Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 12:18:00
Buraxılış imtahanlarındakı əsas qüsurlar – Şagirdlər “mandraj”a niyə düşdü?

 

 

 

“Buraxılış imtahanlarında riyaziyyat fənni ilə bağlı  suallara cavabvermə faizi aşağı idi”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

 

O, 5 və 6 mart tarixində keçirilən buraxılış imtahanları ilə bağlı fikirlərini bildirib:

 

 

 

“Dövlət İmtahan Mərkəzi tərəfindən 5 və 6 mart tarixində orta təhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün  buraxılış imtahanları keçirilib.

 

 

Təşkilatçılıqla bağlı bir sıra məsələlərə diqqət çəkmək istəyirəm. Proses 3 hissədən ibarətdir:imtahanların təşkili, sualların  məzmunu və abituriyentlərin  hazırlığı. İmtahanlar yaxşı təşkil edilmişdi, lakin, kənar əşyaların içəri  keçirilməsi halları müşahidə edilib. Burada təşkilati məsələdə problemlər qeydə alınıb. Bizə daxil olan müraciətə görə bir abituriyent gödəkçəsinin cibinə telefon qoyub və onu asıb, imtahan başlamamış bunu bildirib, lakin onun imtahan nəticəsi ləğv edilib. Düşünürəm ki, bu proseslə bağlı normativ akt hazırlanmalıdır. Təşkilatçılıqla bağlı  işlər çox yaxşı səviyyədə  təşkil edilmişdi, müəyyən zal nəzarətçiləri öz vəzifələrindən sui-istifadə etsələr də, ümumi olaraq imtahanları yüksək qiymətləndirirəm. Bu onu göstərir ki, DİM  imtahan keçirməkdə  maraqlı  qurum və təşkilatdır. Hələ ki, ölkədə ona alternativ təşkilat görmürəm. Sualları fənlər üzrə müəyyən hissələrə bölürəm, ən ciddi səhvlərdən biri də  buraxılış imtahanına  ingilis dilindən “listening”(dinləmə)   ilə başlamasıdır.

 

Abituriyentlər  gənc olduqları üçün onların psixoloji dayanıqlı  və davamlı deyillər. İmtahan başlayan kimi ilk dəqiqələrdə  DİM  qurğu vasitəsi ilə ingilis dilindən sualları  səsləndirir. Bu da həmin yaş qrupu üçün ən çətin suallar sayılır. Onlar imtahan başlayan kimi ilk zərbəni almış sayılırlar. Başqa sözlə desək, “mandraja” düşürlər. Yəni onlar psixoloji gərginlik keçirirlər. Şagirdlər düşünürlər ki, dinləmə mətnləri çətin olduğu üçün digər sualları yazmaqda da problem yaşayacaqlar. Çünki dinləmə ilə bağlı olan suallar ilk olmaqla  yanaşı, 5 sualı təşkil edir. İmtahanın məzmununda dəyişiklik edilərək  dinləmə sualları sona saxlanılmalıdır. 6 mart tarixində İngilis dili üzrə istifadə edilən suallardan biri əvvəlki illərin 9-cu siniflərinin istifadə etdiyi kitabdan salınıb. Şagirdlər hazırda həmin dərs vəsaitindən istifadə etmirlər. Azərbaycan dilindən salınan suallar sadə idi. Daha çox imtahan iştirakçılarının qrammatik biliklərini yoxlamağa yönəlmişdi. Baxmayaraq ki, DİM  imtahana qədər  deyirdi ki,  biz imtahanlarda  iştirakçıların bacarıqlarını yoxlayacayıq. Kimin daha güclü yaddaşı varsa, o, daha yaxşı nəticə əldə edəcək”.

 

 

Kamran Əsədov Riyaziyyat fənninin şagirdlər tərəfindən necə qiymətləndirilməsi haqqında fikirlərini bildirib:

 

 

“Riyaziyyat fənni ilə bağlı şagirdlərin suallara cavab vermə faizi kifayət qədər  aşağı idi. Buna səbəb imtahanların  tədris ili başa çatmamış, yəni mart ayında keçirilməsi idi. Çünki şagirdlər imtahanlarda orta məktəb bilikləri ilə iştirak etmirlər. Onlar hazırlıq kursları və repetitorlar vasitəsi ilə  ilə biliklərini genişləndirərək imtahanlarda iştirak edirlər. Onlar da hələ proqramı tam şəkildə bitirmədiyi üçün müəyyən çətinlik yaşayırlar. Riyaziyyat fənni ilə   bağlı narazılıq  daha çox idi. Xüsusən də, 10 və 11-ci siniflə bağlı materiallar var idi. Şagirdlər onları cavablandırmaqda çətinlik çəkdilər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları