Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 16:12:00
Dərsliklərin keyfiyyəti pis deyil, ancaq əlavə vəsaitlər zəruridir-Müəllim dəyərləndirməsi

 

“İnformatika dərsliklərinin keyfiyyəti qənaətbəxşdir, ancaq qəbulla bağlı DİM-in vəsaitlərinin hazırlanması zəruridir”

 

Bir müddət öncə İnformatika fənninin qəbul imtahanlarında I qrupa əlavə edilməsilə bağlı verilən təklif, artıq öz rəsmi təsdiqini tapdı.

 

Gələn ildən etibarən abiturieyntlər sənəd qəbulu zamanı alt qrupları seçərək,ixtisasa uyğun bu fəndən də imtahan verəcəklər.

 

Bəs orta məktəblərdə bu fənn üzrə dərsliklərin keyfiyyəti şagirdlərin gələcək qəbul imtahanlarına hazırlığı baxımından nə dərəcdə qənaətbəxşdir?

 

Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllim Elvin Səlimov AzEdu.az-a açıqlamasında dərsliklərin keyfiyyətini dəyərləndirib:

 

“Yəqin ki, qəbul imtahanlarına salınan suallar məktəbdə keçirilən dərslərdən kənara çıxmaz. İmtahan suallarının tərtibatı, dərsliklərin proqram modeli əsasında hazırlanar. Məktəblərdə keçirilən İnformatika fənni üzrə dərsliklərin səviyyəsi elə də pis deyil. Bildiyimiz kimi məktəblərdə həmçinin, “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilir”.

 

Müəllim, qəbul imtahanları üçün əlavə vəsaitlərin çıxarılmasının zəruriliyini vurğulayıb:

 

“Abituriyentlərin bu fənn üzrə qəbul imtahanlarına hazırlaşaması üçün dərsliklər özlüyündə kifayət edər. Amma əlavə vəsait mütləq ki, istifadəyə verilməlidir. Məsələn, abituriyent qəbula hazırlaşarkən Riyaziyyat fənnindən dərsliklərlə yanaşı, DİM-in test və nəzəri suallar toplularından da istifadə edir. Həmçinin İnformatika üçün də bu tip vəsaitlər çıxarılmalıdır. Mərkəzin proqramı verilib, çox gözəl. Amma bununla yanaşı vəsaiti də təqdim olunmalıdır ki, hazırlaşan abituriyentlər birbaşa DİM-in materiallarında istifadə edə bilsinlər. Orta məktəb kitabları çox mövzunu əhatə edir. Elə mövzular ola bilər ki, onlar heç imtahan suallarına salınmasınlar. Bu səbəblə DİM-in öz vəsaiti mütləq olmalıdır ki, həmin material sırf imtahana salınacaq sualları əhatə etsin. Ona görə biz də bu vəsaitlərin çıxarılmasını gözləyirik. Nəticə olaraq məktəb dərslikləri müəyyən qədər qənaətbəxşdir, amma DİM-in vəsaitlərinin olması da zəruridir”.

 

O, bir sıra məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsindən də danışıb:

 

“Bildiyimiz kimi “Rəqəmsal bacarıqlar” layihəsi Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərdə əksər məktəbləri əhatə edir. Layihə çərçivəsində şagirdlər tətbiqi biliklər əldə edirlər. Düşünürəm ki, bu şagirdlərin gələcək peşə fəaliyyətlərinin qurulmasında, həmçinin I qrupda İnformatika fənnindən qəbulda düşən sualların cavablandırılmasında öz köməyini göstərəcək. Hansı məktəbin bu layihədə iştirak edib-etməməsinin bir fərqi yoxdur. Müəllim eyni müəllimdir, bir mövzunu layihə çərçivəsində də, dərsliklər vasitəsilə də keçir. Bildiyimiz kimi bu layihənin tətbiq olunduğu məktəblərdə dərsliklərdən istifadə olunmur. Uşaqlar vahid platformaya daxil olaraq, tapşırıqları yerinə yetirirlər”.