Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-02 16:53:00
Təhsil naziri LDU-da olub-FOTO

Respublika təhsil naziri Emin Əmrullayev 2 mart 2022-ci il tarixdə  Lənkərana səfəri çərçivəsində cənub bölgəsində yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetinə  (LDU)  baş çəkib.

 

AzEdu.az xəbər verir ki, nazir tikilməkdə olan yeni tədris korpusunda inşaat işlərinin gedişi ilə  də əyani tanış olub. LDU-nun rektoru, professor Natiq İbrahimov  cənab nazirə tikilməkdə olan yeni tədris korpusu barədə ətraflı  məlumat verib.  Bildirib ki, bu, universitetdə  son illərdə inşa olunan 3-cü yeni tədris korpusudur və növbəti tədris ilinə kimi tələbələrin istifadəsinə verilməsi planlaşdırılır, həmçinin köhnə tədris korpusu da yenilənərək əsaslı təmirdən sonra  yataqxana binası  kimi istifadə olunacaq.

 

Sonra təhsil naziri Emin Əmrullayev  LDU-nun professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.  LDU-nun bu il əsaslı təmir olunmuş geniş akt zalında keçirilən görüşü   universitetin rektoru, professor Natiq İbrahimov açıb və sözü  təhsil naziri Emin Əmrullayevə verib.

 

Təhsil naziri  Emin Əmrullayev ölkədə  orta və ali təhsilin inkişafı istiqamətində  görülən işlərdən, gələcək prioretlərdən, tələbələrin üzərinə düşən vəzifələrdən, təhsil tələbə kreditlərindən və s.məsələlərdən  danışıb, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın mahiyyətini geniş şərh edib.

 

Görüşdə nazir Emin Əmrullayev tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb və  tövsiyələrini verərək onları yaradıcı düşüncə sahibi olmağa, fərdi bacarıqlarını inkişaf etdirməyə səsləyib, dövlətin istedadlı gənclərə daim dəstək verdiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, təhsil naziri ilə tələbələrin  2 saata qədər davam edən görüşü  disskussiya şəraitində keçib və tələbələr tərəfindən maraqla qarşılanıb.

 

Görüşdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da iştirak edib.