Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 17:48:00
Universitetlərdəki formal birliklər- Tələbə Gənclər Təşkilatları çoxmu vacibdir?-Ekspertlərdən cavab

 

Həm ölkəmizdə, həm də ali təhsil müəssisələrinin daxilində kifayət qədər gənclər təşkilatları fəaliyyət göstərir.

 

Bu təşkilatlar tələbələri istiqamətləndirir, onların müxtəlif problemlərinin həllinə çalışır, müxtəlif ictimai tədbirlərdə iştiraka cəlb edirlər.

 

Bəs bu təşkilatların tələbələr üçün əsasən nə kimi əhəmiyyəti var? Onların gələcəkdə bunu nə kimi faydalarını görürlər? Ümumilikdə, bu kimi təşkilatlarla bağlı nə kimi yeniliklərə ehtiyac var, daha geniş fəaliyyət üçün hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Bakı Mühəndislik Universitetinin prorektoru, təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlamasında bu təşkilatların fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib:

 

“Universitetlərdə müxtəlif istiqamətlər üzrə gənclər təşkilatları fəaliyyət göstərir. Tələbə Gənclər Təşkilatlları, Tələbə Həmkarlar İttifaqları, eyni zamanda Tələbə Elmi Cəmiyyəti bunlara nümunədir. Bu təşkilarların fəaliyyət istiqamətləri müxtəlifdir. Məsələn, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti tələbələri daha çox elmi tədqiqatlara həvəsləndirmək, ilkin tədqiqat bacarıqlarını gücləndirməklə əlaqəlidir. Amma Tələbə Həmkarlar İttifaqı daha çox birlik, tələbələrin bir-birinə köməkliyi, onların maddi və mənəvi problemlərilə müəyyən mənada maraqlanmaqla bağlı çalışırlar. Tələbə Gənclər Təşkilatı isə müxtəlif sosial, universitet daxilindəki mədəni-ictimai tədbirlərdə aktivliklə bağlı fəaliyyət göstərir”.

 

Prorektor, tələbələr üçün dərslərin vacibliyini vurğulayaraq, sosial aktivliklərin iş dünyasında əhəmiyyətindən danışıb:

 

“Burada onu qeyd edim ki, tələbə üçün ən əhəmiyyətli olan dərsləridir. O müəyyən bir ixtisası öyrənmək üçün universitetə gəlir və məzun olduqdan sonra aldığı diplomu əgər öz biliklərilə sübut etməsə, iş dünyasında özünə yer qazana bilməz. Təhsil həyatında nə qədər aktiv olsa da, məzun olduqdan sonra bunlar artıq keçmişdə qalır. Amma dərsləri yaxşıdırsa, ikinci əhəmiyyətli komponent bu cür ictimai, sosial tədbirlərdə aktivlikdir. Bəzən müsabiqələrdə, seçim prosesində tələbənin akademik göstəricisilə yanaşı, sosial-ictimai fəaliyyətinə də baxılır. Çünki belə tədbirlərdə kollektivlə işləmək bacarıqları mənimsənilir, müxtəlif qabiliyyətlər qazanılır”.

 

Ekspert qeyd edib ki, düzgün istiqamətləndiriləcəyi təqdirdə bu təşkilatların rolu əhəmiyyətlidir:

 

“Burada qazandığı bacarıqlar onun iş həyatında kifayət qədər köməyinə çatır. Bu səbəblə tələbələr universitet həyatında ilk olaraq dərslərinə diqqət etməli, daha sonra istəyinə, qabiliyyətinə görə müxtəlif tələbə dərnəklərində, təşkilatlarında aktiv iştirak etməlidirlər. Gələcəkdə də magistraturaya qəbul olmaq üçün xarici universitetlərə müraciət etdikdə, bu cür fəaliyyətlər diqqətə alınır. Əgər düzgün istiqamətləndirilərsə belə təşkilatlar tələbənin həyatında əhəmiyyətli rol oynayır. Hazırda cəmiyyətdə uğur qazanan insanların əksəriyyəti tələbə olan zaman universitetdə də aktiv, sosial-ictimai tədbirlərdə iştirak edənlərdir. Yəni bunun təsiri inkaredilməzdir”.

 

Təhsil eksperti Adil VəliyevAzEdu.az-a açıqlamasında bu təşkilatların fəaliyyətini dəyərləndirərkən gənclərin enerjisindən doğru istifadə edilmədiyini qeyd edib:

 

“Son illər gənclərlə bağlı müxtəlif ictimai birliklər,QHT və təşkilatlar fəaliyyət göstərir. Sevindirici haldır ki, fəaliyyət sahəsini əsasən gənclik üzərində qurmağı hədəfləyən qurumlar və təşkilatlar var. Bu sistemin fərqli adla bəzi universitetlərdə də olduğunu görürük.Təbii ki, gəncləri bu təşkilatlara cəlb etmək heç də asan iş deyil və bu məsuliyyətli işi öhdənə götürmüsənsə,işin haqqını da verməlisən. Ancaq,təəsüflər olsun gənclərin enerjisindən,düşüncəsindən doğru istifadə edilmir. Hər hansı bir seminar verməklə və ya hansısa bir məşhurla görüş keçirməklə iş yekunlaşmış sayılmır”.

 

O, bu istiqamətdə xarici ölkələrin təcrübəsinə nəzər salaraq görülən işlərər diqqət çəkib:

 

“Kiçik bir araşdırma etdikdə görmək olar ki, xarici ölkələrdə bu kimi təşkilatların üzvləri müxtəlif və fərqli layihələr irəli sürür, fərqli fəaliyyət növləri üzrə kurslar təşkil edir,pis vərdişlərdən uzaqlaşmaq üçün müəyyən maarifləndirici tədbirlər təşkil edilir. Bu təşkilatları sözsüz ki, dövlət dəstəyi, müxtəlif şirkətlər və ya şəxslər tərəfindən də ianələr edilir ki,qarşıda duran problemin həlli üçün həm maraq olsun, həm də maddi problemin qarşısı alınsın”.

 

Ekspert bu təşkilatların fəaliyyətində zəruri olan yenilikləri diqqətə çatdırıb:

 

“Azərbaycan gəncliyi Vətən müharibəsində öz əzmi,iradəsi,ağlı ilə nəyə qadir olduğunu göstərdi. Bu gəncliyin uğurlarını davam etdirməsi isə müasir dövrün tələbinə uyğun olan müxtəlif kurslar,akademiyalar,peşə məktəbləri,universitetlərlə əməkdaşlıq edilməli və kurslar təşkil edilməlidir.Çünki bunun əksi olduqda bir müddət sonra özünü istifadə edilmiş kimi hiss edən kəs,əlbəttə ki, təşkilatdan uzaqlaşacaq. Müxtəlif intellekt oyunlar,əl qabiliyyətinə yönəlik çalışmalar və yarışlar təşkil edilməlidir. Əks halda vaxtını doğru idarə edə bilməyən gənclər,sonda xoşa gəlməz vərdişlərə yönələ bilər”.

 

Son olaraq o,-"Ümid edirəm ki, bu təşkilatlar gənclərimizin narkomaniyaya qarşı mübarizədə və yetkinlik yaşına çatmayan qızların məcburi ailə qurmalarına qarşı da maarifləndirici tədbirlər həyata keçirər.Bu zaman gəncliyimizi böyük bir bəladan xilas etmiş olarlar"- deyə qeyd edib.