Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 12:23:00
Azərbaycanın ən gənc prorektoru - “Əsərlərimə dünyada 100-ə yaxın istinadlar edilib”-FOTO

 

“Əgər elmi tədqiqatın ölkəyə, dövlətə, millətə bir xeyri olmursa, ona ehtiyac yoxdur”

 

2 Fevral Azərbaycan Gəncləri Günüdür. Azərbaycan ali təhsil sistemində təhsilalanların böyük bir qismini gənclər təşkil etsə də, elmi və pedaqoji sahədə fəaliyyət göstərən və bir çox uğurlara imza atan gənclərimizin sayı da az deyil.

 

Onlardan biri də ölkənin ən gənc prorektorlarından olan Lənkəran Dövlət Universitetinin 33 yaşlı prorektoru Elvin Əliyevdir.

 

Fəaliyyəti haqqında AzEdu.az-a danışan gənc prorektor, bununla yanaşı, universitetdə bir neçə vəzifəni də həyata keçirdiyini,tələbələrlə mütəmmadi ünsiyyətdə olmağa üstünlük verdiyini qeyd edib.

 

Prorektor, zəngin təhsil həyatını, müdafiə etdiyi elmi işlər və alimlik dərəcəsini necə alması barədə suallarımızı cavablandırıb:

 

“Orta təhsilimi Astara rayonu Z.Ə.Əhmədzadə adına 2 saylı tam orta məktəbdə almışam. 2006-cı ildə Türkiyə Respublikası Qars Dövlət Qafqaz Universitetinə daxil olmuş, 2010-cu ildə isə oranı bioloq kimi fərqlənmə ilə bitirmişəm. Daha sonra isə eyni ildə Türkiyənin Atatürk Universitetinin Tibb fakültəsi, tibbi biokimya ixtisası üzrə magistratura pilləsinə qəbul oldum. 2012-ci ildə isə bu ixtisas üzrə magistratura işimi müdafiə edərək məzun oldum. Həmin ildə eyni universitet və ixtisas üzrə doktorantura pilləsinə qəbul olmuş, 2015-ci ildə “İnsan bədxassəli xərçəng xəstəliyi” mövzusunda dissertasiya işimi müdafiə edərək alimlik elmi dərəcəmi almışam”.

 

 

O, təhsil həyatını başa vurduqdan sonra Türkiyədəki fəaliyyətindən söz açaraq, çox sayda elmi əsərin müəllifi olduğunu qeyd edib:

 

“Yaxın 10 il ərzində Türkiyənin müxtəlif dövlət və özəl xəstəxanalarında ixtisasım üzrə fəaliyyət göstərmişəm. Universitetdə elmi tədqiqat işləri üzrə bir çox layihələrin iştirakçısı olmuşam,eyni zamanda Tibbi biokimya kafedrasında 5 ilə yaxın elmi-pedaqoji fəaliyyət göstərmişəm. Ümumilikdə, 50-ə yaxın elmi əsərim mövcuddur, bunların böyük əksəriyyəti xarici ölkələrdə dərc olunub və "Web of science" bazasına daxil olan impakt faktorlu əsərlərdir. Həmin əsərlərimə Amerika, İngiltərə kimi bir çox dünya ölkələrindən 100-ə yaxın istinad verilmişdir”.

 

Prorektorun Azərbaycanda da elmi fəaliyyətin zənginliyi xüsusi diqqət çəkir:

 

“Azərbaycanda isə Səhiyyə Nazirliyinin “Sağlam ailə” tibb mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasında insan genetikası üzrə Genetik Ehtiyatlar İnstitutunda çalışmışam. Orada ilk dəfə “İnsan genetikası” bölməsi yaradılıb və onun rəhbəri olmuşam. Daha sonra Lənkəran Dövlət Universitetinə dəvət alaraq, burada elmi katib, Elm  və tədqiqat işləri şöbəsinin müdiri, 2019-cu ildən isə prorektor vəzifəsində çalışıram. Eyni zamanda kafedra müdiri və 2017-ci ildən etibarən dosent kimi fəaliyyət göstərirəm, Ali Attestasiya Komissiyasından dosent ünvanı almışam”.

 

“Gələcək üçün böyük hədəflərimiz var, çətinliklərin də olacağını bilirik”:

 

“Əlbəttə, hər bir iş yerində müsbət və mənfi istiqamətlərdə çətinliklər mövcuddur. Nəzərə alaq ki, universitetimiz son illərdə müsbət şəkildə, həm tələbə, həm də elm yönümlü dünya standartlarına uyğunlaşma ilə bağlı mükəmməl bir dəyişim göstərir. Bu dəyişimə gedərkək, təbii olaraq çətinliklərlə qarşılaşmaq mümkün olur, ancaq bütün bunların öhdəsindən layiqincə gəlməyə çalışmışıq. Gələcək üçün də böyük hədəflərimiz var və bu istiqamətdə də müəyyən çətinliklərin olacağını bilirik, amma bunlar nəticəyə təsir göstərəcək böyüklükdə deyil”.

 

 

Gənc prorektor tələbələrlə ünsiyyətindən danışaraq, universitetin bu istiqamətdə fəaliyyətinə diqqət çəkib:

 

“Universitetimizdə sadəcə, mənim deyil, rektor başda olmaqla bütün prorektorlarımızın qapısı daima açıqdır. Yəni, tələbə  hər hansı bir qəbula yazılmadan, birbaşa rektorun, prorektorun otağına daxil ola və müraciət edə bilər.

Həmçinin, rektor demək olar ki, hər gün bütün korpusları ziyarət edir. Tələbələr mütəmadi olaraq universitet rəhbərliyi ilə ünsiyyətdədirlər, burada heç bir ikinci şərt əlavəsi yoxdur. Eyni zamanda, məndə də belədir, tələbələr həm universitetin kampusunda, həm də iş otağında istənilən zaman müraciətlərini ünvanlamaq imkanına sahibdirlər. Onlar müxtəlif mövzularla bağlı məsləhət alır, hətta öz təkliflərini səsləndirə bilirlər”.

 

Son olaraq o, Azərbaycan gənclərinə elmi tədqiqat istiqamətində öz tövsiyələrini verib:

 

“Azərbaycanda gənclərimiz üçün kifayət qədər elmi mühit yaradılıb. Məsləhət görürəm ki, bu yaradılan  mühitdən maksimum dərəcədə faydalansınlar. Real, dövrün tələblərinə uyğun elmi tədqiqatlar aparsınlar. Çalışdıqları elmi tədqiqat işlərində ölkəmizin prioritet istiqamətlərini mütləq diqqət mərkəzində saxlasınlar. Yəni ölkənin strateji inkişaf planlarını, Prezidentin elmi istiqamətdə sərəncamlarını daim nəzərdə saxlasınlar. Düşünürəm ki, əgər elmi tədqiqatın ölkəyə, dövlətə, millətə bir xeyri yoxdursa, ona ehtiyac yoxdur.

Eyni zamanda, Aziz Sancar kimi dünyaca məşhur elm adamlarının təcrübələrindən də mütləq şəkildə yararlansınlar. Elm elə bir şeydir ki, mütəmadi olaraq dəyişir. Hər an özümüzdə yenilik etməli, dəyişimlərə açıq olmalıyıq. Bunu etməsək geridə qalacağıq”.