaxt razı olmaq olmaz. Həmişə ümid ibtidai məktəblərədir. Kəndlərdə olan ibtidai məktəblərdə oxuyan mütəəllimlər toplayıb 40-50 nəfərə kimi bir kom- plekt hazırlayırlar və ali-ibtidaiyə girirlər. Mənim məlumatıma görə, Göyçay dairəsində 52 ibtidai məktəb var ki, onların şagirdləri qurtarandan sonra ali-ibtidai (məktəb) açmaq lazım gəlir. Bu da Göyçayda və Kürdəmirdə açılacaq. Bunun hamısı ona görə deyil ki, məktəbi istəməyirəm. Biləks, məktəblərin daha da geniş və rövnəqli olmasını arzu edirəm. Deməsinlər ki, məktəb apara bilməyirik. Öylə olmasın ki, istibdad zamanında olan kimi məktəblər yaramaz bir halda qalsın".