Son günlər Azərbaycan elmində reformlar barədə alimlərimiz və ictimaiyyət tərəfindən təkliflər səslənməkdədir. Bunu nəzərə alaraq bəzi təkliflərimi bölüşmək istərdim.
Elmin təhsili
Etiraf edək ki, azsaylı məktəbləri çıxmaqla əksər elmi müəssisələrdə magistr və doktorantların elmi təhsili formal xarakter daşıyır, müasir xarakterli deyil, köhnə və daha çox bilikyönlü “oxu, gör, et” prinsipi üzərində qurulur. Halbuki, müasir təsil bacarıqyönlü xarakter daşımaqdadır, dördmərhələli “oxu, bax, təlim keç, sonra et” prinsip üzərində qurulmuşdur və burda təlim kursları önəmli və faydalı mərhələni təşkil edir. Bu prinsip doktorantın həm ixtisası üzrə, həm də elmi tədiqiqatı yerinə yetirmək lazım olan bacarıqları əldə etmək üçün vacibdir. Bu kontekstdə baxıldıqda magistrların və doktorantların aşağıda sadalananixtisasdan kənar təlim kurslarını keçməsi labüd görünür: elmi ədəbiyyatı araşdırma və icmal məqalə hazırlama, elmi tədqiqat layihələri hazırlama, elmi məqalə hazırlama, statistik işləmlərin seçimi və aparılması, elmi işlərin prezentasiyaların hazırlanması və s. Hazırda belə kurslar özəl sektorda mövcuddur və bunların elmi təşkilatlarda yaradılması böyük problem deyil.
Elmin maliyələşdirməsi
Elmin inkişafı üçün ilkin və mütləq şərt yetərli maliyə vəsaitinin olmasıdır. Elm üçmərhələli istehsal sahəsidir. Birinci mərhələnin məhsulu ideyadır, ikinci mərhələninki yeni bilik və texnologiyadır, üçüncü mərhələnin məhsulu isə, innovativ texnologiyanın tətbiqidir. İlk iki mərhələdə pul biliyə çevrilir, üçüncü mərhələdə isə tərsinə, bilik fayda verməyə başlayır. Cəmiyyətin elmdən gözlədiyi fayda məhz üçüncü mərhələdə baş verir. Bu sadə məntiqdən görünür ki, maliyə olmadan bu istehsal prosesi dayanır, elm fayda vermir. Hətta ilk iki mərhələdən yan keçib, hazır biliyi və texnologiyaları alıb tətbiq etmək istəsən belə, yenə də maliyə lazımdır. Çünki, indi bilik və texnologiyalar əmtəədir, pulla almaq lazımdır. Yəni istənilən halda elmi inkişaf etdirmək üçün ilkin olaraq maliyə dəstəyi qaçınılmazdır.
Elmi nəşrlərin bazasının yaradılması
Hazırda dünyada qlobal elmi ədəbiyyat bazaları ilə yanaşı, əksər ölkələrin elmi nəşrlər elektron bazası var. Məsələn, dünyada Pubmed-i və Türkiyədə ULAKBİM-i örnək gətirmək olar. Bizim ölkədə belə bir bazamız yoxdur və biz öz alimlərimizin işləri ilə tanış ola bilmirik, onların nəticələri barədə xarici mətbuatdan tanış oluruq. Dünya və digər ölkələrin mətbuatına çıxmaq üçün bəzi obyektiv və subyektiv məhdudiyyət olmaqla yanaşı, təbii ki, öz dilimizdə nəşr edilmir. Bu həm də bizim tədqiqatlara istinadların azalmasına gətirib çıxarır. Ona görə də, ölkəmizdə elmi nəşrlərin elektron bazasının yaradılması təcili məsələ kimi gündəmdədir.
Elmi işlərin qeydiyyat bazasının yaradılması
Ölkədə planlanan və davam edən tədqiqatların bilinməsi vacib məsələdir. Çünki bunu bilməklə təkrarlanmanın, plagiatın qarşısını almaq olur və əməkdaşlığa, o cümlədən multidisiplinar və multisentrik tədqiqatlara imkan yaranır. Doğrudur AMEA-nın bəzi bölümlərində (məsələn Biologiya və Tibb bölməsində Dissertasiyalar bazası) dissertasiyalar bazası vardır və son vaxtlar bütün sahələri əhatə edən yeni dissertasiya qeydiyyat bazası yardılır, lakin bunlar müasir tələblərə tam cavab vermir. Məsələn, beynəlxalq clinicaltrail.gov adlı bazada elmi planlanan elmi tədqiqat işləri barədə qısa, lakin müfəssəl məlumat almaq, hətta tədqiqata qoşulmaq olur.
Elmi tədqiat metodları və avadanlıqları üzrə bazanın yaradılması
Ölkəmizdə olan problemlərdən biri də odur ki, hansı laboratoriyanın, hansı tədqiqatları aparmaq imkanı olduğunu adətən kənar təşkilatlar bilmir. Bir çoxları xaricə üz tuturlar. Nəticədə mövcud avadanlıqlar, hətta müasir olsalar da, səmərəli istifadə edilmir. Ona görə də ölkəmizdə olan avadanlıq və üsulların mərkəzi qeydiyyat bazası yaradılması vacib görünür.
Prioritet sahələr üzrə multidisiplinar mərkəzlərin yaradılması
Ölkəmizdə elmi inkişaf etdirilməsinin ən önəmli yollarından biri tədqiqatların çoxyönlü istiqamətlərdə aparılması yox,konkretperspektivli istiqamətlərə yönəldilməsidir. Yəni “hər şeydən bir az” yox, “az olsun, öz olsun” prinsipi üzrə aparılmasıdır. Bir çox alimlərimizin də qeyd etdiyi kimi, riyaziyyat, nanotexnologiya, biotexnologiya, informasiya texnologiyaları, o cümlədən süni intellekt müasir dövrün və yaxın gələcəyin fundomental tədqiqat istiqamətləridir (MNBİK- Akademik Asəf Hacıyev). Tibb səhəsində prioritet istiqamətlər bir neçə ildir müzakirə olunur və genom, kök hüceyrə və regenerativ təbabət, biotexnologiya, biomarkerlər, informasiya texnologiyaları, translasyonal tibb aktual elmi istiqamətlər kimi müəyyən olunmuşdur. (//doi.org/10.25045/k.nurubay.pirist-1).
Bunu nəzərə alaraq, tibb elmini inkişaf etdirmək üçün yerli və xarici alimlərin dəstəyi, beynəlxalq elmi mərkəzlərin əməkdaşlığı ilə bu istiqamətlərin hər hansı biri üzrə tədqiqat mərkəziniin yaratmaq mümkündür.
Digər bir inkişaf istiqamətikimi beynəlxalq əlaqəli ortaq tədqiqat qruplarının yaradılmasını tövsiyə etmək olar.
Necə etmək olar?
Təkliflər və tövsiyələr çoxdur və sayı artacaqdır. Ən önəmli məsələ, bunları necə həyata keçirməkdir. Hər bir məsələ üzrə təcrübəli, beynəlxalq əlaqəsi olan və gənclərin çoxluq təşkil etdiyi işçi qrupları yaradıla bilər. Bu işçi qrupları, araşdırmalar apararaq ilkin layihələr hazırlayır, elmi ictimayətin müzakirəsinə çıxarır, əlavə təkliflər dəyərləndirilir və son layihə qəbul olunur.
Azərbaycan elmində reformalar labüddür, mümkündür və perispektivlidir.
Nuru Bayramov,
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri,
AMEA-nın müxbir üzvü, professor
kitabı