Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-22 13:18:00
Magistratura imtahanının ölkə birincisi:”Çox asan idi, amma bir səbəbdən 100 bal yığa bilmədim”-VİDEO


Magistratura səviyyəsi üzrə qəbul imtahanlarının nəticələri elan olundu. Nəticələrə əsasən imtahanda ən yüksək göstərici 98 baldır və Dövlət İdarəçilik Akademiyasının son kurs tələbəsinə məxsusdur.


İmtahanda yüksək nəticə göstərən 22 yaşlı Ağaverdiyev Aydın Habil oğlu, Qobustan rayonunun Sündü kəndindəndir. O. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsidir. Aydın həmçinin ali məktəblərə qəbul imtahanında da 683 bal toplayaraq yüksək nəticə göstərib.


Ölkə birincisi AzEdu.az-a açıqlamasında imtahanlara hazırlıq müddətindən danışaraq, şanssızlıq səbəbilə 100 balı əldən qaçırdığını bildirib:


“Magistratura üzrə qəbula təxminən 6-7 ay müddətində hazırlaşdım. Doğrusu, hazırlıq müddətində, həmçinin qəbul imtahanının özündə də elə də bir çətinlik çəkmədim. Sadəcə, belə deyək, xırda şanssızlıq səbəbilə 100 balı əldə etməyim mümkün olmadı. Hazırlaşarkən ən sevdiyim və zövq aldığım fənn məntiq idi”.


Aydın, magistratura pilləsi üzrə təhsilini elə Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə də davam etdirməyi düşündüyünü qeyd edib.


Ölkə birincisi gəncimiz ikinci cəhd imtahanında iştirak edib-etməyəcəyilə bağlı suala isə maraqlı cavab verib:


“Qəbulun ikinci cəhd imtahanında çox güman ki, iştirak edəcəm. Düşünürəm ki, 100 bal mənim üçün əlçatmaz deyil, onu əldə etməyə çalışacam”.


Gələcək planları ilə bağlı maraqlandığımız zaman o,-“ Hələ ki, çox uzunmüddətli planlar qurmuram. Yaşadıqca görəcəyik”-deyə bildirib.