Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 09:01:00
Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri “Ekol Mühəndislik Xidmətləri”ndə təcrübə keçir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri “Ekol Mühəndislik Xidmətləri” QSC-də istehsalat təcrübəsi keçir.

QSC-dən AzEdu.az-a bildirilib ki, Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin IV kurs tələbələri avqustun 10-dan “Ekol Mühəndislik Xidmətləri” QSC-nin tullantıların emalı departamentinin 6-cı sahəsində, Heydər Əliyev adına neft emalı zavodundan (NEZ) daxil olan sənaye axıntı sularını təmizləyən təmizləyici qurğuların yerləşdiyi sahədə istehsalat təcrübəsi keçir.

Əvvəlcə tələbələr əməyin mühafizəsi və texniki, yanğın təhlükəsizliyi ilə tanış edilib. Təcrübə müddətində QSC-nin ekoloji monitorinq departamentinin rəisi, təcrübəli mütəxəssis, ekoloq, istehsalat-təcrübə rəhbəri Şahabiddin Albuşov tələbələrə “Ekol Mühəndislik Xidmətləri”nin fəaliyyəti barədə məlumat verib, onları sənaye-axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, eləcə də texnoloji qurğuların iş prinsipləri ilə yaxından tanış edib.

Həmçinin tələbələr neftşlam emal edən “Alfa-Laval” şirkətinin dekantor və “Pieralisi” şirkətinin trikantor qurğularında emal prosesləri ilə yaxından tanış olub. Onlara QSC-də ətraf mühitin mühafizəsi istiqamətində həyata keçiriləcək yeni layihələr barədə məlumat verilib.