Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 09:57:47
Müsahibə mərhələsindəki müəllimin həyəcanlı dəqiqələri:“Heç zaman eşitmədiyim suallar verib, səbrimi yoxlayırdılar”

“Yüksək bal toplayan müəllimlərə tövsiyə edirəm ki, ixtisasın ən dərin bucaqlarında olan suallara diqqət yetirsinlər. Onlara daha çətin və sırf ixtisas üzrə suallar veriləcək. Müsahibə gözlədikləri kimi asan olmayacaq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Məmmədova deyib. O, dünən keçirilən müəllimlərin işə qəbul imtahanının müsahibə mərhələsində iştirak edib. MİQ test imtahanlarında 58 bal toplayan müəllim ikinci mərhələnin tələbi olan müsahibə təəssüratlarını bölüşüb:

“Müsahibəni üç nəfər götürürdü. Biri psixoloq, biri ixtisas üzrə, digəri isə ümumi suallar verən müəllim idi. Düzünü desəm, mənə psixoloji durumla bağlı sual verilmədi. Bəlkə də onlar hansısa sualda bunu şüuraltı müşahidə etdilər, amma mən hiss etmədim. Suallar arasında çətini də, orta səviyyəlisi də vardı. İxtisas və kurikulum üzrə suallar səsləndi. İxtisas sualları ümumi fənni əhatə edirdi. Çoxu isə dil barədə idi. Potensialımdan razı qaldım. Tam ürəyimcə olmasa da, o qədər də pis olduğunu deyə bilmərəm”.

O, sualların heç də gözlədiyi kimi olmadığını bildirib:

“Müsahibəyə həm dünyagörüşü, həm də nəzəri istiqamətdə hazırlaşmışdım. Tarix, qan yaddaşı, ölkəmizin ərazisi haqda məlumatlar əldə etmişdim. Amma mənə bu tip suallar verilmədi. Suallar gözlədiyim kimi olmasa da, müsahibə pis keçmədi.

Düzdür, müsahibədən əvvəl daha yaxşı olacağını düşünürdüm. İçəri əminliklə daxil oldum, amma həyəcanlandım. Həyəcanlı olduğumu ekspertlər qarşısında da etiraf etdim. Onlar isə bunun normal olduğunu bildirdilər. Məncə, burada əminlik də rol oynayır”.

Müsahibə zamanı ona verilən suallara aydınlıq gətirən müəllim bir sualı cavablamaqda çətinlik çəkib:

“Otağa daxil oldum, müsahibə başlandı. Öncə elə ixtisasdan başladılar. Etimologiyanın nə olduğunu soruşdular. Daha sonra dilçiliyin digər sahələri, leksikologiya, dialektologiya barədə suallar verildi. Təxminən 5 dəqiqə ərzində ixtisas sualları verildi. Sonra isə  kurikulum suallarına keçid etdilər. Əksəriyyəti nəzəri suallar idi. “Qiymətləndirmə nədir? Onun hansı növləri var və harada istifadə olunur?” kimi suallar verdilər.

Bir sual isə praktiki idi. Soruşdular ki, şagird buraxılış imtahanında zəif nəticə göstərərsə, nə edərsən? Cavabım isə belə oldu: “Öncə şagirdimin zəif nəticə göstərməsinin səbəbini araşdıraram. Təbii ki, zəif nəticənin bir səbəbi də var. Onu aradan qaldırmağın müxtəlif yolları olmalıdır. Dərsdə onunla daha yaxından maraqlanar, dərsdənkənar da məşğul olaram.  Şagirdimin uğur qazanması üçün əlimdən gələn hər köməyi edərəm”.

Sual verdilər ki, hərbi lüğətin tərtibçisi kimdir? Mənim isə bu barədə məlumatım yox idi. Çünki bizə lüğət tərtibçiləri deyil, yalnız lüğətçilik sahəsi öyrədilib. Bu suala cavab verməkdə çətinlik yaşadım”.

Onun sözlərinə görə, müsahibə zamanı əsasən müəllimin səbrini yoxlayırlar:

“Məni daha çox nəzəri suallarla sıxışdırdılar. Mənə elə gəlir ki, bu gün daha çox səbrimi yoxladılar. Elə suallar verirdilər ki, mən onları heç eşitməmişdim və məndən “bilmirəm” cavabını gözləyirdilər. Mən isə belə etmədim. Çox səbr və təmkinlə cavab verməyə çalışdım. Məni bir az gözlədir, öz aralarında söhbət edirdilər. Bir müddət gözləməli oldum. Amma bunu məqsədli şəkildə etdiklərini, səbrimi yoxladıqlarını düşünürəm. Verilən suallar da elə buna işarə edirdi. Onlar üçün biliklə yanaşı davranış da önəmlidir”.

O, xüsusilə də test imtahanlarında yüksək bal toplayan müəllimlərə müsahibənin çətin olacağı ilə bağlı xəbərdarlıq edib:

“Yüksək bal toplayan müəllimlərə tövsiyə edirəm ki, ixtisasın ən dərin bucaqlarında olan suallara diqqət yetirsinlər. Onlara daha çətin və sırf ixtisas üzrə suallar veriləcək. Müsahibə gözlədikləri kimi asan olmayacaq. Yəni, belə müəllimlərə aşağı bal toplayanlarla müqayisədə çətin suallar verilir”.

Bahar Məmmədovanın sözlərinə görə, müsahibə mərhələsi test imtahanından daha çətin olub:

“Müsahibəyə həm dünyagörüşü, həm də nəzəri istiqamətdə hazırlaşmışdım.Tarix, qan yaddaşı, ölkəmizin ərazisi haqda məlumatlar əldə etmişdim. Amma mənə bu tip suallar verilmədi. Suallar gözlədiyim kimi olmasa da, müsahibə pis keçmədi.

Müsahibənin nəticəsini səbirsizliklə gözləyirəm. Amma mənfi nəticə olacağını düşünmürəm.  15-dən çox sual verdilər. Cəmi üçünü cavablaya bilmədim. Bu isə sırf həyəcanımla bağlı idi. Müsahibə səhv etmirəmsə, 10-15 dəqiqəyə yekunlaşdı. Amma mənə verilən sualların sayı çox idi. Yoldaşlarım isə 2-3 sualla müsahibədən azad olunmuşdular. Ümumi deyə bilərəm ki, müsahibə mərhələsi test imtahanından daha çətin idi”.

Gənc müəllim işləməklə bərabər, gələcəkdə təhsilini davam etdirməyi də düşünür:

“Hazırda magistratura təhsilimi yeni bitirmişəm. Doktorantura pilləsi üzrə təhsil almağı düşünürəm. Amma çalışdığım məktəbdə uğur qazanmağa çalışacam ki, daimi iş yerim olsun”.

Qeyd edək ki, bu gün Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili və İbtidai sinif müəllimliyi üzrə müsahibə mərhələsi keçirilib. Namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsində iştirak edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları