Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-12 13:36:00
“Bağça yaşlı uşaqlara yalnız həll edə biləcəkləri tapşırıqları verin” – Mütəxəssis MƏSLƏHƏTLƏRİ

Uşaqlıq – şəxsiyyətin formalaşdığı ən vacib dövrdür. Bu illərdə uşaq ətraf aləm haqqında ilkin təsəvvürlər qazanır. Oyun uşağı əhatə edən reallıqdır.

Oyun zamanı uşağın öyrənmə prosesi çox  asan və tez baş verir. Bu baxımdan uşaqlar üçün inkişafetdirici oyunlar böyük əhəmiyyət kəsb edir. Hətta müqəddəs kitab  Qurani-Kərimdə də bu barədə yazılıb. Bir hədisdə isə deyilir ki, kiçik yaşlı uşağı olan kəs uşağın xatiri üçün onunla uşaqlaşmalıdır.

AzEdu.az inkişafetdirici ə intelektual oyunların bağça yaşlı uşaqların həyatında rolu barədə mütəxəssislərin məsləhətlərini təqdim edir:

Oyun nədir və onun haqqında nələri bilməliyik?

Hər hansı bir məqsədə yönəlmiş və yönəlməmiş,qaydalı və ya qaydasız şəkildə reallaşdırılan,lakin hər vəziyyətdə uşağın istəyərək və xoşlayaraq etdiyi fiziki, koqnitiv, emosional və sosial vəziyyət oyunun əsasıdır.

Oyun uşaqlarda zehni və fiziki fəaliyyəti artırır

İnkişafetdirici oyunlar uşaqların həyatında ən məşhur əyləncələrdən biridir. Məktəbəqədər yaş dövründə olan uşaq oyun vasitəsilə rəngləri, fiqurların formalarını, fəsilləri, ayları, hərfləri, rəqəmləri, toplama-çıxma əməllərini və xarici dilləri öyrənir. Parlaq əyani vəsaitlər uşaqların diqqətini cəlb edir və oyuna maraq oyadır.

Əgər uşaq kompüter texnologiyası vasitəsi ilə oyunlara cəlb olunursa, valideynlər unutmamalıdır ki, azyaşlı uşaqlara kompüter qarşısında 10-15 dəqiqədən artıq vaxt keçirmək olmaz. Belə oyunların müddəti uşağın yaşına uyğun olaraq qısa olmalıdır.

Yalnız həllini tapdığı tapşırıq uşaqda özünə əminlik hissi yaradar

Tapşırığı uşağa təklif edərkən həmin tapşırığın onun gücünə uyğun olub-olmadığını yoxlamaq lazımdır. Çünki yalnız həllini tapdığı tapşırıq uşaqda özünə əminlik hissi yarada bilər. Uşaq tapşırıq vaxtı çətinliklə rastlaşırsa, ona bir qədər dəstək olun, düzgün  düşünməsi üçün ipucu verin ki, növbəti dəfə tapşırığın öhdəsindən sərbəst gələ bilsin.

Uşaqdan tapşırığın həlli yolunu soruşun, belə etməklə siz ona öz fəaliyyətini şüurlu izah etməyi öyrədəcəksiniz. Hər dəfə onu həll olunmuş tapşırığa görə tərifləyin, onda tədqiqatçılıq hissini oyatmağa çalışın. Yadda saxlayın, bu gün öyrənmək həvəsini uşağa oyun vasitəsi ilə verirsinizsə, gələcəkdə özü də yeni biliklər qazanmağa can atacaq.

Məntiqi oyunların uşaqlara öyrətdikləri

Oynamaq və eyni zamanda intellekti inkişaf etdirmək möhtəşəmdir. Məntiqi tapşırıqlar uşaqlara toplanmış bilikləri təcrübədə istifadə etməyi, düşünməyi, faktları müqayisə və analiz etməyi, mümkün nəticələri təsnif etməyi öyrədir. Bu bacarıqlar uşaqların gələcəkdə məktəbdə qazandığı uğurlara təsir edəcək.

Uşaqlar üçün intellektual oyunları əyləncəyə çevirmək lazımdır

Şəxsiyyətin formalaşlmasında oyunun müstəsna rolu var. Oyun prosesində uşağın emosiyaları dəqiqləşir, bacarıqlarının fərqində olur. Oyun passiv, özünə güvəni az olan uşağı aktivləşdirir, cəsarətləndirir. Oyun qərar vermək, analitik düşünmə, problem həll etmə bacarıqlarını inkişaf etdirir. Uşaq özünə güvənməyi öyrənir, başqalarının haqlarına hörmətlə yanaşır və kollektiv iş görmə bacarığı formalaşır.

Uşaqların maraqlarına uyğun seçilmiş “Özün Rənglə” təsvirləri balacalara pozitivlik bəxş edir, bu yolla balacanın əl motorikası, detallar üzərində uzun müddət diqqətini cəmləməsi bacarığı, təxəyyülü, yaradıcılığı inkişaf edir. “Özün Rənglə” uşaq psixikası üçün  böyük terapevtik effektə malikdir.  Belə ki,  özünü yaradıcılığa həsr edən uşaq bu dövrdə tez-tez baş verən depressiya təhlükəsindən də uzaqlaşır.

Uşaqlarda diqqəti inkişaf etdirmək vacibdir

Məktəbəqədər və məktəb dövründə uşaqların diqqət əksikliyinə və daim diqqətinin yayınmasına tez-tez rast gəlinir. Bu halların qarşısının alınması üçün diqqəti inkişaf etdirən “Fərqi tap”, “Əşyanın digər tayını tap” kimi oyunlar təşkil etmək lazımdır.

Yaddaş uğura aparan yoldur

Mütəmadi olaraq yaddaşı möhkəmləndirən oyunlar oynamaq uşağın məktəb dövründə əldə edəcəyi uğurlara zəmin yaradır. Tapmacalar, müxtəlif rebuslar (sözlərin şəkillərlə təqdim olunması), “Yadda saxla və tap” kimi oyunlar balacaların yaddaşını inkişaf etdirir. Əgər uşağın həvəsi şahmat oyununa yönəlsə, yaddaşın möhkəmlənməsi baxımından gözəl nəticə əldə etmək olar.

Uşaqlar üçün “Puzzle”lar çox faydalıdır

“Puzzle”lar faydalı inkişafetdirici oyunlardır. Bu oyun vasitəsilə uşaqda kiçik motor, fantaziya, rəng anlayışı, səbr, dözümlülük, müşahidəçilik və diqqətini bir yerə toplamaq bacarığı inkişaf edir.

Ümumiyyətlə bir çox eksperimentlərə görə, oyun uşağı tanımada istifadə olunan ən uğurlu metodlardan biridir. Çünki uşaq oyun zamanı sərbəst olur, daxilindəki duyğu və emosiyaları rahat şəkildə biruzə verir. Onun hansı psixoloji  vəziyyətdə olması, situasiyalara necə reaksiya verməsi məhz oyun zamanı üzə çıxır. Uşağın yaradıcılıq imkanlarını ortaya çıxarmaqda oyunun  rolu böyükdür. Oyun oynayarkən  uşaq özünü yaxşı tanımağa başlayır, çətin vəziyyətdən çıxış yolunu  tapmağı bacarır, özünə inam hissi formalaşır, özünü qiymətləndirmə yüksəlir.