Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 14:17:00
“Rayonlardakılar təlaş içindədirlər, amma narahat olmasınlar” – Valideynlərə məktəbəhazırlıqla bağlı müraciət

“Bizi narahat edən səbəb rayonların təlaş içində olmasıdır. Valideynlər düşünür ki, “mənim uşağım çöldə qalacaq”. Üzümü elektron sistemə yeni qoşulan rayonlardakı valideynlərə tutub deyirəm ki, natahatlığa heç bir əsas yoxdur. Valideynlərin rahatlığı tam təmin olunacaq”.

AzEdu.az xəbər verir ki, bu sözləri “Məktəbəhazırlıq qruplarına sənəd qəbulu” ilə bağlı brifinqdə Bakı Şəhər Təhsil İdarəsinin informasiya təminatlı sektorunun müdiri İlhamə Abdullayeva deyib. O bildirib ki, elektron sistemə yeni qoşulan bölgələrdəki valideynlərin tam rahatlığı təmin olunacaq:

“Artıq ikinci  ildir ki Bakıda I sinfə qəbul elektron sistem üzrə həyata  keçirilir. Ona görə də bu gün əsas hədəfimiz rayonlardır. Rayonlarda şagird sayı da çox deyil. Hətta 13-14 şagirdi olan siniflər var. Nazirlər Kabineti orada məktəb hazırlığı açmağa razılıq verir.

Keçən ildən 1-ci sinfə qəbul yalnız Bakıda deyil, həm də Gəncə, Sumqayıt şəhərlərində, Abşeronda yerləşən ümumtəhsil məktəblərinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirildi. Yeni qoşulan ərazilər isə Şirvan, Naftalan, Yevlax və Samux rayonlarıdır.

Sadəcə, bizi narahat edən səbəb rayonların təlaş içində olmasıdır. Valideynlər düşünür ki, “mənim uşağım çöldə qalacaq”. Üzümü elektron sistemə yeni qoşulan rayonlardakı valideynlərə tutub deyirəm ki, narahatlığa heç bir əsas yoxdur”.

Brifinqdə bu bölgələrdə baş tutacaq yeniliklər barədə də məlumat verilib:

“Əgər keçən hansısa rayonda limiti bölgələr özləri tənzimləmişdisə, artıq belə deyil. Artıq biz bilirik ki, Gəncədə nə qədər qrup neçə şagirdi qəbul edəcək.  Əvvəl nəyisə gizlətmək mümkün idi. Bu gün isə bunu etmək mümkün deyil. Valideynlərin rahatlığı tam təmin olunacaq. Bakıda olan qeydiyyat mərkəzləri rayonlarda da var. Hətta Yevlax yeganə rayondur ki, orada məntəqələrin sayı çoxdur. Səbəb isə ərazisinin böyük olmasıdır”.

Qeyd edək ki, ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada - mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları