Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-08 12:31:00
Xaricdə dövlət hesabına təhsil alan şəxs ölkəyə qayıtmadıqda hansı addım atılır?-MÜQAVİLƏ

 

Xarici ali təhsil müəssisələrində “Dövlət proqramı” çərçivəsində təhsil almaq üçün marciətlərin qəbulu davam edir.

 

Doktorantura pilləsi üzrə həyata keçirilən qəbula müraciəti təsdiqlənən şəxslərin müsahibə mərhələsindən də keçdikdən sonra qəbul aldıqları nüfuzlu ali təhsil müəssisəsində bütün təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq.

 

Proqram iştirakçısı ilə bu çərçivədə müvafiq razılaşdırılma, müqavilə imzalanır  və tələbənin təhsil xərclərinin qarşılanması, onun və proqramın hüquq və öhdəlikləri bu müqavilə vasitəsilə tənzimlənir. Müqaviləyə əsasən, proqram iştirakçısı təhsil, tədqiqat müddətini başa vurduqdan sonra mütləq şəkildə ölkəyə qayıtmalıdır.

 

Bəs iştirakçı ölkəyə qayıtmaqdan imtina etdikdə nə kimi addım atılır?

 

AzEdu.az xəbər verir ki, müqaviləyə əsasən proqram iştirakçısı müddət başa çatdıqdan sonra ölkəyə qayıtdıqda, onunla  müvafiq yerli ali təhsil müəssisəsi arasında əmək müqaviləsi bağlanır.

 

Belə ki, təhsil alan şəxs tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmalı, qayıtdıqdan sonra 10 gün müddətində Təhsil Nazirliyinə və yerli ali təhsil müəssisəsinə məlumat verməli və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə qeyd olunan ali təhsil müəssisəsində  5  il fasiləsiz pedaqoji fəaliyyətlə məşğul olmalıdır.

 

Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

Proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda, yaxud təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır.

 

Qeyd edək ki, proqram iştirakçısının səhhəti ilə bağlı xarici ATM-də təhsilini davam etdirməsi mümkünsüz olduğu halda, o müvafiq məhkəmənin qərarı əsasında bu Müqavilə üzrə çəkilmiş xərcləri ödəməkdən azad edilə bilər.