Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-21 11:24:00
Bakının ümumi təhsil müəssisələrində Beynəlxalq Ana Dili Günü qeyd olunub

Paytaxtın ümumi təhsil müəssisələrində 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, məktəblərdə Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

 

Bakı məktəblərində “Ana dilim qürur mənbəyimdir!”, “Ana dilim-doğma dilim”, “Ana dilim şirindir”, “21 Fevral - Beynəlxalq Ana Dili Günü”, “Azərbaycan dili milli varlığımızıdır” və digər mövzularda tədbirlər, inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, açıq dərslər, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib.

 

BŞTİ və yerli icra qurumları əməkdaşlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivləri, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

 

Tədbirlərdə şagirdlərə ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, ünsiyyət qurmasında mühüm rol oynaması barədə söhbət açılıb. Bildirilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutur.

 

Bundan əlavə, şagirdlər ana dilimiz haqqında şeirlər, müdrik kəlamlar söyləyib, mahnılar oxuyub və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr edilmiş videoçarxlar da nümayiş olunub.