Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-08 14:25:00
Dünyada ilk nüvə fizikası mütəxəssislərindən olan, elmdə yenilik edən azərbaycanlı qadın

Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.  Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.   İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.  

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.  Həmin dövr və ondan sonrakı mərhələdə qadınları cəmiyyət üçün faydalı, əvəzedilməz edən əsas predmet isə təbii ki, maarif, təhsil olub. Bəhs etdiyimiz dönəmin maarifçi qadınlarından biri də dünya elmində ilkə imza atan Dilşad xanım olub.

Dilşad xanım Elbrus.... Bu ad yəqin ki, tanış gəlmədi. Amma mən onun barəsində öncə iki fakt deyim: birincisi, Dünyada nüvə fizikası sahəsində ilk qadın mütəxəssislərdən biri olub. İkincisi də, böyük Rəsulzadə ilə görüşüb və onun şəxsi rəğbətini qazanıb. Məncə, bu iki fakt yəqin ki, sizdə bu xanım barəsində təəssürat yaradacaq.

AzEDU.az  Dilşad xanım Elbrus haqqında qısa tanıtım yazısını təqdim edir. 

Araşdırmaçı alim Sakit Hüseynov 1990-cı illərdə yazdığı bir yazıda Dilşad xanım haqqında maraqlı bir faktı qeyd edir. Xatırladaq ki, həmin fakt “Xalq cəbhəsi” qəzetində işıqlanıb. Burada biz dünyaca məşhur xanım alimin Rəsulzadə ilə görüşünə toxunacağıq:

 “Türkiyə Cümhuriyyəti, Milli Təhsil Nazirliyinin müşaviri  Ömər Özcan yazır ki, Dilşad xanım vətəni kiçik yaşlarında tərk etsə də, ona bütün varlığı ilə bağlı insan olub. Dayısı Hüseyn bəy 1929-cu il mayın 28-də Azərbaycan Cümhuriyyətinin 11-ci ildönümü münasibəti ilə İstanbuldakı azərbaycanlıların “Odlu Yurd” məcmuəsinin redaksiyasındakı mərasimə fəal olaraq qatılıb, Azərbaycanın milli bayrağını Azərbaycan istiqlal davasının öndəri Məhəmməd Əmin Rəsulzadəyə təqdim edib. Mayın 30-da axşam “Union France” salonunda keçirilən Milli Azərbaycan gecəsində xor Azərizadənin “Vətən” şeirini oxuyub, Dilşad xanım da Əli Ustanın (təqaüddəki səfir Azər Volkanın atasıdır) “Vətən həsrəti” şeirini rəfiqələri ilə birgə rəqs edərək söyləyib. “Odlu Yurd”da gecə haqqında verilən bilgidə istər rəqsdə, istər oxumaqda və şeir söyləməkdə, istərsə də pianoda böyük bacarıq göstərdiyi və hər kəsin sevgisini qazandığı yazılır.

Ömər bəyin yazdığına görə, Dilşad xanım ictimai fəaliyyətini tələbəliyi boyunca davam etdirib. İstanbulda ali məktəblərdə oxuyan azərbaycanlı tələbələr 1933-cü il fevralın 19-da Bəyoğlu Tokatlıyan hotelində keçirdikləri musiqili-rəqsli çay ziyafətində Azərbaycan, Türkiyə və Krım milli rəqsləri oynayıblar. Almaniyada nəşr edilən “İstiqlal” qəzetinin 10 mart 1933-cü il martın 10-da çap olunan 29-cu sayında çıxan xəbərdə özəlliklə pianoda milli Azərbaycan havaları ifa edən Dilşad xanımın çox alqışlandığı qeyd edilir. “İstiqlal”ın 1933-cü il iyunun 15-də çap olunan 36-cı sayında çıxan xəbərdə 28 May münasibəti ilə İstanbulda Xalq evi salonunda düzənlənən müsamirədə Dilşad xanımın pianoda çalaraq oxuduğu Azərbaycan milli şairi Əli Yusif bəyin (Əliyusif Yusifzadənin) “Bir Turan yolçusu deyir ki” şeirinin çox bəyənildiyi qeyd edilir”.

Dilşad xanımın özünəməxsus vətən sevgisi olub. O, getdiyi hər bir Avropa şəhərində azərbaycanlı mühacirləri axtararmış. Hər il aprelin 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu günündə matəm saxlayarrmış. Dilşad xanım Talıbxanın tələbə yoldaşı Fevziyyə Tansel onun barəsində yazdığı xatirələrdə onun vətən nisgilini önə çəkir: “Bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, “Bayrağım enərkən” adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmmməd Əmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Həmin şeir indiyə kimi heç yerdə nəşr olunmayıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir”.

“Fövziyyə xanım Dilşad xanım Elbrusun güclü hafizəsi qarşısında heyrətə düşdüyünü söyləyir və həmin şeiri mətbuatda çap etdirməyə söz verir: 

Yazıq səni, bayrağım, endirdilər, öyləmi?

Səni yazıb devirən o zəhərli ruzigar,

O haqq deyən haqsızlar, vəhşilər, tanrısızlar,

Yanar ocağımı da söndürdülər, öyləmi?

Bir röyamı oldu o gördüklərim hamısı?

Bağlandımı üzümə Türk elinin qapısı?” 

Dilşad xanımın övladı olmur. Bir dəfə fizik həmkarı ilə evlənsə də, tezliklə ayrılır. Ömrünün axırına qədər ailə həyatı qurmur. Böyük bacısı Sürəyyanın oğlu Cana analıq edir, onun böyüdür. Yaşlandıqdan sonra Egeydən İstanbulun Bağdad prospektinə gəlir və ömrünün sonuna qədər orada yaşayır. Dilşad xanımın anası və dayısına gəldikdə, dayısı Hüseyin Yanar xaricdə iqtisadiyyat yönümlü ali təhsil alaraq vətənə qayıdır və AXC-in Xarici İşlər Nazirliyinin əsas simalarından olur. 1920-ci il istilasından sonra xilas üçün Türkiyəyə gəlir və burada maarifçi-publisistik fəaliyyətlə məşğul olur. 1974-cü ildə İstanbulda vəfat edir və Qaraca məzarlığında dəfn olunur.

Dilşad xanımın anası Xeyrənnisə xanım isə 1949-cu ildə İstanbulda vəfat edir və Feriköy məzarlığında dəfn olunur.