Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 13:46:45
Dünyanın ən güclü  universitetini qazanan Astara məktəblisi:”Gözləntim az idi” -FOTOLAR    

 

Astara rayon Pensər kənd 2 nömrəli məktəb-liseyinin 11-ci sinif şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinə təqaüdlə qəbul şansı əldə edib.

 

Orta təhsili müddətində bir neçə dəfə respublika fənn olimpiadalarında iştirak edən və uğur qazanan məktəbli, həmçinin, beynəlxalq olimpiadada uğurlu nəticə əldə edib.

 

Dünyanın top universitetlərindən birinə təqaüd şansı qazanan istedadlı şagird uğur və gələcək planlarını AzEdu.az-la bölüşüb.

 

Əvvəlcə onu elə öz dilindən tanıyaq...

 

Hüseynov Salman Zaman oğlu, 2005-ci ildə Astara rayonunun Pensər kəndində doğulmuşam, hazırda da burada yaşayıram. Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 nömrəli məktəb-liseyinin 11-ci sinif şagirdiyəm. 7-ci sinifdə təhsil alarkən 1 il müddətində Lənkəran İstək Liseyində təhsil almışdım. Ancaq yenidən əvvəlki məktəbimə qayıtdım.

 

 

Salman, olimpiadalarda qazandığı uğurlardan danışıb:

 

“2019-cu ildə Biologiya üzrə Respublika fənn olimpiadasından bürünc medal, 2020-ci ildə Kimya üzrə Respublika fənn olimpiadasında gümüş medal qazanmışam. Daha sonra isə 2021-ci ildə Kimya üzrə Respublika fənn olimpiadasında qızıl medala layiq görüldüm. Həmçinin, 2021-ci ildə Yaponiyada distant şəkildə təşkil edilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında  III yeri əldə edərək bürünc medal qazandım”.

 

 

-Necə oldu ki, dünyanın top universitetlərindən birinə təqaüdlə qəbul şansı qazandınız?

 

-2021-ci ildə Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazandıqdan sonra Azərbaycan ali təhsil müəssisələrinə imtahansız qəbul şansı əldə etdim. Ancaq sonra mən xarici universitetlərə sənəd vermək qərarına gəldim. Bu zaman “Roof Akademiya”sının treyninqində bir sıra müəllimlər köməyi ilə müxtəlif universitetlərə sənədlərimi göndərərək müraciət etdim. Cavab gələn ilk universitet Massaçusests Texnologiya Universiteti idi və cavab da müsbət oldu, qəbul aldım.

 

 

-Ümumilikdə bu cavab sizin üçün nə dərəcədə gözlənilən idi?

 

-Amerika universitetlərinə qəbul sistemi belə bir şeydir ki, kiminsə dəqiq olaraq qəbul olub-olmamasını təxmin etmək çətindir. Ona görə də gözləntilər bir az aşağı olsa da, bunun mümkün olacağını bilirdim və ümüdüm də var idi. Fakültə seçimi istə II kursda müəyyənləşəcək.

 

-Həm təhsil, həm də karyera istiqamətində gələcək üçün planlarınız nələrdir?

 

-4 illik bakalavr pilləsini başa vurduqdan sonra nə etməyi dəqiq bilmək mümkün deyil. Hazırda isə planlarım bundan ibarətdir ki, mühəndislik dərəcəsi almaq istəyirəm. Həmçinin mümkün olacağı təqdirdə Kimya mühəndisliyi, yaxud Kompüter mühəndisliyi sahələrində gələcək karyeramı qurmaq istəyirəm. Bu yolda ailəmin dəstəyi mənimlədir.