https://www.zirve.edu.az/
10.03.2018 07:34
Birinci professor, rektor və tələbəmiz - Azərbaycan təhsilinin ilkləri

Uğur qazanmaq üçün ya nəyinsə ən yaxşısını etməlisən, ya da ilkini. Amma haqqında danışacağımız şəxslər, bunların hər ikisini layiqincə bacaranlardır. 

AzEDU.az saytı Azərbaycan elmi tarixində olan ilkləri təqdim edir:

İlk qadın akademik – Adi bir meşəbəyi qızı olan Validə Tutayuq  biologiya sahəsində ilk qadın elmlər doktoru, professordur. Azərbaycanın ilk qadın akademiki seçilən bu xanım sonradan bir çox ilklərə imza atıb. Ən əsası isə ondan sonra qadın elmi kadrlar irəli çəkilib.

Dünyanın elmi baxımdan inkişaf etmiş bir çox ölkələrinin xüsusi laboratoriyalarda tətbiq etdiyi bitkilərin rəqsetmə prosesini, musiqinin çiçəklərin hərəkətinə açılıb-yumulmasına, canlanma və süstləşməsinə səbəb olmasını Tutayuq hələ o zamanlar tətbiq etməyə çalışırdı.

Odur ki, böyük bəstəkar Fikrət Əmirovla bərabər “Xarı bülbül” adlı opera ərsəyə gətirməyi düşünürlər. Bu opeara elmlə musiqinin sintezini özündə əks etdirəcək ilk əsər olacaqdı. Amma ömür vəfa etmədi və çox təəssüf ki, bu böyük iş yarımçıq qaldı....

İlk qadın pedaqoq- Fatma Tutayuq  ilk qadın pedaqoq olub və Bakıda ali təhsilini bitirəndən sonra Şuşaya qayıdaraq burada qızlar məktəbinin müdiri işləyib. Lakin həyat yoldaşı müsavatçı Haşım Feyzullayevə görə Fatma xanım da həbsə düşüb. Haşim Feyzullayevi antisovet fəaliyyətinə görə həbs edib ən ağır cəza məntəqəsi Salovkiyə göndərirlər. Bundan sonra özü və övladları təzyiqlərə məruz qalır. Fatma xanım məcbur olub həyat yoldaşından rəsmi şəkildə boşanmaq üçün Salovkiyə gedir. Ailəsini, övladlarını xilas etmək üçün bir kağıza, bir imzaya görə ucqar Sibirə gedən Fatma xanım rəsmən boşansa da, həyat yoldaşı ilə əlaqəsini kəsmir. Bundan duyuq düşən müvafiq orqanlar Fatma xanımı qısa müddətə həbs edirlər. Nəhayət, həbsdən çıxandan sonra o, bütün həyatını övladlarını yaşatmaqdan ötrü sıravi müəllimliyə həsr edir;

AMEA-nın ilk prezidenti- ilk təhsilini mədrəsədə alan M.Mirqasımov üç il Odessanın müxtəlif klinikalarında tibbin bir çox sahəlari üzrə təcrübə keçib. Azərbaycanda cərrahiyyənin əsasını Mustafa bəy Topçubaşov və Mirəsədulla Mirqasımov qoyub. M.Mirqasımov həm də Azərbaycan dilində yazılan ilk cərrahlıqla bağlı dərsliyin müəllifidir;

İlk azərbaycanlı professor -Məhəmməd ağa Şahtaxtlı təhsilini Naxçıvan şəhər məktəbində, Tiflis klassik kişi gimnaziyasında alıb. Peterburqda müstəqil yolla alman dilini öyrənib, təhsilini Leypsiq Universitetinin ədəbiyyat, tarix və fəlsəfə fakültəsində davam etdirir. Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləyir, fransız dilini öyrənir. 1919-cu ildə vətənə qayıdan Şahtaxtlı Bakı Dövlət Universitetinin yaradılmasında fəal iştirak edib. Azərbaycanın ilk ali məktəbində Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyub. Azərbaycanda ilk professor adına layiq görülən şəxs kimi tarixə düşüb.

O, həm də böyük siyasi xadim idi.

İlk təhsil naziri - Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi baş nazir, eləcə də daxili işlər naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləyib.

Işğal edildikdən  və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk edib, lakin 31 may 1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib.

Rusiyada təhsil alan ilk azərbaycanlı- Rusiyada təhsil alan ilk azərbaycanlı Ağa bəy Yadigarov 1823-cü ildə Gürcüstanda doğulub. Sankt-Peterburq gimnaziyasına 1837-ci ildə daxil olub. 1844-cü il iyun ayınadək ümumi əsaslarla gimnaziya nəzdindəki pansionda tərbiyə alıb. Uzun yazışmalardan sonra professor M.C.Topçubaşovun əmri, imperatorun razılığı ilə  oxuması üçün Peterburq universitetinin rektoruna sərəncam verilib. Ağa bəy Yadigarovun Peterburqa getməsinin səbəbkarı məşhur şərqşünas Mirzə Cəfər Topçubaşovdur. Bu görkəmli alim Ağa bəyin doğma dayısıdır. O, Peterburq gimnaziyasını bitirdiyinə görə qəbul imtahanları vermədən universitetin Şərq şöbəsinə daxil olub. 1848-ci ildə Yadigarov imtahanları əla qiymətlərlə verib universiteti bitirib. Alimlik dərəcəsini yerinə yetirdiyinə görə Şərq dilçiliyi üzrə namizəd adı alıb. Universiteti bitirdikdən sonra Ağa bəy bir neçə vəzifədə çalışıb. 

O, əlifba islahatı uğrunda böyük mütəfəkkir Mirzə Fətəli Axundovla birgə çalışıb. Ağa bəy Yadigarovun fikrincə İslam xalqlarının Avropa xalqlarından geri qalmasının səbəbi əlifbadakı nöqsanlar idi. Çünki bizim uşaqlarımız vaxtlarını ancaq yazını oxumağa sərf edib, elm öyrənə bilmirlər. Yadigarovun ömrünün son illəri haqqında isə demək olar kı, heç nə məlum deyil. Ağa bəy Yadigarovun döyüş şücaəti də hər kəsə məlumdur. O, döyüş başlayanda həmişə əsgərlərin önündə gedib. Təəssüf ki, cəsur zabit Ağa bəy Yadigarov 1830-cu il iyunun 17-sində poruçik rütbəsindən ailə vəziyyətinə görə istefaya çıxmalı oldu. 1892-ci ildə Qafqazda güclü vəba epidemiyası yayılmışdı.O da, XIX əsrin 90-cı illərində Tiflisdə vəba epidemiyasından vəfat edib;

İlk azərbaycanlı rektor- Tağı Şahbazi 1892-ci ildə Bakıda anadan olub. Bir neçə məsul vəzifədə çalışıb. 1926-cı ildə isə Azərbaycan Dövlət Universitetinin rektoru təyin olunub.

İlk orta məktəb- Şuşa Qəza Məktəbi Zaqafqaziya məktəblərinin 1829-cu il 2 avqust tarixli nizanaməsinə əsasən, 1830-cu il dekabrın 30-da fəaliyyətə başlayıb. Şuşa qəza məktəbi dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılıb. Burada təhsil alanların böyük əksəriyyəti bəy və tacir balaları olub. Məktəb Şuşada olan Bazel alman missionerlərinin Yevageli cəmiyyətinin pulsuz olaraq bir il müddətinə verdiyi binada yerləşib. Bunu görən yerli əhali yeni bina tikmək üçün gümüş pulla 5235 manat 16 qəpik pul toplayıb.

Məzunları Azərbaycan maarifinin, məktəb və mədəniyyətinin inkişafında mühüm rol oynamış Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirib, sonar isə öz yerini Şuşa şəhər məktəbinə verib.

İlk “üsuli-cədid” məktəbi- Azərbaycanda ilk “üsuli-cədid” məktəbi 1870-ci ildə S.Ə.Şirvani tərəfindən Şamaxıda yaradılıb. Dərslər ana dilində keçirilib, rus dili isə müstəqil fənn kimi tədris edilib. Bu məktəblərdə dövrün qabaqcıl ziyalıları dərs deyiblər. Mollalar və dindarlar bu məktəbləri pisləyib, hətta onu "kafir məktəbi" adlandırıblar.

İlk universitet tipli seminariya (Qazax Müəllimlər Seminariyası)

1918-ci ilin may ayında Qazax qəzasının əhalisi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürmək və onun əsasında müstəqil müəllimlər seminariyası yaradılması təşəbbüsü ilə çıxış edib. Qazaxlılar seminariya binasının inşası və bağ salınması üçün 10 desyatin torpaq ayırmağı, birdəfəlik üç min manat və hər il  min manat vəsait verməyi öhdələrinə götürüblər. Cənubi Qafqaz Müəllimlər Semi­na­ri­ya­sı Azərbaycan şöbə­sinin əmlakının Qoridən Qazax şəhərinə gətiril­mə­si­ həmin şöbənin müfəttişi Firidun bəy Köçərliyə tapşırılıb. O, 1 oktyabr 1918-ci ildən yeni yaradılan seminariyaya direktor təyin edilib. Seminariyanın rəsmi açılışı 1918-ci il noyabrın 10-da olub və həmin gündən dərslər başlanıb. Bura, tədrisin ana dilində aparıldığı, milli ruhlu müəllim kadrlarının hazırlandığı ilk təhsil ocağı sayılır. Seminariyaya ilk qəbul edilən bu şagirdlərdən biri də, Səməd Vurğun olub. Seminariya, Məşədi İbrahim Hacı İsmayıl oğlunun malikanəsində fəaliyyətə başlayıb. Yaşayış üçün nəzərdə tutulmuş bu binada çətinliklə 60 nəfərin oxuması müm­kün­ idi. Buna baxmayaraq, seminariyada xəzinə hesabına təhsil alan 60 şagirddən əlavə, yeni qəbul edilmiş 5 şagird də öz hesabına oxuyur və pansionatda qalırdı. Qazax qəzasının imkanlı şəxsləri seminariyanın normal fəaliyyət gös­tərməsi üçün yardımlar ediblər. Bu köməkliklər seminariyanın fəaliyyətini qismən genişləndirməyə imkan verib. Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli müəllim kadrları hazırlanmasına başlamış ilk pedaqoji məktəb sayılır.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları