Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-26 16:22:00
Müəllimlərin daimiləşmə müsabiqəsində iştirak etmək üçün elektron sənəd qəbuluna başlanılır  

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə daimiləşmə müsabiqəsinə başlanılır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak üçün elektron sənəd qəbulu martın 1-dən 7-dək keçiriləcək. Namizədlər martın 1-dən etibarən www.miq.edu.az saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix martın 7-si saat 23:59-dək nəzərdə tutulub.

 

Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat şəxsi səhifələrə göndəriləcək.

 

Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, yanvarın 31-dək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər.

 

Eyni zamanda, mövcud qaydalara görə, daimiləşmə müsabiqəsində uğur qazanan şəxslərin üç tədris ili ərzində keçiriləcək müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində iştirakı təmin olunmayacaq.