Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 12:50:00
Azərbaycanda magistratura təhsilindəki çatışmazlıqlar – Prorektordan iradlar və təkliflər

Elçin Süleymanov - “Bəzi universitetlər magistr tədrisinə müəllimlərin  dərs yükünün doldurulması aləti kimi baxırlar”

Magistr təhsili bütün dünyada ümumi qazanılan bakalavr təhsilinin davamı olub, həm ixtisas, həm də elmi qabiliyyətlərin artırılması mərhələsi sayılır. Bu mərhələdə tələbələr artıq ümumi  nəzəriyyə yox, sırf  ixtisası üzrə dərsləri öyrənərək özünü təkmilləşdirir və magistr dissertasiyası yazaraq elmi fəaliyyətinin ilk mərhələsinə qədəm qoyur. Azərbaycan universitetləri də Bolonya sisteminə qoşulduğu üçün üçpilləli ali təhsil tətbiq edir. Buna əsasən, bizdə də ali təhsil bakalavr, magistr və doktorantura pilləsini əhatə edir. Magistr mərhələsi tam ali ixtisas və elmi təhsil sayılır və bu dərəcəyə sahib olanlar ali təhsil müəsisələrində pedaqoji fəalliyyətlə yanaşı, ixtisası üzrə əmək fəalliyyəti göstərə bilər.

Lakin bəzi tələbələr narazılıq edirlər ki, magistratura pilləsindəki fənlər bakalavr fənlərinin təkrarıdır və magistratura mərhələsi onlara yeni bir şey vermir.

Ümumiyyətlə, bakalavrda öyrədilməyən hansı meyarlar magistratura pilləsində  tədris olunur?

“Təbii ki, burada konkret universitet və ixtisas haqqında danışmaq daha doğru olardı. Mən bütün universitetlərdə magistratura təhsilinin bakalavrı təkrarladığnı düşünmürəm, lakin tələbələrin qeyd etdiyi problemlərin olduğu universitetlərin mövcudluğunu da inkar etmirəm”,- deyə Elçin Süleymanov bildirir.

İqtisad üzrə fəlsəfə doktoru  Elçin Süleymanov Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektorudur.

Onun sözlərinə görə, Azərbaycanda bu təhsil pilləsinə bəzi universitetlər hələ tam adaptasiya olmayıblar:

“Onlar magistr tədrisinə müəllimlərin dərs yükünün doldurulması aləti kimi baxırlar. Buna baxmayaraq, Azərbaycanda bir sıra müasir innovativ magistr proqramları olan ali təhsil müəssisələri də var. Ümumiyyətlə, magistr dərsləri seçilərkən mütləq diqqətə alınmalıdır ki, o dərs bakalavrdakı dərsin daha dərini və praktiki əhəmiyyəti olsun. Ümumi nəzəriyyə bakalavr səviyyəsində verilməli və magistraturada daha çox tətbiqi fənlər tədris olunmalıdır”.

Bəs magistr təhsilinin daha effektli olması üçün ali məktəblər hansı addımı atmalıdır?

E.Süleymanovun fikrincə, əsasən tədrisin məzmununu dəyişdirilməli və tətbiqi dərslər artırılmalıdır:

“Eyni zamanda, həm magistr dissertasiyalarının daha elmi olması, həm də elmi məqalələr yazmaları üçün mütləq , təxminən,bir semestrlik tədqiqat metodları və akademik yazı bacarıqları kimi fənlər tədris edilməlidir. Həmçinin, tələbələrə elmi resurs bazalarından effektli istifadə təlimləri verilməlidir. Ümumiyyətlə, dərs prosesində və təlimlərdə magistrantların yazı və tədqiqat bacarıqları artırılmalıdır.

Üstəlik, hesab edirəm ki, xarici universitetlərlə birgə magistr programlarının açılması tələbələr ücün faydalı olardı. Magistratura şöbələri sənaye və dövlət qurumları ilə sıx əməkdaşlıq etməli və onların ehtiyacı olan mövzuları dissertasiyaların problemlərinə daxil etməlidir. Bu proses eyni zamanda elmin kommersiyalaşmasına və həm tələbələrin, həm də universitetin inkişafına müsbət qatqı verər, elm-sənaye əməkdaşlığı iqtisadiyyatını da inkişaf etdirərdi. Məsələn bu gün Amerikanın bir çox universiteti bu fəaliyyətlərdən tələbə gəlirlərindən qat-qat çox vəsait əldə edirlər”.

Əgər gələcəkdə elmi fəaliyyətlə məşgul olmaq istəyirlərsə, onda magistratura təhsili almaları tövsiyə olunur

“Tələbələr daha iki il də universitetdə olmaq xatirinə magistr təhili almamalı, dəqiq məqsədləri olmalıdır. Bəzi Avropa ölkələrində bakalavr məzunları bir neçə il işlədikdən sonra magistraturada təhsillərini davam etdirirlər”, -deyə prorektor vurğulayıb.

O, qeyd edib ki, bunun üçün universitetlərin magistr proqramlarına göz gəzdirmək lazımdır. E.Süleymanovun fikrincə, ayrı-ayrı universitetlərdə tədris edilən fənlər müqayisə edilməlidir:

“Bu gün dünyada magistr proqramları çox çevik şəkildə yenilənir, sənaye və ictimaiyyətin tələbi tez bir zamanda bu proqramlarda öz yerini tapır. Eyni zamanda, magistrların elmi- pedaqoji və istehsalat təcrübələrinin formal olaraq deyil ciddi şəkildə tətbiq edildiyi universitetləri tərcih etmələri onlar uçun faydalı olar. Magistrantlar mübadilə proqramlarından fəal istifadə etməli, Azərbaycan və xaricdə təcrübələrdə, təlimlərdə aktiv iştirakçı olmalıdırlar. Onlar gələcəyin elm adamları olacaqlarından dolayı elmi konfranslarda və elmi nəşrlərdə fəaliyyətləri olmalıdır.

Artıq bir çox universitetlərdə magistatura dərslərinin axşam saatlarında təşkil olunması əmək fəaliyyəti ilə məşgul olmaq istəyənlərə dəstəkdir və tələbələr magistr təhsili aldıqları ixtisasa uyğun iş taparlarsa, bu, onların akademik təhsilinin praktikada tətbiqinə imkan verər. Bir də, magistr tələbələri mütləq kompüter texnologiyaları və xarici dilləri də mükəmməl öyrənməlidirlər. Beləliklə onlar gələcək elmi fəaliyyətlərində daha da uğurlu olarlar”.